İctimai nəqliyyat "qurbanları"
21 İyun 2018 12:28 SosialHər şey beyində başlayır və beyində bitir.
- Get, sənin böyüyün gəlsin...
- Böyüyüm mən özüməm.
- Ay qız, sakit ol. - xala "məsələyə" qarışır
- Ay qız deyil!
və "şortik davası" başlanır...
İctimai nəqliyyatda bu formalı dialoqlara tez-tez rast gəlinir. Bir çoxu gizlin çəkilişlərlə üzə çıxarılaraq gündəmdə özünə xüsusi yer tapsa da, əksəriyyətindən xəbərsiz qalırıq. Vəhşiləşməyə doğru gedən cəmiyyətdə metronun, avtobusun dili olsa da danışsa...
İctimai nəqliyyatın gözü və ağzına çevrilən gizlin çəkilişlər (bunun da nə qədər doğru olduğu mübahisəli məsələdir) vasitəsilə ortaya çıxan bu cür vəziyyətlər öz bərabərində "haqlı", "haqsız" axtarışını da başladır.
Hadisənin mərkəzində həyatını cəmiyyətin rəyi ilə formalaşdırmadan, bir çoxlarının alışdığı mental ənənələrə üsyan edərək yaşamağı seçən, yaxud yaşamağa çalışan gənc qız dayanır. Necə geyinərək evdən çıxmaq hər kəsin özünün və ailəsinin seçimidir. Kənar şəxslərin bu seçimə müdaxiləsi yanlış və qəbuledilməzdir. Lakin əsas olan geyimdə deyil, onu düşüncə olaraq hansı formada üstündə daşımaqdadır. Yəni özündə olan mədəniyyəti və etik davranışı qoruduğun müddətcə geyimə görə gələn mənfi şərhlər də, bir o qədər azalacaq. Boş yerə deməyiblər ki, insanı geyiminə görə qarşılayıb ağlına görə yola salırlar.
Heç bir rəsmi qərar olmadan özbaşına kimisə cəzalandırmaq bilirsiz nədir? Linç etmək.
Hadisənin digər tərəfində özü ilə eyni ictimai nəqliyyatdan istifadə etdiyi üçün özü ilə eyni sosial təbəqədə olduğunu analiz edərək gənc qızı sözləri ilə linç etmə cəsarətini tapan gənc oğlan dayanır. Əxlaq anlayışı inkişaf etmiş bir adam başqa insanların əxlaqi dəyərlərinə müəyyən bir kütlə içərisində müdaxilə etməz. Əks təqdirdə kütlə haqlı hesab etdiyi kəsin tərəfinə keçəcək və bununla da təklənmiş fərd cəmiyyət tərəfindən linç ediləcək. Bu cür təzyiqə məruz qalan biri, hər zaman ondan istəniləni, ən azından etməməsini istəniləni edəcəkmi? Siz haqlısınız deyib vərdişlərindən uzaqlaşacaqmı? Öz xarakterindən çatışmazlıqları çıxardacaqmı? Xasiyyətində dəyişikliklər edəcəkmi?
Deyək ki, ən yaxşı halda etdiyi hərəkətdən peşiman olacaq. Bəs əks təqdirdə?
Cəmiyyətə qarşı daha da aqressiv olacaq. Bəlkə özünə qapanacaq, bəlkə də intihar edəcək. Bəs bu insanın qatili kim olacaq? İctimai qınaq, yaxud da cəmiyyət.
"Ağsaqqal sözü, ağbirçək öyüdü"
Səhvlər yalnız gənclərdə axtarılır. İki gənc cəmiyyət içində hər kəsin diqqətini çəkəcək və hər kəsi narahat edəcək tərzdə mübahisə edirsə, həyat təcrübəli böyüklər ya səssiz qalaraq hər kəs kimi hadisəni izləməlidir, ya da ən yaxşı halda mübahisəyə gərginlik yaratmadan son qoymalıdır. Bir qığılcımı alovlandırmaq nə bir ağsaqqala, nə də bir ağbirçəyə yaraşacaq iş deyil. Həyatda artıq çox şeyi dərk etmiş bir insanın cəmiyyət içində tanımadığı gənc bir qızın üzərinə yeriməsi və bunu edənin özünün bir qadın olması hadisənin ən acınacaqlı tərəflərindən biridir. Qadın mübahisəni alovlandırmaq əvəzinə gərginliyi aradan qaldırmağa çalışsaydı, bəlkə də indi başqa bir hekayə oxuyacaqdıq.
"Böyüklərə hörmət, sayğı, kiçiklərə sevgi və qayğı"
Təəssüflər olsun ki, kiçiklərdən hörmət gözləyən cəmiyyətin bəzi fərdləri o sevgini kiçiklərə göstərmir. Bunun bariz nümunəsi olaraq ictimai nəqliyyatda məktəblilərə və ən əsası heç nəyi dərk etməyən körpələrə qarşı aqressiv münasibəti göz önünə gətirmək olar. Məktəblilərin çantaları, körpələrin ağlaması cəmiyyəti narahat etmir, onlarda əsəb pozuntusuna səbəb olur. Kimisi əsəblərinə hakim olub bunu gizlətsə də, eqoist fərd körpənin hansı narahatçılığı keçirdiyini bilmədən, hətta valideynin nəqliyyatdan düşməsini belə tələb edir. Eqoist fərdə görə onun əsəbləri, körpənin narahatçılığından daha öndədir. Hadisənin yenə də ən acınacaqlı tərəfi ondadır ki, körpələrə və kiçik məktəblilərə qarşı anlaşılmaz aqressiya daha çox qadınlardan gəlir. O qadın ki, onun da öz körpəsi və məktəblisi olub...
Hər bir valideyn övladına əxlaqi dəyərlərin təbliğində böyüklərə hörmət, kiçiklərə sevgi, qayğı hissinin formalaşmasını öz davranışları ilə göstərməlidir.
Nigar Orucova