Cəmiyyətin təhsilə münasibəti dəyişməlidir
21 İyun 2018 15:25 SosialCeyhun Bayramov: "2020-ci ilə qədər məktəbəhazırlığın əhatəlilik səviyyəsinin 90 faizə çatdırılması nəzərdə tutulur"
İyunun 21-də Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib.
Olaylar.az bildirir ki, tədbirdə Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ali məktəblərin rektorları, media kapitanları və QHT təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Təhsil İnstitunun direktor əvəzi Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi, əhatəliliyi və əldə olunan nailiyyətlərlə bağlı iştirakçılara ətraflı məlumat verib. "Azərbaycanda 4500 məktəb var və onlardan 1500-də şagirdlərin sayı 100-dən azdır. 2500 məktəbdə 200 və daha aşağı, 1500 məktəbdə isə 100-dən aşağı şagird təhsil alır.
2012-ci ildə 6 yaşdan yuxarı uşaqların məktəbə gec getməsi halları 12 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 6 faiz olub. 2017-ci ildə Azərbaycanda təhsil alan şagirdlərin sayı 1 522 487 nəfər olub. Ən çox şagirdi olan rayon Sabunçu (62 374), ən az şagirdi olan rayon Sədərək (1 287) olub".
Emin Əmurullayev çıxışı zamanı qeyd etdi ki, 2017-ci ildə ali məktəbə qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal artaraq 177-dən 239-a yüksəlib. "2017-ci ilin qəbul imtahanlarında cari ilin məzunlarının 44 faizi 200 baldan az toplasa da, bu göstərici əvvəlki illərdə məzun olmuş abituriyentlərdə 65 faiz olub. Lakin 200-dən yuxarı bal toplayanların çəkisinin illər üzrə dinamikasına baxdıqda bu faizin əhəmiyyətli dərəcədə artdığını görmək olar. Sevindirici haldır ki, hər il qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı artır"
Bundan əlavə Emin Əmrullayev bildirdi ki, ötən illə müqayisədə təmayülləşmə üzrə məktəb sayı 6 dəfə, sinif və şagird sayı isə 4 dəfə artıb. "Azərbaycanda pilot olaraq 27 min şagird təmayülləşməyə cəlb olunub. Bunun nəticələrini yaxın illərdə görəcəyik".
Təhsil naziri Ceyhun Bayramov "Təhsil sistemi-vəzifələr və hədəflər" mövzusunda çıxışı zamanı vurğuladı ki, ali təhsil müəssisələrinə qəbul üzrə əsasən 2 dəyişiklik nəzərdə tutulur. dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış "Abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır".
Bu haqda iştirakçılara ətraflı məlumat nazir bildirdi ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə birlikdə iş aparılır. Nazir gələn ildən tətbiq ediləcək yeni qəbul modelinin üstünlüklərini açıqlayaraq qeyd edib ki, buraxılış imtahanlarının nəticələri ali məktəbə qəbulda nəzərə alınacaq. Məzunlar daha az sayda fəndən imtahan verəcəklər. İmtahan fənlərinin sayı 5-dən 3-ə düşəcək.
Ceyhun Bayramov çıxışı zamanı qeyd etdi ki, son illər ərzində ali təhsil sistemində beynəlxalq səviyyədə akkreditasiya olunan, dünyanın xarici ali təhsil müəssisələri ilə ikili diplom tətbiq edilən birgə proqramların sayı artmaqdadır. "Bu tipli proqramların dünyanın aparıcı ali təhsil müəssisələrində tətbiq edilməsi azərbaycanlı tələbələrə məhz beynəlxalq səviyyədə akkreditasiya olunmuş proqramlar nəticəsində həmin xarici ali məktəblərə qəbul imkanları verir: "Belə olan təqdirdə, biz azərbaycanlı tələbələrə bu imkanları yaratmadıqda onlar üçün süni maneələr törədirik. Bu nə təhsil sistemimiz, nə də dövlət siyasətimiz baxımından qəbulolunandır. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməlidir"
Nazir bildirib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, 5 il bundan əvvəl ilə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin həm əhatəliliyin artması, həm də keyfiyyətin və ya bərabər imkanların yaxşılaşması ilə nəticələndiyini vurğulayan nazir təhsilimizin daha əlçatan, keyfiyyətli, gələcəkdə iqtisadiyyatımızın güclü və vətəndaşlarımızın rifah səviyyəsinin yüksək olmasına zəmin yaratdığını vurğulayıb.
2020-ci ilə qədər məktəbəhazırlığın əhatəlilik səviyyəsinin 90 faizə çatdırılmasının nəzərdə tutulduğunu deyən təhsil naziri həmçinin bu istiqamətdə digər hədəfin keyfiyyətin yaxşılaşdırılması olduğunu və artıq bununla bağlı bir sıra layihələrin həyata keçirildiyini bildirib.
Müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlərin davam etdiriləcəyini bildirən təhsil naziri sertifikasiya mexanizminin tətbiqinin təhsildə keyfiyyət baxımından nailiyyətlər əldə edilməsi üçün vacib olduğunu deyib.
AMEA prezidenti, akademik Akif Əlizadə çıxışı zamanı bildirib ki, ali məktəblərin statusları bir-birindən fərqlənməlidir. Bunun üçün xarici ölkələrin təcrübəsi nəzərə alınaraq təhlillər aparılmalıdır.
"Azərbaycanın ali məktəblərində bir qədər orta təhsil davam etdirilir. Bu sahədə dəyişikliklərin edilməsi üçün AMEA ilə birlikdə müzakirələr aparmaq lazımdır. AMEA-da magistratura və doktorantura imtahanlarında TOEFL və IELTS-dən istifadə olunur. Hesab edirəm ki, ali təhsil müəssisələrində də TOEFL və IELTS-dən imtahan keçirilməlidir. Bununla da gənclərin ingilis dili biliklərinin artırılmasına nail olmaq mümkündür".
Tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov bildirdi ki, Azərbaycanda böyük islahatlar keçirilir. Məmnunluq hissi ilə qeyd edirəm ki, təhsildə qarşıya qoyulan məqsədlər keyfiyyətə nail olmaq məqsədi daşıyır. Bu, dövlətin qüdrətinin artmasına da kömək edir.
"Hər şeydən əvvəl cəmiyyətin təhsilə münasibəti dəyişməlidir: "Bu, təhsil sahəsində gözlədiklərimizin həyata keçməsinə kömək edəcək. Müəllim nüfuzunun artırılması, müəllimin əməyinin qiymətləndirmə formasının dəyişdirilməsi də təhsilin nüfuzunun artmasına kömək edir. Azərbaycan əhalisinin 1,3 faizi tələbələrdir. Mən təhsildə özəlləşdirmə prosesinin sürətləndirməsinin tərəfdarıyam. Bu istiqamətdə fəaliyyətimizi artırmalıyıq. Burada kiçik məktəblər problemindən danışıldı. Bu, məktəb səviyyəsinə təsir edən amillərdən biridir. Təbii ki, belə məktəblərdə yüksək keyfiyyətli təhsildən danışmaq olmaz. Universitetlərdə də təhsilin keyfiyyətinin artırılması üçün onlara sərbəstlik verilməsində fayda var. Tələbələrin qəbulu ilə bağlı reqlamentləşməyə, planlaşmaya ehtiyac var. Qeyd etdiyim kimi, əhali nisbətinə görə tələbə sayı azdır. Daha çox əhali kütləsi universitet təhsili ilə əhatə olunmalıdır".
Nigar Adil