Elektrik xəttindən regional enerji şəbəkəsinə: TRIPP-in böyük perspektivi- ÖZƏL

"Azərbaycan və Ermənistanın elektrik sistemlərinin əlaqələndirilməsi ilk növbədə iki ölkə arasında iqtisadi asılılığı və əməkdaşlığı artıran praktiki addım ola bilər. Artıq avqustun 25-də Laçında tərəflərin elektrik enerjisinin idxalı və ixracı, həmçinin dövlət sərhədində enerji sistemlərinin birləşdirilməsi imkanlarını müzakirə etməsi göstərir ki, məsələ yalnız siyasi bəyanat səviyyəsində qalmır, texniki müstəvidə də araşdırılır.
Azərbaycan üçün bunun əsas üstünlüyü elektrik enerjisinin ixrac coğrafiyasının genişlənməsi ola bilər. Azərbaycanın generasiya imkanları artdıqca, Ermənistan bazarı əlavə satış istiqamətinə çevrilə bilər. Ermənistan üçün isə Azərbaycanla əlaqə elektrik enerjisinin çatışmazlığı və ya pik tələbat dövrlərində əlavə mənbədən enerji almaq imkanı yarada bilər. Yəni sistemlərin birləşdirilməsi hər iki ölkəyə ehtiyac yarandığı vaxt bir-birindən elektrik almaq və artıq enerjini satmaq imkanı verə bilər".

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı  Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:

" Daha böyük əhəmiyyət isə bunun TRIPP çərçivəsində regional enerji şəbəkəsinə çevrilməsi ehtimalıdır. TRIPP layihəsinin çərçivə sənədində elektrik layihələri ilə yanaşı dəmir yolu, avtomobil yolu, neft-qaz kəmərləri və fiber-optik infrastrukturlar da nəzərdə tutulur.  Bu o deməkdir ki, söhbət sadəcə  Azərbaycan-Ermənistan arasında elektrik xəttindən deyil, gələcəkdə Cənubi Qafqazın enerji sistemlərinin daha geniş şəkildə əlaqələndirilməsindən gedə bilər.
Belə bir şəbəkə Azərbaycanın əsas enerji sistemini Naxçıvan, Ermənistan və Türkiyə istiqaməti ilə daha sıx əlaqələndirə bilər. Bu isə Azərbaycanın elektrik enerjisi ixracında yeni marşrutlar yaratmaq imkanını artırar. Eyni zamanda Ermənistan üçün də yeni tranzit və enerji ticarəti imkanları yarana bilər. Azərbaycanın Naxçıvanla enerji sistemini TRIPP marşrutu vasitəsilə birləşdirməyə yönəlmiş layihələr üzrə hazırlıqlar apardığı bildirilir.
Əgər gələcəkdə bu xətt Türkiyənin və Avropaya yönələn enerji dəhlizlərinin sisteminə qoşularsa, Azərbaycan üçün elektrik enerjisi ilə yanaşı yaşıl enerjinin ixracı baxımından da əlavə imkanlar yarana bilər. Xüsusilə Xəzər regionunda istehsal olunacaq külək enerjisinin Qafqaz üzərindən Türkiyə və Avropa bazarlarına çıxarılması üçün əlavə bağlantılar formalaşa bilər.
Amma bunun üçün təkcə xəttin çəkilməsi kifayət deyil. İki ölkənin elektrik şəbəkələrinin texniki uyğunlaşdırılması, tezlik və balanslaşdırma məsələləri, enerji ticarəti qaydaları, tariflər və siyasi etimad mexanizmləri həll edilməlidir. Ona görə bu layihənin ən böyük iqtisadi nəticəsi qısa müddətdə elektrik qiymətlərinin dəyişməsi yox, uzunmüddətli perspektivdə Cənubi Qafqazda vahid və daha çevik enerji bazarının formalaşmasına şərait yaratması ola bilər.
Əslində, elektrik şəbəkələrinin birləşdirilməsi siyasi baxımdan da mühüm addımdır. Çünki bir ölkənin digər ölkənin enerji sistemindən istifadə etməsi qarşılıqlı etimad və sabitlik tələb edir. Bu səbəbdən Azərbaycan-Ermənistan elektrik əlaqəsi həm iqtisadi layihə, həm də iki ölkənin normal münasibətlərinin praktik əsaslarını möhkəmləndirən mexanizm kimi qiymətləndirilə bilər. TRIPP-in əsas potensialı da məhz buradadır: nəqliyyat, enerji və kommunikasiya infrastrukturlarını bir-birinə bağlayaraq Cənubi Qafqazı sadəcə tranzit ərazi deyil, qarşılıqlı enerji və ticarət əlaqələrinin mərkəzinə çevirmək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31