Möcüzəyə inanmaq

Elçin Hüseynbəyli Çoxları möcüzəyə inanmır. Möcüzəyə inanmaq üçün gərək ya qatı dindar olasan, ya onu öz gözlərinlə görə, qəlbinlə duya biləsən, ya da həddən artıq romantik olasan...

Elçin Hüseynbəyli

Çoxları möcüzəyə inanmır. Möcüzəyə inanmaq üçün gərək ya qatı dindar olasan, ya onu öz gözlərinlə görə, qəlbinlə duya biləsən, ya da həddən artıq romantik olasan...

Mən dindar deyiləm, dostlar, amma möcüzəyə inanıram, nağıllara inandığlm kimi. Çünki romantikəm...

Küçədə, parkda bir şikəst uşaq görəndə duyğulanıram, özümə gələ bilmirəm. Minnətdarlıq əlaməti olaraq anasının əlindən öpən uşağı isə daim xatırlayıram, onu yaddan çıxara bilmirəm.

Möcüzəylə bağlı sizə bir əhvalat danışmaq istəyirəm, dostlar.

Bu gün səhər parkdan gələndə anasının əindən tutub yürüyən daun sindromlu bir cocuq gördüm. Məsum gözlərilə adama elə şirin baxırdı ki... Tez ötüb keşmək istədim. Ona çox baxsaydım, özümü pis hiss edəcəkdim. Çünki mən belə bir uşağı tanıyırdım, erkən dünyasını dəyişmişdi. Onlar mələk kimi olurlar. Hər şeyə inanır, hər şeyə sevinirlər. Onlar ölümə də gülümsəyirlər.

Uşaq mənə nəsə dedi. Ona görə də yavaşıyası oldum.

-O, nə deyir? -deyə anasından soruşdum.

-Heççç, fikir verməyin, -anası cavab verdi.

Uzaqlaşmaq istərkən, uşaq yenə də anlaşılmaz nəsə dedi.

Dayandım, onun dediyinə qulaq verdim.

Anası inadımı görüb:

-O, hər gördüyü adamdan 20 qəpik istəyir. Çünki mağazada o qiymətə şirinquş satırlar, -dedi.

Duruxdum.

-Sən allah, ona pul verməyin, öyrəncəli olur. Bizi hamının yanında biabır edir.

-Ona 20 qəpik yox, çox pul vermək lazımdır. Onda verməzlər, -dedim və 5 manat çıxarıb uşağa uzatdım. Uşaq pula etinasız baxdı, çünki bu pulu tanımırdı.

-Siz neynirsiz!? -deyə anası mənimlə cəngi-cidala çıxdı.

-Qoy, ürəyi nə istəyir alsın və adamlardan bu qədər pul istəsin, onda adamlar səxavət kisələrinin ağzını bərk-bərk bağlayarlar, o da vərdişindən əl çəkər, -deyə qadının etirazını neytrallaşdırmaq üçün gülümsündüm...

Uşaq pulu aldı və onu tanımadığına görə yerə atdı.

Anası əyilib pulu götürdü və mənə qaytarmaq istədi.

Mənsə artıq ordan uzaqlaşmaqdaydım.

Bir az gedəndən sonra çiynimə nəsə dəydi. Baxdım ki, bir qırmızı yüzlükdür. Yuxarı baxdım, tut ağacından və səmadan başqa bir şey yox idi. Onu tanrının lütfü kimi qəbul elədim və cibimə qoydum. Bayaqkı cocuqdan fərqli olaraq mən pulu tanıyırdım...

Gedə-gedə ötən günkü hadisəni də xatırladım. Səhər gəzintisindən qayıdarkən bir qaraçı  cocuğu qabağımı kəsdi, "əmi, qurban olum" deyə əlini açdı və istədiyini alandan sonra onu gözləyən anasının yanına qaçdı...

Həmin gün Ramazan bayramıydı, dostlar. İndi xatırladım. Gec də olsa, bayramınız mübarək!

Və bir zəruri qeyd, sizə əl açanın əlini geri qaytarmayın, dostlar!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31