Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır- ÖZƏL

"Vətən Müharibəsindən, yəni suveren ərazilərimizin bərpasından sonra cənab Prezident İlham Əliyevin apardığı düşünülmüş xarici siyasət sayəsində ölkəmiz regional güc kimi beynəlxalq platformalarda tamamilə başqa bucaqdan öz təmsilçiliyini ortaya qoydu. Belə ki, istər siyasi, istərsə də iqtisadi sahələrdə ölkəmiz artıq etibarlı tərəfdaş kimi tanınır, seçilir". "Olaylar" xəbər verir ki, bunu YAP Qax rayon təşkilatının sədr müavini İlkin Abbasov deyib: "Dünyanın bir çox güc mərkəzləri Azərbaycanla tərəfdaşlığın vacibliyini enerji təhlükəsizliyi, logistika, həmçinin qurduğu siyasi, hərbi və iqtisadi ittifaqların siyasi və hərbi ağırlığı prizmasından dəyərləndirmək və qəbul etmək məcburiyyətində qalır. Cənab Prezident düşünülmüş bu taktika və strategiyaların əhatə dairəsini gün keçdikcə genişləndirir. Əgər dünənə qədər ölkəmizə kolonial coğrafi məkan gözü ilə baxılırdısa, artıq bu gün maraqların toqquşduğu müstəvilərdə tarazlığı dəyişəcək rəqib, ya da tərəfdaş kimi yanaşılır.

Hazırda Azərbaycanın Türk Dünyasında rolu danlmazdır və ölkələrimizin maraqlarının təmin edilməsi fonunda yüksələn məcrada sürətlə inkişaf edir, dosta qürur, düşmənə göz dağı verir. Türk Dünyası beynəlxalq müstəvilərdə sözünü deyəcək güc olma yolunda sürətlə irəliləyir və bu irəliləyiş Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin, yəni qardaşlarımızın və ölkəmizin yeganə pənah yoludur. Müharibələrdən, işğallardan, ölümlərdən vətənimizi qorumağın ən doğru yolu məhz bu istiqamətdədir. Cənab Prezident İlham Əliyevin də Türk Dövlətləri Təşkilatı haqqında dediyi kimi: "Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31