Erkən nikahların çoxsaylı fəsadları
27 İyun 2018 12:49 SosialBəzi atalar qeyri-rəsmi nikahdan doğulan uşaqlarına soyadlarını vermək istəmirlər
Ölkə qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. Statistik məlumatlara əsasən Azərbaycanda bir il ərzində təxminən 15 yaşına çatmayan beş minə qədər qızın ailə qurması barədə informasiyalara rast gəlinir. Bu yaşda uşaqlar isə hələ ailə məfhumunun mahiyyətini anlamır. Gənc qızlar ailənin nə demək olduğunu dərk etsə də, onlar erkən yaşda ərə getmək haqda yox, uşaqlığını yaşamaq və təhsil almaq haqqında düşünürlər. Lakin, yenə də mentalitet dediyimiz adət-ənənələr hələ nikah yaşında və həvəsində olmayan bir qıza valideynlərinə etiraz etməyə imkan vermir. Beləcə, könülsüz ailə qurulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu, həmçinin 1989-cu il tarixli Uşaq hüquqları haqqında Konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Məhz bu kimi amillər nəzərə alınaraq UNİSEF-in təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-dən qadın üçün nikah yaşı 17-dən 18-ə qaldırıldı. Bu, həmçinin Uşaq Hüquqları Konvensiyasına da uyğundu. BMT-nin Uşaq Fondu hökumətin dini liderlərlə yaxından əməkdaşlıq edərək, insanların hazırkı düşüncə tərzinin dəyişdirilməsinə nail olmağa çağırıb. Lakin bütün sadalananlara baxmayaraq, hazırda daha çox azərbaycanlı erkən nikahları məqbul hal sayır. Rəsmi məlumata əsasən Azərbaycanda 2011-ci ildə 5138, 2012-ci ildə 295, 2013-cü ildə 229 erkən nikah faktı qeydə alınıb. 2014-cü ildən isə ölkədə erkən nikahlarda artım müşahidə olunur. Belə ki, 2014-cü ildə erkən nikahların sayı 479 təşkil edib. 2015-ci ildə bu rəqəm bir qədər azalaraq 388 olub. 2016-cı ildə isə ölkədə 312 erkən nikah qeydə alınıb. Nəticədə 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2012-ci ildə 3236, 2013-cü ildə 2855, 2014-cü ildə 3296, 2015-ci ildə 2895 nəfər, 2016-cı ildə isə 2809 olub. Bir daha xatırladaq ki, ailə qanunvericiliyinə görə, respublikada nikah yaşı 18-dir. Üzürlü səbəblər olduqda nikaha daxil olmaq istəyən nikah yaşına çatmayan şəxslərə yaşadıqları ərazinin qeydiyyat şöbəsi orqanı onların xahişi ilə qeydiyyat yaşının bir ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Nikah bağlama şərtlərinə görə, tibbi müayinədən keçməlidirlər və bunu təsdiq edən arayış olmalıdır. Mütəxəssislər hesab edirlər ki, ilk növbədə qızların erkən yaşda ərə verilməsinə, təhsildən yayınmasına şərait yaradan yanlış dini təsəvvürlərin, stereotiplərin aradan qaldırılması üçün dövlət orqanları və vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyəti gücləndirilməlidir. Valideyn məsuliyyətsizliyinin qarşısının alınması, onlara bilik və bacarıqların öyrədilməsi sahəsində maarifləndirmə işinin daha da gücləndirilməsi vacibdir. Xatırladaq ki, həssas qruplara aid olan uşaqların iqtisadi, sosial və mədəni hüquqlarının qorunmasını təmin etmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində, 11 rayonda Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların müəyyənləşdirilməsi və onların ailələrinin yaşayış səviyyəsinin yüksəldilməsi ilə məşğul olan mərkəzlər həmin ailələri mövcud sosial xidmətlərlə əlaqələndirir.
Sosioloqlar hesab edirlər ki, qızın özünün erkən yaşda kimisə sevməsi, ona qoşulub qaçması çox nadir hallarda rast gəlinir. Bəzi valideynlər qızı erkən yaşda - məktəbi qurtaran kimi ərə verirlər. Bu isə sevgi əsasında olmur. Bu, qızın şəxsi qərarı deyil. Qız erkən yaşda sevərək ərə getməyibsə, ola bilsin ki, müəyyən müddətdən sonra qarşısına çıxan kiməsə qarşı sevgi yarana bilər. Bu zaman artıq xəyanət edə bilər, ailə münaqişəsi yaranar, ərindən imtina edər, boşanmaq üçün kritik həddə gəlib çıxa bilərlər. Erkən nikahlar sonradan xəyanət, ailənin dağılması ilə nəticələnir. Və yaxud ailədə qısqanclıq və başqa konfliktlər dözülməz həddə olur. Psixoloji olaraq qadınlar 15-18 yaşlarda ailə qurmaq üçün hazır olmur. Baxmayaraq ki, xanımlar bu yaşda formalaşır, qarşı cinslə maraqlanır. Bunlar, sadəcə uşaqlıq əyləncəsidir. Sonunu düşünmək ağıllarına gəlmir. Ailə həyatına adaptasiya ola bilmirlər. Erkən yaşda kimisə sevmələri yeniyetməlik krizində sevgiyə olan ehtiyaclarını göstərir. Psixoloji cəhətdən isə ailə həyatına hazır olmaq oğlanlarda 25 yaşdan başlayır. Qızlar isə 20-25 yaş arasında ailə həyatı üçün formalaşırlar. 30 yaşdan yuxarı xanımlar ailə həyatına nə qədər hazır olsalar da, tibbi cəhətdən problemlər yarana bilir. Hamiləliklə, sonsuzluqla, uşağın dünyaya gəlməsi ilə bağlı problemlər yaranır. Araşdırmalara görə, regionlarda, əsasən də cənub rayonlarında azyaşlı qızların ərə verilməsi halları daha çoxdur. Bəzi rayonların əksər məktəblərində 14-15 yaşında qızlar dərsə gəlmir. Ya nişanlı olduğu, ya da ərə getdikləri üçün onlara təhsilini davam etdirməyə qoymurlar. Fizioloji baxımdan analıq dövrü üçün ən azı 18 yaş həddi normal qəbul olunub. 18 yaşdan aşağı yaşda hamilə olduqda bətndəki uşağın inkişafı ləngiyə və ya anomal uşaq dünyaya gələ bilər. Eləcə də, orqanizmdə hormonal balanslaşma pozulur. Bu da qadının tez yaşlanmasına və xəstəliklərə tutulmasına səbəb olur.
Maraqlıdır, bəs nikahdankənar doğulan uşaqlar hansı problemlərlə üzləşirlər? Əvvala qeyd edək ki, Azərbaycanda qanunvericilik qeyri-rəsmi nikahdan doğulan uşağa anasının soyadının verilməsinə imkan verir. Amma bir çox analar bu cür uşaqların daha çox öz doğma atalarının soyadında qeydiyyata alınmasını istəyirlər. Bu da ciddi problemlər yaradır. Azərbaycan qanunvericiliyində rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların hüquqları ilə rəsmi nikahdan doğulan uşaqların hüquqları bərabər olsa da, təcrübədə müəyyən çətinliklər ortaya çıxır. Qadınlar bu cür uşaqlarla bağlı müəyyən çətinliklərlə rastlaşırlar. Təbii ki, qanunvericilik yol verir ki, həmin uşaq anasının soyadında qeydiyyata alınsın və ona doğum haqqında şəhadətnamə verilərkən uşağın soyadı ananın soyadı kimi müəyyən olunsun. Ata qrafasında isə ananın göstərişi ilə atanın adı yazılsın. Ancaq bir çox analar uşaqlarına öz soyadlarını deyil, uşağın atasının soyadını vermək istəyirlər. Bəzən atalar qeyri-rəsmi nikahdan doğulan uşaqlarına öz soyadlarını vermək istəmirlər. Kişilərin öz uşaqlarına soyad verməsindən imtina etməsinin əsas səbəbi alimentlə bağlı olur. Bəzi atalar məhkəmə vasitəsilə öz uşaqlarından imtina edirlər. Belə hallar çoxdur. İmtinanın səbəbi kimi də göstərirlər ki, uşaqlarına görə alimentin təyin olunmasını istəmirlər. Digər tərəfdən, sabahkı gündə varislik məsələsi də ortaya çıxa bilər. Əgər uşaq atasının soyadında deyilsə, o, artıq atasının varisi hesab edilməyəcək. Odur ki, insanlar belə halların baş verməməsi üçün daha ciddi, məsuliyyətli olmalı, qeyri-rəsmi nikahdan uşaq doğulmasının sonradan hansı fəsadlar yarada bilməsini başa düşməli, rəsmi nikah əsasında ailə qurmalıdırlar. Məlum olduğu kimi bu gün Azərbaycanda kəbin əsasında ailə quranlar da var. Hətta bəzi şəxslərdən rəsmi nikaha daxil olduğunu soruşanda, kəbin əsasında ailə qurduqlarını deyirlər. Belə kəbinlərin fərqləndirilməməsi insanlarda müəyyən problemlər yaradır. Bu istiqamətdə geniş maarifləndirmə işləri aparılmalıdır ki, mövcud problemləri aradan qaldırmaq mümkün olsun.
Zəka