Boşanan qadınlar uşağı niyə atasından gizlədirlər?
11 İyun 2018 13:08 SosialÖvlad hansı hallarda ataya verilir?
Müxtəlif səbəblər üzündən artan boşanmalar atasız böyüyən uşaq problemini də aktual edib. Əksər qadınlar boşanmadan sonra uşağı atadan gizlətməyə, onların münasibətlərinə əngəl olmağa, uşağın gözündə atasını kiçiltməyə, vicdansız bir insan kimi çıxarmağa çalışır. Psixoloqların fikrincə, ata ilə kəsilən ünsiyyət uşağın formalaşmasına mənfi təsir göstərir, uşağa dərin travma yaşadır, həyatının bütün yaş dövrlərində acı fəsadlarını büruzə verir. Uşaq ata ilə ayrılanda ciddi bir travma yaşayır. Çünki uşaq üçün ailə obrazı parçalanır. Atası ilə bağlı qurduğu xəyalları puç olur. Uşaq bunun nəticəsində depressiv, nevrotik ola bilər. Eyni zamanda, doğru, düzgün münasibətlər qurmaqda çətinlik çəkər. Belə insanlarda ata, kişi obrazına qarşı çox mənfi düşüncə tərzi formalaşar. Bunun üçün də, uşaq ana ilə qalsa belə, onu atadan tam məhrum etməyi düzgün sayılmır. Vəkil Rövşən Qasımov bildirib ki, uşağın ata ilə görüşləri, onunla birgə vaxt keçirməsi çox önəmlidir. Bu, hava və su kimi uşaq üçün vacibdir. Uşağın yaşından asılı olmayaraq, atanın olmaması onda boşluq hissini yaradır və fərd həyatı boyu bunun travmasını yaşayır. Boşanma uşaq üçün gözlənilmədən valideynlərindən birindən uzaqlaşma, bəzi hallarda onu itirməyə bərabərdir: "Analar uşağı ataya göstərməməyə, atanı uşaqdan uzaqlaşdırmağa çalışır. Analarda qısqanclıq da baş qaldırır və hər cür onların birgə çox vaxt keçirmələrinə əngəl olur. Nə qədər münasibətlərdə bir-birindən qırılmaq varsa, körpülər yanıbsa, bunun uşağa heç bir aidiyyəti olmamalıdır. Uşaqla atanın ünsiyyəti qırılmamalıdır. Atanı uşağın gözündən salmaq, atanı pisləmək də qadınların seçdiyi yanlış yoldur. Bununla onlar kişidən qısas almaq istəsələr də, ata obrazını məhv edərək uşaqlarına travma yaşadır, uşaqları gələcəkdə harmoniyalı ailə qurmaq şansından məhrum edirlər". Onun sözlərinə görə, əgər atanın psixiatrik problemləri varsa, ana uşağı ataya verməyə qorxursa, bunu etməyə bilər: "Belə hal yoxdursa, ata dərin problemlər yaşamırsa, uşağı aşağılamırsa, ona şiddət göstərmirsə, əlbəttə ki, ana atanın uşaqla görüşməsində məhdudiyyət qoymamalıdır. Çünki nə qədər də uşaqla atasını bir-birindən ayırmaq istəsələr də, məsələni daha da dərinləşdirəcəklər. Təcrübəmdə görmüşəm ki, ana uşağa atası ilə görüşməsini o qədər qadağan etmişdir ki, uşaq böyüyüb 15-16 yaşına çatdıqda mütləq atası ilə görüşəcəyini özünə söz vermişdi. Elə də oldu. Böyüdükdən sonra gizlincə gedib atasıyla görüşmüşdü. Ana imkan verməlidir ki, uşaq ata obrazından doysun və başqa obrazları ata obrazı kimi üzərinə götürməsin. Çünki analar çox vaxt bu məqama fikir vermirlər. Elə bilirlər ki, uşağın əli ilə atanı cəzalandırırlar. Bunu uşağın əli ilə etməməlidirlər. Ata ilə ünsiyyətin uşağa xeyir verdiyini düşünməlidirlər". Vəkil hesab edir ki, atalar övladlarına qarşı diqqətli olmalıdır: "Bu o qədər vacibdir ki, natamam ailələrdə böyüyən uşaqları ya babasına, ya müəlliminə, ya da dayısına yönəldirik ki, kişi obrazı uşağın üzərində olsun. Kişi obrazı uşağın üzərində olmursa, uşağın formalaşmasında, xarakterində ciddi problemlər özünü göstərir. Bu da həyatın bütün yaş dövrlərində hiss olunur. Birincisi, uşağın inkişaf yaşı aşağı olur, uşaq öz yaşına uyğun şəkildə deyil, öz yaşından aşağı uşaqlara xas hərəkətlər edir. Bu, əslində ata obrazının əksik olması üzündən baş verir. Uşaqlar mütləq şəkildə gündə ata ilə yarım saat, bir saat da olsa vaxt keçirtməlidir. Ata sevgisi və qayğısından məhrum fərd 50-55 yaşında olsa belə, yenə də yaşına uyğun olmayan davranışlar nümayiş etdirir. Bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Həmin adam da bunu özündə hiss edərək natamamlıq kompleksi və özgüvənsizlik yaşayır. Lakin ata ilə bağlı problem tək boşanmış və natamam ailələrdə deyil, atalı ailələrdə də müşahidə olunur. Əgər ata uşaqla vaxt keçirtməyə meyl etmirsə, ana, ya da sözükeçən kimsə bunu ataya izah etməli və fəsadlarını göstərməlidir. Çünki fərd uşaqlıq dövründə atadan diqqət və qayğını görmürsə, qeyd etdiyim kimi, daxilində ciddi qarşısını almaq istədiyi boşluq böyüyür".
Onun dediyinə görə, ata ölübsə, bunu uşağa başa salmaq üçün onun yaşını nəzərə almaq lazımdır: "Müəyyən yaş dövründən sonra, uşaq ölüm anlayışını başa düşürsə, valideyn atanın ölümünü düzgün istiqamətdə başa sala biləcəksə, bir məsələni düzəltmək istəyərkən uşaqda başqa daha dərin travma yaratmayacaqsa, bunu edə bilər. Yaxşı olar ki, bunu mütəxəssisə həvalə etsin.14-15 yaşında yeniyetmədirsə, atasının öldüyünü ona incə şəkildə çatdırmaq lazım gələcək. Əlbətdə ki, bu xəbəri düzgün çatdırmaq önəmli olduğu qədər, ona dəstək olmaq vacibdir. Əgər uşaq iki-üç yaşındadırsa, bunu necə başa salsınlar ki? Uşaqlar bu yaşda ölümü anlaya bilmir, onlar üçün ölüm anlayışı harasa gedib və dönəcək kimi qavranılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır. Burada uşağın yaşından çox şey asılıdır. Bir qayda olaraq, 14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılır. BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Məhkəmə qeyd edilən müstəsna hallarda, uşaq atasının yanında saxlanıla bilər. On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən uşağın mənafelərindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunur. Bu halda, atanın, uşağın onun yanında qalması şansı müəyyən qədər artır. Məhkəmə uşağın yaşını, onun hər iki valideynə, bacı və qardaşına bağlılığını, valideynlərin əxlaqi və digər dəyərlərini, valideynin iş rejimi də nəzərə alınmaqla onun uşağı tərbiyə etməsinin mümkünlüyünü, valideynlərin maddi və ailə vəziyyətlərini nəzərə alır. Qeyd edək ki, valideynlərdən birinin maddi-məişət şəraitinin yüksək olması özü-özlüyündə uşağın onun yanında qalmsı tələbinin təmini üçün ona mütləq və şərtsiz üstünlük vermir. Beləliklə, uşağın atanın yanında qalması mübahisənin faktiki hallarından asılıdır və bu məsələdə səlahiyyətli orqan işə baxan məhkəmədir".
Zəka