Bakı-Daşkənd əməkdaşlığı: geosiyasi və geoiqtisadi imkanlar genişlənir- ÖZƏL
18:45 SiyasətAzərbaycan Prezidentinin Özbəkistana səfəri iki ölkə arasında 2024-cü ildə imzalanmış Müttəfiqlik Müqaviləsindən sonra münasibətlərin yeni mərhələsinin rəsmiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində imzalanan sənədlər və Ali Dövlətlərarası Şuranın fəaliyyəti siyasi, iqtisadi və institusional əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir.
Azərbaycan-Özbəkistan müttəfiqliyinin güclənməsi regionun geosiyasi proseslərinə necə təsir edəcək?
Yeni sənədlər və Ali Dövlətlərarası Şura iki ölkənin iqtisadi və siyasi əməkdaşlığına nə vəd edir?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlaama verib:
" Öncə onu qeyd etməliyik ki, Azərbaycan Prezidentinin Özbəkistana səfəri və Ali Dövlətlərarası Şuranın üçüncü iclası Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən geoiqtisadi arxitekturanı gücləndirir. Bu istiqamətdə yeni üfüqlərin açılmasına vəsilə olur. Eyni zamanda bu müttəfiqlik Orta Dəhlizin inkişafına, yaşıl enerji layihələrinə və Türk Dövlətləri Təşkilatının mövqeyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Mərkəzi Asiya arasındakı əlaqələr genişlənərək Avrasiya miqyaslı təbii tərəfdaşlığa çevrilir. Bu birlik Türk dünyasının güc mərkəzi kimi formalaşır. Həmçinin iki ölkənin koordinasiyalı fəaliyyəti Türk Dövlətləri Təşkilatının qlobal və regional çəkisini artırır. Çin-Qırğızıstan-Özbəkistan marşrutunun Orta Dəhlizlə əlaqələndirilməsi regionun nəqliyyat xəritəsini yenidən formalaşdırır. Habelə ölkələr qarşılıqlı ticarət həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir ki, bu da ticarət və iqtisadiyyatın inkişafı deməkdir. Və Özbəkistan-Azərbaycan İnvestisiya Fondu sənaye, kənd təsərrüfatı və infrastruktur sahələrində birgə layihələri maliyyələşdirir. Bütün bunların fonunda Azərbaycan, Özbəkistan və Qazaxıstan bərpa olunan enerjinin Xəzər dənizi vasitəsilə Avropaya nəqli üzrə birgə səy göstərir. İmzalanan "Əbədi dostluq" və müttəfiqlik sazişləri əməkdaşlığı uzunmüddətli və dönməz siyasi müstəviyə keçirir ki, bu da hər iki ölkənin güclü və sıx əməkdaşlığının daha da genişləndirilməsi və regionda geosiyasi proseslərə aktiv təsir imkanları qazanmaq deməkdir. İqtisadi və siyasi əməkdaşlığı tarixi köklər, soy, din, dil, mədəniyyət yaxınlığı və ortaqlığı daha da möhkəmləndirir, hər iki ölkəni bir-birinə daha da sıx bağlayır. Azərbaycan Respublikası Prezidentinin yürütdüyü səmərəli, dinamik xarici siyasət təkcə Özbəkistanla deyil, digər ölkələrlə də faydalı münasibətlərin qurulmasına vəsilə olur ki, bu da nəticədə Azərbaycanın həm regionda həm də dünyada böyük nüfuz və güc sahibi kimi təqdim olunmasına yol açır".
Zeynəb Mustafazadə