İnsanları pis gözdən, uğursuz sevgidən qoruyan meyvə
20 İyun 2018 11:46 SosialPlovun baş tacı insan həyatı üçün təhlükə yarada bilər
Yay aylarında mövsümi məhsullara tələbat çoxaldığından onlardan istifadə qaydasına da riayət etmək vacib sayılır. Çünki bəzi hallarda həmin məhsullar insan orqanizmi üçün xeyirli olduğu kimi təhlükəli də ola bilər. Belə meyvələrdən biri də ərikdir ki, onun insan orqanizminə veyri olduğu kimi ziyanı da ola bilər. Xatırladaq ki, ərik adlı sehirli meyvənin tərkibində üzvi turşular, efir yağları və mineral duzlarla bərabər, pektin və aşı maddələri, şəkər, kalsium, kalium və dəmir də vardır. Tərkibindəki maqnezium sayəsində orqanizm stresə qarşı çıxır. A vitamini dəri xəstəliyini önləyir, bədəndən toksinlərin atılmasına kömək edir. Həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, görmə qabiliyyətini normada saxlayan, yaddaşı gücləndirən, bağırsaqları yumşaldan və dərini gözəlləşdirən ərik, süfrələrimizin ləzzətli və ideal təamlarından biridir. Ərik qalxanvari vəzi xəstəliklərinin qarşısını alır, maddələr mübadiləsini tənzimləyir, ürək-damar sisteminin fəaliyətinə müsbət təsir göstərir. Ana olmağa hazırlaşan və anemiyadan əziyyət çəkən xanımlar mütəmadi olaraq ərik yeməlidirlər. Xalq təbabətində ərikdən sinə yumşaldıcı, bəlğəmgətirici və qurdqovucu vasitə kimi istifadə olunur. Qaynadılmış ərik yarpaqlarından mədə-bağırsaq xəstəliyində və revmatizmdə istifadə edilir. Bu dəmləmənin xaricdən istifadəsi dəri ekzemasında çox yararlıdır. Faydalı əriyin toxumlarından "ərik südü" hazırlayıb bronxit, bronxların selikli qişasının iltihabını da sağaltmaq mümkündür. Zəifləmiş və taqətdən düşmüş xəstələrə hər gün 2 stəkan ərik şirəsi içmək mütləqdir. Mütəxəssislərin qənaətinə görə, əriyin meyvələrində kalsium duzları olduğundan ürək-damar sistemi və qanazlığı xəstəliklərində orqanizmə faydalı təsir göstərir. Ərik bağırsaqların boşalmasına yaxşı təsir edir. A provitamini ilə zəngin olduğu üçün üzün dərisinin gigiyenik şəraitinə yaxşı təsiri var. Üzün dərisini gün yandırarkən əriyin ətindən maska edirlər. Ərikdə karotinin miqdarı çox olduğu üçün onu uşaqların qidasına daxil etmək məsləhətdir. Ərik təzyiqi olanlar üçün faydalıdır. Onda A vitamini olduğu üçün gözlərə və dəri üçün faydalıdır. Ərik şirəsi hamilə qadınlar üçün çox faydalıdlır. Pakistan alimləri belə hesab edirlər ki, ölkənin bir qəbiləsinin nümayəndələrinin uzun ömür sürməsinə səbəb həmin qəbilənin ənənəvi olaraq əriklə çox qidalanmasıdır. Müəyyən edilib ki, 100 q ərik qanəmələgətirmə prosesinə 20-40 mq dəmir və ya 200 q təzə qaraciyər kimi təsir göstərir. 150 q ərik şirəsi insanın bir günlük C vitamininə olan tələbini ödəyir. Odur ki, ildə hər adamın 2,5 kq ərik yeməsi məsləhətdir. Xalq təbabətində ərik astma xəstəliyində məsləhət görülür, o orqanizmin infeksiya ilə mübarizə aparmasına kömək edir. Mədəni əriyin tumlarının ləpəsi Çin təbabətində az miqdarda öskürək zamanı sakitləşdirici vasitə kimi işlədilir. Laringitdə (xirtdək iltihabı), bronxitdə (bronxların selikli qişasının iltihabı), traxeitdə və göy öskürəkdə ərik tumlarının ləpəsinin emulsiyası məsləhət görülür. Həmçinin, ərik qurusu - qaysı üzvi turşularla, vitaminlərlə, karotin, fosfor, kalsium və dəmirlə zəngindir. Qaysının əsas üstünlüyü onun tərkibində kaliumun miqdarının çox olmasıdır. Buna görə də ürək-damar sistemi və böyrək xəstəliklərində qaysı yemək faydalıdır. Qurudulmuş ərik hipertoniyanın və qanazlığının müalicəsində istifadə edilir. Bundan başqa qaysı yaddaşı yaxşılaşdırır, işləmə qabiliyyətini artırır, beyinin damarlarının işinə müsbət təsir göstərir. İsladılmış qaysı bağırsaqları gözəl təmizləyir, qatı həlimi sidikqovucu təsir edir. Gündə acqarına 2-3 dəfə ərik yemək və ərik şirəsini bir neçə gün 2 stəkan içmək onikibarmaq bağırsağın xəstəliyində əhəmiyyətlidir. Yay mövsümündə əriyin meyvəsindən, qış aylarında isə ərik qurusundan - qaysıdan istifadə faydalı hesab olunur. Bu dadlı meyvə kulinariyada da geniş yer alıb. Ərikdən ətirli kompotlar, marmeladlar, mürəbbələr, cem, piroq və içkilər hazırlanır. Qurudulmuş qaysı ilə quzu ətinin qovurmasının necə dadlı olduğunu hamı bilir, xörəklərin şahı plovun baş tacıdır. Kosmetologların fikirincə, ərik cavanlıq mənbəyidir. Ərik yağının ev şəraitində maskaların tərkibində istifadəsi cildi təravətləndirir, dəridəki qırışları açır. Bu yağın özəlliyi də ondadır ki, o, dəridəki hüceyrələri hər zaman nəmli saxlayıb, ölmüş hüceyrələri bərpa edir. Təsaüfi deyil ki, qədimdə Misir xanımları əriyin tumundan hazırlanmış və boyanmış amuletlər gəzdirirdilər. Onların fikrincə, bu amulet onları pis gözdən, uğursuz sevgidən qoruyur.
Lakin bütün sadalananlara baxmayaraq ərikdə düzgün istifadə edilmədikdə insan həyatı üçün ciddi təhlükə yarada bilər. Bəs, bu təhlükədən necə yayınmaq olar? İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, ərik dərildikdən sonra üç-beş gündən artıq qalmamalıdır. Çünki ərik tez xarab olan meyvədir. Odur ki, vətəndaşlara ərik alarkən diqqətli olmaq məsləhət görülür. Xüsusən, əzilmiş, ziyan vericilərin təsirinə məruz qalan ərik faydasız olmaqla yanaşı, insan sağlamlığı üçün təhlükəlidir. Ona görə də, ərik alarkən diqqətli olmaq vacibdir. Əriyin 20-dən çox növü var. Ərik meyvələri zəngin kimyəvi tərkibə və yüksək qidalılığa malik olduğundan böyük təsərrüfat əhəmiyyəti kəsb edir. Tərkibində şəkərlər, müxtəlif turşular, pektin maddələri və vitaminlər var. Toxumlarında 45-58 faiz yağ və 25 faiz zülal var. Ərik qalxanvari vəzi xəstəliklərinin qarşısını alır, maddələr mübadiləsinə, ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Əriyin tərkibində bioloji aktiv maddələrin çoxluğu ilə bağlıdır. Əriyin xarici görünüşü və yetişdiyini orqonoleptik göstəricilərə görə təyin etmək olar. Meyvələrin yığılması vaxtı onun istehlak məqsədindən asılıdır. Təzə halda yemək üçün meyvələr tam yetişdikdə yığılır. Emal üçün nəzərdə tutulmuş meyvələr tam yetişməyə 3-4 gün qalmış yığılır və qablaşdırılır. Qablaşdırılmadıqdan əvvəl əriklər növlərinə görə qruplaşdırılırmalıdır. Ərik qablaşdırılan taralarda məhsul göndərənin adı, növü, qablaşdırılma tarixi, partiyanın nömrəsi və standartı və s. öz əksini tapmalıdır. Yüksək qidalılığa malik ərik təzə-təzə yeyilməlidir. Həmçinin onu konservləşdirmək, ondan kompot, mürəbbə, cem, pavidla, pastila, şirə, şərab və likyor hazırlamaq və qurutmaq mümkündür. Təzə halda yetişmiş ərik həzm prosesini yaxşılaşdırır, susuzluğun qarşısını alır, bağırsaqları yumşaldır, dərini gözəlləşdirir. İnsanların gün ərzində ən azı 3-5 ərik istehlak etməyi tövsiyyə olunur. Əriklər müxtəlif irilikdə, formada və rəngdə olur. Bir meyvənin çəkisi orta hesabla 40-50 q olur. Təbii meyvələri iyun və iyulda yetişir. Vaxtından əvvəl yetişdirilmə, becərilmə zamanı süni vasitələrdən kimyəvi birləşmələrdən istifadə edilməsi onun keyfiyyətinə mənfi təsir göstərir və istehlakı zəhərlənməyə səbəb ola bilər. Ona görə də qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil. Ərik qablaşdırılan taralar möhkəm, təmiz-quru olmalı, kənar iy verməməlidir. Taralarda əriklər səliqəli və iki sıradan çox olmayaraq yığılmalıdır. Əriyin daşınması xüsusi taralarda həyata keçirilir.Ticarət şəbəkəsində əriyin yaxşı və keyfiyyətli qalması üçün onu -0,5ºC + 0,5ºC temperaturda saxlamaq lazımdır. Ev şəraitində isə +5ºC +8ºC temperaturda saxlanıla bilər. Əriyi soyuducuda polietilen paketlərdə saxlamaq olar. Əriyin saxlanması zamanı nisbi rütubətliyi 90% olmağı məqsədəuyğundur. Əriyin yetişməsinin müəyyən edilməsinin bir sıra üsulları vardır. Belə ki, təzə əriyin rəngi qızılı və narıncı olur. Ərikdə olan çəhrayı rəng onun şirin olacağına dəlalət edir. Yetişmiş ərik isə yumşaq olur. Əsas məsələ ondan ibarətdir ki, bu meyvədən lazımi qaydada istifadə etmək insan orqanizmi üçün xeyirlidir.
Nurlan