Nazir müavini: "Son 15 ildə əmək pensiyanın orta aylıq məbləği 11,3 dəfə artıb"
"Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial siyasət əhalinin sosial həyatının yüksəlməsinə şərait yaradır". Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Bakıda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxış edərkən deyib.
20 İyun 2018 16:00 Sosial"Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial siyasət əhalinin sosial həyatının yüksəlməsinə şərait yaradır".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov Bakıda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxış edərkən deyib.
O bildirib ki, hazırda Azərbaycanda əmək və məşğulluq, sosial müdafiə hər bir cəmiyyət üzvü üçün bərabər imkan yaratmaqla yanaşı, onların rifahının yaxşılaşdırılmasında mühüm rola malikdir: "Cənubi Qafqazda iqtisadi qüdrətini görə seçilən Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizə enib. Bu da qlobal yoxsulluq səviyyəsindən 3 dəfə azdır. Sosial rifahın yaxşılaşması, yoxsulluğun səviyyəsinin azalması həssas təbəqədən olan insanların yaşayışına təsirsiz ötüşməyib. Respublikanın regionlarının və iqtisadiyyatın təmin edilməsi məqsədilə əmək tutumlu yeni iş yerlərinin yaradılması, işsizliyin azaldılması əmək bazarının inkişafı əsas məqsədlərdən biridir. Bütün bunlar nəticə etibarı ilə vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına gətirib çıxarır".
Nazir müavini söyləyib ki, sosial müavinətlər, pensiya sistemi ilə bağlı da ölkəmizdə son illər ciddi islahatlar həyata keçirilib: "Aztəminatlı ailələr üçün ünvanlı sosial yardım mühüm rola malikdir. Həyata keçirilən sosial müdafiə tədbirləri nəticəsində 2003-cü ilə müqayisədə 2018-ci ilin yanvarın 1-dək əmək pensiyanın orta aylıq məbləği 11,3 dəfə artıb, bu dövrdə əmək pensiyasının maliyyələşməsinə ayrılan vəsait 17 dəfə artıb. Ölkə başçısının sərəncamına əsasən 2017-ci ildə əmək pensiyası 5,7 faiz artıb".
N.Məmmədov söyləyib ki, son illər sosial xidmət sahəsində xeyli irəliləyiş əldə edilib: "Burada Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi vurğulamaq lazımdır. Fondun təşəbbüsü ilə ölkənin müxtəlif yerlərində uşaqların sosial reabilitasiyası mərkəzləri yaradılıb. Hər iki valideynini itirmiş gənclərin mənzillər təmin olunması istiqamətində mühüm işlər görülüb. Onların evlə təmini məqsədilə nazirliyin tabeliyində mərkəz yaradılıb. 120-150 mənzilli bina istifadəyə verilib. 120 mənzilli binanın inşasına başlanıb. Bundan başqa nazirliyin tərkibində insan alveri qurbanları ilə bağlı mərkəz yaradılıb ki, bu mərkəz vasitəsilə 96 insan alveri qurbanlarına yardım göstərilib. Əmək bazarına adaptasiyası məsələsi ilə bağlı proqramlar tətbiq olunub ki, bunun nəticəsində səmərəlilik artırılıb".
Nazir müavini deyib ki, ölkə qanunvericiliyində iş yeri tapmaqda çətinlik çəkən insanlar üçün kvota ayrılıb: " İşsizlikdən sığorta haqqında" qanununun qəbulu ötən ilin uğurlarındandır. Bu qanun özünəməşğulluğun yaradılmasına geniş imkanlar açır. Bu qanun eyni zamanda cari ildə məşğulluğun maliyyələşməsinə ayrılan xərcin artırılmasına imkan verəcək".