Əxlaq normalarının pozulması adi hala çevrilib

Sosial şəbəkələr cəmiyyət üçün əlavə problemlər yaradır

Bu gün insanların böyük əksəriyyəti sosial şəbəkələrin aktiv istifadəçisidir. Xüsusilə gənclər sosial şəbəkədən maksimum dərəcədə istifadə edirlər. Ancaq təəssüflər olsun ki, sosial şəbəkə istifadəçilərinin əksəriyyəti heç də bu imkanlardan səmərəli istifadə etmirlər. Xüsusilə bu mənfi tendensiya facebook sosial şəbəkəsində özünü göstərir. Elə mütəxəssislər də bu sahədə müəyyən problemlərin mövcud olduğunu bildirirlər. Vəkil Rövşən Qasımov deyir ki, Azərbaycanda sosial şəbəkələr hamının üzünə açıq olduğu üçün kim nə istəyir, nə düşünürsə rahat paylaşa bilir: "Bu həqiqətən də Azərbaycanda vətəndaşlar üçün yaradılmış olduqca dəyərli bir imkandır. Hər kəs öz bacarığını bu şəbəkədə göstərə, özünü burada təsdiq edə bilər. Ancaq gəlin görək biz bu fürsətdən səmərəli istifadə edə bilirikmi? Təəssüflər olsun ki, yox. Biz facebookda mənasız xəbər, şou ilə doldurmaqdan o yana getmirik. Tək-tək qələm sahibləri var ki, dayanmadan yazır, pozur, xalqı savadlandırmaq, irəli aparmaq istəyirlər. Ölkə vətəndaşlarının əksəriyyəti kompüterdən istifadə edir.İşlə, təhsillə, müəyyən maraq dairəsi ilə əlaqədar, demək olar ki, bütün yaş hədlərində olan insanlar internet və onun hüdudsuz imkanlarından bu və ya digər dərəcədə istifadə edir. Hamıya yaxşı məlumdur ki, internetin müsbət və mənfi cəhətləri vardır. Bu haqda isə artıq çox yazılıb və yazılacaq da. Demək istədiyim isə internetin bizə yox, bizim internetə olan münasibətimizdir. Ən çox da kompüterlə gündəlik təmasda  olan gənclərimizdir. Əlbəttə, təhsillə, işlə, digər həyati məsələlərlə bağlı hər bir gənc yeni texnologiyalardan istifadə edə bilər. İstifadəçiləri nəzərdən keçirəndə 15-30 yaş arasındakılar vaxtlarının çoxunu internetdə keçirirlər, hətta, işdən sonra da qalan vaxtını buna həsr edənlərin sayı artmaqdadır. Belə bir vəziyyət bütün dünyada müşahidə olunur. Bu işə həddindən artıq aludə olan "xəstə"ləri isə "qeymer" adlandırırlar".

Maraqlıdır bəs, mövcud olan yüzlərlə sosial şəbəkədən gənclərimiz necə istifadə edir? Vəkilin sözlərinə görə, bu suala cavab tapmaq üçün Avropadakı gənclərin həyat təzini nəsərdən keçirməyə ehtiyac var: "Hər halda bizdən çox-çox əvvəl indiki texnologiyalrın kökü ABŞ və Avropa ilə bağlı olmuş, necə deyərlər, bizə ordan gəlmişdir. Bu günkü gündə də bu ölkələrdə texnologiya sahəsində inkişaf gedir. Gənclərin əksəriyyəti də ağılla, məsuliyyətlə bundan istifadə edir. Məqsədim bu ölkələri, onların gənclərini tərif etmək deyildir, onların da özlərinə görə çatışmazlıqları var. Əsas fərq də ondadır ki, bizdəki gənclər sosial şəbəkələrdə özlərini necə nümayiş etdirirlər. Çox məşhurlaşmış "Facebook" sosial şəbəkəsi vasitəsi ilə milyonlarla insan bir-biri ilə əlaqə saxlayır. Ailə üzvləri, qohumlar, iş yoldaşları, yaxın-uzaq tanışlar ilə yaranan yeni münasibət forması kimi insanlar bir-birini daha yaxından tanıyır, bir-birləri ilə bölüşürlər. Normal haldır. Bir şey vardır ki, sosial şəbəkələr texnoloji iş prinsipinə görə əsla bir-birlərini tanımayan yüzlərlə, minlərlə insanı "dost " edə bilir.Unutmayaq ki, sosial şəbəkədə birləşən insanlar xasiyyətlərinə, tərbiyələrinə, peşələrinə, maddi durumlarına görə ən müxtəlif insanlardır. Hərdən adama elə gəlir ki, "Facebook" az qala bütün Azərbaycanı bir-birinə "dost", "qohum" edib. Elə bu prosesdə də demək olar ki, onsuz da itirməkdə olduğumuz ən qiymətli dəyərlərimizin necə itdiyinin bir daha şahidi oluruq. Yenə Avropa yada düşür. Əgər oradakı gənc sosial şəbəkədə, adətən, bir adla, yəni, öz adından səhifə açırsa və öz şəklini yerləşdirirsə , bizimkilər əsla bu qaydaya riayət etmir. Deməli, həmin insanda artıq yalançılığa, aldatmağa istiqamət götürülmüşdür. Öz adlarından əlavə, fantaziyalarına uyğun olaraq, müxtəlif adlarla, başlıqlarla səhifələr açır, əsl şəkillərini gizlədib reklam xatirinə cürbəcür şəkillər qoyurlar. İstər oğlanlar, istərsə də qızlar özünün hamıdan üstün, "əvəzedilməz" olduqlarını başqalarına sübut etməkdən ötrü min bir vasitəyə əl atırlar.Qızlar gözəllikləri, geyimləri, iş yerləri və s, oğlanlar isə cəmiyyətdəki durumları, iş yerləri, maşınları və s. ilə nəzər diqqəti cəlb etməyə çalışırlar. Amma unutmayaq ki, cəmiyyətdə hamı eyni dərəcədə deyildir. Eyni zamanda hamının dünyagörüşü də eyni deyildir. Sosial şəbəkədə isə başqalarını aldatmaq, özünüreklam etmək o qədər də çətin deyildir. Kompüter texnologiyasının incəliklərini dərindən bilən bir çox insanlarda yalançı özünüreklam nəticəsində özündən razılıq hissi çox güclənir ki, əslində, bu da, həmin adam üçün fəsadlara gətirib çıxardır. Kontaktda olan adamlar arasında müəyyən bir məsələ üstündə fikir ayrılığı yarana bilər. Bax,onda, bir-birinə münasibət korlanıb, son həddə çata bilər".

Onun sözlərinə görə, nəinki internetdə, hətta, adi telefon danışıqlarında düz gəlməyən gənclər də özləri və ailələri üçün problemlər yaradır: "Göstərilən bu halda da əxlaq normalarının pozulması ilə yanaşı cəmiyyət üçün yararsız adamların yetişdiyinin şahidi oluruq. "Facebook"da gənclərin yazışmalarına diqqət etmisinizmi (təbii ki, hamıya aid deyil) etik və əxlaq normalarından tam kənar sözlər, ifadələr, cümlələr, söyüşlər, jarqonlar insanı ŞOK-a salır. Nəinki oğlanların, qızların bir-birinə və qızların oğlanlarla yazışmalarını oxuyanda inanmırsan ki, bunu azərbaycanlı yazıb. Vay o günə ki, səhifədə qızların şəkilləri müzakirə oluna, elə bil ki, biologiya dərsindəsən. Şəkillərə gəldikdə isə onu demək lazımdır ki, sosial şəbəkələrdən əxlaqsızlığı təbliğ etmək həddindən artıq geniş yayılmışdır. Sahib olduğumuz tarixi, mənəvi keyfiyyətlərin, dəyərlərin, deyəsən, ancaq adları qalıb. Guya müasir dəbdə geyinən, əslində, nənəmiz Həvvanın geyimində öz şəkillərini ən müxtəlif məqsədlərlə şəbəkələrdə yerləşdirən azərbaycanlı qızlara görə insan ancaq xəcalət hissi keçirir. Bu, müasirlik deyil,i yrənclikdir. Əgər yeniyetmə yaşlarından bir çox qızlar həyatları ilə belə riskə gedirlərsə, gələcəkdə ailəni necə saxlayıb, qızlarına hansı tərbiyəni verə biləcəklər. Özünü, hətta dünyaya tanıtdırmaq istəyən belə qızlar faktik olaraq ailələrin dağılmasına, cəmiyyətin mənəviyyatsızlaşmasına səbəb olurlar. Son zamanlarsa internetdə açılan yeni bir səhifədə onu açan "cəmiyyət" əməlli-başlı  qızları müştərilərə təqdim edir. Ən acınacaqlı isə internetdə güclü nəzarətin olmamasıdır. Bilmək olmaz, bəlkə belə üzdəniraq "cəmiyyətləri" açan da elə hər hansı bir ermənidir. Bizim acizliyimizdir ki, həmin "cəmiyyətlər"ə də yaşından asılı olmayaraq hamı reaksiya verir. Bax, beləcə, hər yerdə, hər şeydə az-az itirdiyimizi itiririk".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31