Gənclərimizi və övladlarımızı təhlükələrdən qorumağa çalışaq
20 İyun 2018 14:24 SosialSon aylar cəmiyyəti yenidən intihar halları ciddi şəkildə narahat etməyə başlayıb. Təəssüfedici məqam ondan ibarətdir ki, bu kimi mənfi tendensiya da narkomaniya problem kimi gəncləşməyə doğru gedir. Elə son aylarda bir neçə yetkinlik yaşına çatmayan gəncin intihara əl atması belə deməyə əsas verir.
Gənclər arasında intihar hallarının artmasının səbəblərini araşdıran psixoloqlar, eləcə də cəmiyyətin aparıcı simaları bunun kökündə social şəbəkələrin durduğu qənaətindədirlər. Həqiqətən də intihar edən gənclərin intihardan öncə yazdıqları məktubların social şəbəkələrdə paylaşılması, yaxud bəzilərinin hətta əvvəlcədən videogörüntü çəkərək onu sosial şəbəkəyə yerləşdirməsi təhlükənin nə qədər böyük və ciddi olduğunu deməyə əsas verir. Elə bu səbəbdəndir ki, artıq cəmiyyətin aparıcı qüvvələri, ictimai-siyasi fəallar, hətta millət vəkilləri həyəcan təbili çalaraq social şəbəkələrlə bağlı ciddi addımların atılmasının zəruriliyini vurğulayırlar. Elə millət vəkili Sona Əliyeva da bu qənaətdədir. Bu günlərdə respublikanın regionlarından birində gənc qızın intihar etməsi və bu barədə yayılan videogörüntülərlə bağlı millət vəkili fikirlərini bölüşüb. Sona Əliyeva qeyd edib ki, gec də olsa sosial şəbəkələrdə gənc qızın intihardan əvvəl çəkilmiş olan videosunu çox böyük üzüntüylə izləyib: "Mənim də o yaşda qız övladım var. Cəmiyyətin bir üzvünün, həm də yetkinlik yaşına çatmamış üzvünün itirilməsində başda valideyinləri, yaxınları olmaqla hamımız bütün cəmiyyət günahkardır. Nə qədər ki, erkən evlilik, qadın və uşaqlara qarşı zorakılığın bütün formaları ictimai qınaqla qarşılanmayacaq, nə qədər ki, bu kimi hadisələri hərənin öz işi kimi qəbul edəciyik, bu kimi itkilər artmaqda davam edəcək. Bundan başqa, zaman zaman insanlar həyatında çətinliklərlə qarşılaşdıqları zaman intihar və bu cür halları ağlından keçirir və xəbərlərdə belə halların baş verməsi haqda informasiyalar yayıldıqca bu fikrin reallaşması kimi hisslər də əlavə olunur". Millət vəkilinin sözlərinə görə, statistika göstərir ki, intihar halları ilə bağlı xəbərlrin geniş müzakirəsi bu kimi halların dəfələrlə artmasına gətirib çıxarır. Sona Əliyeva hesab edir ki, kütləvi informasiya vasitələri, televiziyalar, radiolar, eləcə də sosial şəbəkələrdə baş vermiş hansısa intihar hadisəsi ilə bağlı müzakirənin aparılması, intihar edən və onu bu mənfi tendensiyaya təhrik edənlərin qınaq obyekltinə çevrilməsi istər-istəməz insane psixologiyasına təsir göstərir. Nəticə etibarilə istəsəkdə istəməsək də yeni-yeni intihar halları ilə qarşılaşırıq: "Bu hal Verter effekti adlanır. Mən çox xahiş edərdim media üzvlərindən və insanlarımızdan ki, gələcəyimizin, övladlarımızın xatirinə bu kimi xəbərləri paylaşmasınlar. Bu paylaşımın övladını itirmiş ailənin ailəyə verdiyi ikiqat acını və kədəri duymazdan gəlməsinlər. Yaxşı nümunə olmasa da gənc bir övladımızın ruhuna ehtiramla yanaşsınlar və bunu müzakirə obyektinə çevirməsinlər. Nəyin düz, nəyin səhv olduğunu izah etməyə çalışmasınlar". Millət vəkili deyir ki, heç olmasa bundan sonra bu kimi hadisələrin qarşısını almağa yönəlik işlər görməyə çalışaq, gənclərimizi və övladlarımızı bu kimi təhlükələrdən qorumağa çalışaq: "Bu arada dünəndən övladlarımın bununla bağlı suallarını cavablandırmaqda çətinlik çəkirəm. Sözün bitdiyi yerdəyəm. Elə bir neçə həftə əvvəl "Uşaqların zərərli informasiyadan qorunması haqqında qanun"un müzakirəsi ilə bağlı fikirlərimi və təkliflərimi yazmışdım. Qeyri-qanuni, qeyri-etik və digər bu kimi hərəkətlərə məruz qalmış yetkinlik yaşına çatmayanların şəxsiyyətini müəyyən olunmasına və ya açıqlanmasına bilavasitə imkan yaradan məlumatların: ad, soyad və atasının adının, ünvanının, fotoşəkil, video və səs yazılarının, təhsil aldığı və ya işlədiyi müəssisənin adının elektron və çap mediasında yayılmasının qadağan olunması bu layihədə nəzərdən keçirilsin. Və çox xaiş edirəm, bunu təkcə qanunla tənzimləməyək, həm də vicdanımız dinləyək və insanımıza olan ehtiramımızdan edək".
Füzuli