Cocuqların azad edilməsi
13 İyun 2018 09:55 Sosial"Boz atın boz torbasını boş as başından,
Apar, işlət gətir, yaş as başından"
(yanıltmac)
Bəli, tema uşaq bağçasında törədilən amansız vəhşilikdir. Mən də bundan qıraqda qala bilməzdim. Gərək vətəndaş movqeyimizi ortaya qoyaq. Hiddətimizi bildirək. Hazırda bütün idarə və müəssisələrdə, zəhmətkeş kollektivlərində, təhsil, səhiyyə, kommunal obyektlərdə, o cümlədən hərbi hissələrimizdə "Nifrət ikidəqiqəliyi" mərasimləri təşkil olunmuş, hər bir özünə hörmət qoyan insan o mənfur bağça müəlliməsini ürəkdən söymüşdür. Əlimizə düşsə onu parçalamağa hazırıq.
Səbəb isə məlumdur: bu qadın (adamın qadın deməyə də dili gəlmir, məhşur seçki qəhrəmanımız Əfruz müəllim də qadın sayılsın, bu da, heç olarmı?) utanmadan videokamera önündə bağça uşaqlarının qolundan tutub onları silkələmiş, bəzilərini küncə qoymuş, bəzilərini dümsükləmiş, bir çoxunu çimdikləmişdir. Tərəfimizdən aparılan zəruri istintaq hərəkətləri zamanı məlum olmuşdur ki, bu başabəla tərbiyəçi burnufırtıqlı məsum cocuqları - yeri gəlmişkən, burada daha bir ayıb gözə girir, biz orda Cocuq Mərcanlı kəndini işğaldan azad edib dinc quruculuq işləri aparırıq, sən isə cocuqları incidirsən - nəinki möhkəm silkələyibdir, hətta onları vaxtında qarşoka da aparmayıbdır! Bir neçə uşağın soskasını əmmiş, 3 cocuğun pampersini doldurmuş, 2 körpənin meyvə püresini qaşıqlamışdır. Əlbəttə, onun qəddar hərəkətləri bununla qurtarmır.
Heç kim onun siyasi mənsubiyyətinə diqqət etməmişdir, halbuki bu "qadın" (məncə "DQMV" kimi bunu da dırnaqda yazmaqla məsələni həll edə bilərik - Z.H. - yəni mötərizədəki müdrik fikirlər Zamin Hacının ağlının məhsuludur, oxucular qəti şübhə eləməsin ki, bu müqəddəs cümlələri mən yazıram, müsəlləh əsgərəm mən də bu gündən!) müxalifətçidir! Yoxsa niyə o məşum hadisənin törədildiyi uşaq bağçası Yasamal rayonunda yerləşir? Çünki müxalifətçilər vaxtaşırı Yasamal rayonundakı "Məhsul" stadionuna yığışıb dövlətçiliyimiz əleyhinə qırıldaşırlar. Ola bilsin bu zənən xeylağı da onların şüarlarının təsiri altına düşmüş, xaricdən maliyyələşən qara qüvvələrdən sifariş alaraq uşaqları incitmiş, bu yolla ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaq fikrində olmuşdur. Hələ siz o tərbiyəsiz tərbiyəçinin adına fikir verin: Firuzə. Əsl müxalifətçi adıdır. Mən neçə nəfər Firuzə tanıyıram, hamısı Müsavat, AXCP, NİDA gənclər təşkilatı, REAL partiyası və Sosialist Bozqurdçu Tolerant Liberallar Partiyamızın (SBTLP) üzvləridir. Firuzə adı ilə YAP üzvü olmaq mümkün deyildir.
Ümumiyyətlə, axı bizim ölkədə heç kimi döymürlər, bəs sən niyə o uşaqları vurmusan, ay əlin qırılsın? Amerikada polis adamı tutan kimi güllə ilə vurur, bizdə isə hər kəsə hüquqları izah olunur, vəkillə, prokurorla, hakimlə, üzəduranla təmin edilirik. İşgəncələr, polis şöbələrində, zindanlarda intiharlar bizə xas deyildir, imperialist dairələrin işidir. Bu tərbiyəçi həmçinin Hollivud kinolarının təsiri altında olmuşdur. Belə bir kino var idi qabaqlar, Arnold Şvarsneger uşaq bağçasında terminator işləyib uşaqları qorxudurdu.
Uşaqlar bizim gələcəyimizdir, gəlin gələcəyimizi daha əminliklə qoruyaq. Sevindirici haldır ki, bu dəfə hər kəs nifrətini vaxtında bildirdi, tərbiyəçini məqamında yaxaladıq. Gərək biz sayıqlığı itirməyək, düşmən bir an belə yatmır. Cəbhə xətti təkcə Cocuq Mərcanlıdan keçmir, o bizim cocuqların təlim gördüyü islah-təhsil müəssisələrindən də keçir. Göz yaşlarımızı silməli, gələcəyə mətin nəzərlərlə baxmalı, özümüzü silkələməliyik ki, kimsə uşaqlarımızı silkələməsin. Başqa bir milli yanıltmacımızda deyilən kimi: "Girdim təndirə, sildim, süpürdüm, silkindim çıxdım"