Şahlıq taxtından ucada dayanan uşaqlar
Züleyxa NADİR Bir dəfə Şah Abbası rəiyyətlərindən biri evinə qonaq dəvət edir. Şah dəvəti məmnuniyyətlə qəbul edərək deyir: ”əgər evdə məndən böyük adam varsa gəlməyəcəm”. Rəiyyət ”şahım, siz nə danışırsınız, bu, mümkün deyil,
20 İyun 2018 11:48 SosialZüleyxa NADİR
Bir dəfə Şah Abbası rəiyyətlərindən biri evinə qonaq dəvət edir. Şah dəvəti məmnuniyyətlə qəbul edərək deyir: "əgər evdə məndən böyük adam varsa gəlməyəcəm". Rəiyyət "şahım, siz nə danışırsınız, bu, mümkün deyil, buyurub gələ bilərsiniz" deyə dəvətini təkrarlayır. Səhərisi gün Şah Abbas adamın evinə gedir. Hər cür naz-nemət düzülmüş yemək stolunun yuxarı başında təzəcə oturubmuş ki, ev sahibinin üç yaşlı uşağı stolun üstünə çıxmaq istədiyini bildirir. Pərt olan valideynlər uşağı kənarlaşdırmaq istərkən şah dillənir: "axı, sizə dedim ki, elə yerə dəvət edin ki, orda məndən böyük adam olmasın". Eşidənlərin təəccüblü baxışlarını, sualdolu gözlərini görən Şah Abbas izah edir: "dünyada uşaqdan böyük adam yoxdu, şah da, vəzir də onun yanında çox balacadır, indi zəhmət çəkin uşağın istəyini yerinə yetirin"...
Beş yüz il əvvəl düz 42 il Səfəvi dövlətini idarə etmiş Şah Abbas - Avropanın "Böyük Abbas" adlandırdığı kişi balaca uşağın yanında özünün nəhngliyinə təslim olur, uşağı başından ucaya qaldırır. Bu gün isə Şah Abbasın rəiyyəti ola biləcək birisi - "Kids studio" adlanan bağçanın tərbiyəsiz tərbiyəçisi ona etibar edilən uşaqları döyür. Adam öz uşağına əl qaldırmağa ürək etmir, içindəki valideynlik hissi ilə paralel addımlayan Allah qorxusu uşağın da insan olduğunu, şəxsiyyət kimi boy göstərdiyini diktə edir. Adam başqasının uşağını gözünü belə qırpmadan, utanmadan, həyəsızcasına vura bilər? Bunun üçün gərək bütün hiss və duyğulardan məhrum olasan ki, belə vicdansız işə əl atasan. Görünür "Kids studio"nun tərbiyəçisi vicdan duyğusundan məhrum olan birisidir.
Valideyn pulu artıqlıaması ilə ona görə verir ki, uşağını etibar etibar etdiyi bağçada əzizləsinlər. Ya da ki, əzizləməsin, sevməsin, heç olmasa aldığı pula hörmət etsin, ən azından, uşağa şəxsiyyət kimi yanaşıb, gələcəyə gedən yolunu aydınlatsınlar. Amma görünən o ki, "Kids studio"ya şəxsiytyətsizləri toplayıblar. Belələrindən nə tərbiyə, nə insanlıq, nə də aydın yolun istiqamətini gözləmək olmaz. Bəlkə elə bu səbəbdəndir ki, son illər valideynlər dayə tərbiyəsinə üstünlük verirlər. Uşaq bağçasından imtina edir, dayənin gəlib evində uşağına baxmasını daha məqbul hesab edir. Bu halda dayə ananın gözü qabağında olur, övladını etbar etdiyi dayəni daha yaxından tanımaq fürsəti qazanır.
"Kids Studio"... əslində adın özündə bir qəlizlik var. "Uşaq studiyası" anlamını verən bu iki kəlməlik ingilis adını müəssisəyə qoyanda heç olmasa ingilislərin uşaqlarla necə davrandıqlarını öyrənəydilər, Avropadakı uşaq müəssisələrində davranış qaydaları ilə maraqlanaydılar. Amma yox, bu qədərini düşünməyə nə vaxtları olur, nə də başlarının gücü çatır. Təki cazibəli ad olsun, "gəl-gəl" deyən reklam lövhəsi diqqətdən kənarda qalmasın. Əslində valideynlərdə də günah var. Onlar elə düşünürlər ki, əgər bağcanın adı əcnəbi dildə yazılıbsa, demək ki, ora elitar bir yerdi. Halbuki belə düşüncədə zərrə qədər də məntiq yoxdu.
Uşaqla kobud davranaraq onu vuran əməkdaşın görüntüsü onu deməyə əsas verir ki, tərbiyəçinin bu hərəkətinə rəhbərlik rəvac verir. Çünki dünyanın hər yerində, lap elə Azərbaycanın da bəzi özəl bağçalarda uşaqlara özəl yanaşma, özəl davranış, özəl münasibət nümayiş etdirilir. "Kids Stidio"nun özəlliyi isə tərbiyəçilərin kobudluğu, uşağın döyülməsidi. Əslində müasir bağca nədi, necə olmalıdı, bu uşaq müəssisəsinin fəaliyyətində nə dayanır, tərbiyəcinin rolu nədən ibarətdi? Bu sualların cavabı olduqca genişdi, bir kitablıq izah vermək olar. Amma mən qısaca deyəcəm: uşaq bağçası məktəbəqədər tərbiyənin və təhsilin verildiyi məkandı. Ona görə də tərbiyə və təhsil verən şəxs özündə bu iki parametri daşımalıdır, bu iki elementin bütün incəliklərini canına-qanına hopdurmalıdır. Uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişməsi üçün bağçada hər cür şərait yaradılmalıdı. Uşaqların zövqünə uyğun qurulan, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün müəssisə rəngbərəng inventarla təchiz edilməlidir. Bağçada müasir standartlara uyğun müxtəlif sinif otaqları, kino, akt, idman və gimnastika zalları, hovuz və yeməkxana ilə yanaşı bağçasının ərazisində abadlıq işləri görülməli, yaşıllıqlar salınmalı, yay çardağı, oyun meydançası fəaliyyət göstərməlidi. Bir sözlə, uşaqların mənalı istirahəti üçün hər cür şərait təmin olunmalıdır.
Amma deyəsən videosu yayınlanan "Kids studio"da təlim-tərbiyə məsələləri uşaqların döyülməsi ilə müşaiyət olunur. Bunun ağrılı tərəfi təkcə o deyil ki, əməkdaşlar uşaqları döyür, incidir, valideynləri narazı salırlar. Daha ağrılı tərəfi odur ki, döyülmə faktının yanında digər məsələlərin heç bir mənası yoxdu - istər bağçaya əcnəbi adı qoyulsun, istərsə də uşaqların zövqü nəzərə alınaraq ən yüksək standartlara uyğun şərait yaradılsın. Tərbiyəçinin, yaxud da digər əməkdaşın döyduyu uşaq gördüyü gözəllikdən zövq ala bilməz. Onun şən əhval-ruhiyyədə və sağlam ruhda olması da şübhə doğurur. Bağçada döyülən uşaq həmişə gözüqıpıq olur, bu gün tərbiyəçiyə olan nifrətini sabah təhsil alacağı məktəbin müəlliminə daşıyır.
Valideynlərin çoxu elə bilir ki, özəl bağçalar dövlət bağçalarından üstündü. Dövlətin verdiyi maaş aşağı olduğu üçün həmin bağcalara az etibar edir, tərbiyəçilərin uşağına gözəl davranış nümayiş etdirəcəyinə şübhə ilə yanaşır. Düşünür ki, ailə büdcəsində filan qədər pulu var, onun da filan qədərini özəl bağçaya verər. Orda da uşağına ürəklə baxıb, yüksək səviyyədə tərbiyə verərlər. Yəni hansısa bir nöqtədə beləsini qınamaq olmaz. Doğrudan da bəzi özəl bağçalarda bu addım özünü doğruldur. Çünki həmin bağçalarda tərbiyəçi seçimində ən yüksək tələblər irəli sürülür. Burada uşağı döymək, danlamaq, incitmək, yaxud kobud davranış kimi yanaşmadan söhbət belə gedə bilməz. Özəl bağçalarda elə kadrlar seçilir ki, bağçanın müştərisini özündən uzaqlaşdırmasın. Nə yazıq ki, "Kids studio" özünün yaramazlıqları ilə gündəmə gəldi.
Son günlərin gündəmə gələn ən qalmaqallı hadisəsi kimi müzakirələr nəhayət bağcanın bağlanılması və tərbiyəçinin cinayət məsuliyyətinə cəlb olunması ilə sonlandı. Ona görə də bəlkə bu yazını gecikmiş hesab etmək olar. Sadəcə "Kids studio"nun yaramaz əməkdaşının timsalında bağçalarla bağlı qənaətimi bölüşdüm. İstədim ki, bu yazını oxuyan bağça rəhbərləri, tərbiyəçiləri bilsinlər ki, Şah Abbas uşağı öz şahlıq taxtından ucada tutub.