“Qız yükü-duz yükü” problemi erkən nikahların sayını artırır
8 İyun 2018 13:47 SosialDeputat: "Bəyəm məktəb direktoru, icra nümayəndəsi görmür ki, məktəbli qız nişanlanıb?"
Bütün dünyada müşahidə olunan erkən nikah məsələsi Azərbaycanda da aktual məsələlərdən hesab olunur. BMT-nin qiymətləndirmələrinə əsasən, dünyada hər il 14,2 milyon nəfər 18 yaşına çatmamış qız nikaha daxil olur. Başqa sözlə, hər gün 39 mindən çox erkən nikah baş verir. Belə vəziyyət davam edərsə, 2015-2020-ci illərdə 70 milyon nəfər 18 yaşına çatmamış qız erkən nikaha girəcək. Hesablamalara görə, onların 13,2 %-ini və ya 9,2 milyon nəfərini 15 yaşına çatmamış qızlar təşkil edir. Sirr deyil ki, respublikanın şimal, cənub bölgələrində, xüsusən də Bakıətrafı qəsəbələrdə, konkret olaraq Nardaran kəndində qızların erkən yaşda ərə verilməsi faktları baş verməkdədir. Məsələ orasındadır ki, erkən nikahlar gizlin saxlandığından və rəsmi qeydiyyata alınmadığından onların dəqiq statistikasını aparmaq mümkün deyil. Ekspertlərin qənaətinə görə, erkən nikah sosial məsələ olduğundan onun tamamilə aradan qaldırılması mümkün deyil. Nəticədə bu sosial bəlanın vurduğu ziyanın təsirini cəmiyyət daşımalı olur. İlk növbədə qeyd edək ki, erkən nikah şagirdlərin, xüsusilə də qızların təhsildən yayınması ilə yekunlaşır ki, nəticədə gənclər arasında savadsızlıq sindromu genişlənir. Savadsız gənclərin iradəsi zəif olduğundan onları təsir altına salmaq daha asan olur. O da bəllidir ki, erkən nikah ailələrdə bir sıra əlavə problemlərə gətirib çıxarır. Belə ailələrdə nikahın tez bir zamanda pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur. O da faktdır ki, erkən nikahlar daha çox maddi imkanı məhdud ailələrdə baş verir. Ekspertlər isə hesab edirlər ki, ailənin aztəminatlı olması erkən nikaha heç vaxt əsas yarada bilməz. Çünki bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkədir. Araşdırmalar isə kənd qızlarının işlə təmin olunmalarındakı müəyyən çətinliklərin, bir sıra hallarda çarəsizlik, ümidsizlik mühitinin erkən nikahların səbəblərindən biri olduğunu göstərir. Əslində isə dünyada erkən nikahların səbəbləri müxtəlifdir. Onların bəziləri ümumi xarakterli, əksəriyyəti ölkələr və regionlar üzrə fərqlidir. Bu baxımdan erkən nikahların qarşısının alınması yalnız qanunvericiliyin təkmilləşdirilməsi və sərtləşdirilməsi hesabına mümkün deyil. Bu məsələnin həlli kompleks yanaşmanı və ictimaiyyətin bütün təbəqələrinin, o cümlədən dövlət orqanlarının birgə aktiv səylərini tələb edir. Erkən nikahlarının sayının artmasında elə valideyinlərin də suçu kifayət qədərdir. Çünki, Azərbaycan ailələrində bir çox hallarda qadın və qızların tərbiyyəsi düzgün aparılmır. Azərabaycanda qızlar başqalarının iradəsindən asılı, oğlanlar isə qadınlar üzərində idarəedicilik hüququ olan bir formada tərbiyə edilir. Əgər uşaqları tərbiyə edərkən onlara bərabər hüquqlarının olduğu təlqin edilsə, onda normal cəmiyyət qurmaq olar. Onu da qeyd edək ki, erkən nikahların sayının artması ölkədə demoqrafik böhrana gətirib çıxara bilər. Bir tərəfdən aulələrin dağılması, digər tərəfdən isə dünyaya xəstə uşaqğın gətirilməsi təbii ki, demoqrafik prosesə təsirsiz ötüşə bilməz. Millət vəkili Musa Quliyev hesab edir ki, qadınların, xüsusilə, gənc qızların peşə - ixtisas təhsilinə və məşgulluğunun təmin olunmasına ciddi önəm verilməlidir: "Bunlar çox ciddi məsələlərdir. Erkən nikahların çoxalması bir tərəfdən xurafatın, geriqalmışlığın, qadın hüquqsuzluğunun cəmiyyətimizə meydan oxumasıdırsa, digər tərəfdən buna rəvac verən faktorların hələ də aktual olmasıdır. Fikrimcə, hər iki istiqamərdə mübarizə daim getməlidir. Maarifləndirmə və inzibati təqiblər paralel aparılmalıdır. Bəyəm kənddə məktəb direktoru, icra nümayəndəsi, bələdiyyə sədri görmürlər ki, kimin məktəbli qızı nişanlanıb, məktəbə gəlmir? Yaxud, kənddə toy olanda onun səsi rayon polis şöbəsinə gedib çatmırsa, o rəisin qulağı ilə bağlı "problem" daha güclü əl tərəfindən həll olunmalıdır. Bizim qanunlara görə 18 yaşa çatmayan şəxslər uşaq sayılır və uşaqların taleyükü qərarlar qəbul etmə hüququ yoxdur. Ona görə də nikah yaşı 18-dən başlayır . Bu yaşa çatmayan qızlar mənəvi, intellektual, hətta, çox zaman fizioloji baxımdan ailə həyatına, uşaq doğub-böyütməyə, tərbiyə etməyə hazır, bir sənət, peşə sahibi olmurlar, iqtisadi, mənəvi və hüquqi baxımdan asılı vəziyyətə düşürlər".
Quliyev onu da bildirib ki, məsələnin digər tərəfi "qız yükü-duz yükü" problemidir, yəni, qadınlarımızın məşğulluğu məsələsidir: "Erkən nikahların böyük bir qismi də buradan qaynaqlanır. Odur ki, qadınların, xüsusilə, gənc qızların peşə - ixtisas təhsilinə və məşgulluğunun təmin olunmasına ciddi önəm verilməlidir. Peşəsi, iş yeri olan qadın ailəsinə maddi dəstək, cəmiyyətin fəal üzvü kimi söz sahibi olar, boşanarsa belə ayaq üstə durmağı bacarar. Tənzimləyici normalar və qanunlarımız kifayət qədərdir, sadəcə, onların zamanında və düzgün tətbiq edilməsi lazımdır". Millət vəkilinin sözlərinə görə, uşaqlara qarşı hər cür təcavüz də ciddi cəzalanmalıdır: "Amma mən heç bir halda belə faktlara görə ölüm hökmünün bərpasının tərəfdarı deyiləm. Bu, geriyə doğru bir addım olardı. Dünya təcrübəsi də sübut edib ki, ölüm hökmü ağır cinayətlərin sayını azaltmır. Məhz ümummillli lider Heydər Əliyev də ölüm hökmünün ölkəmizdə ləğv edilməsi qərarını verəndə bu və digər amilləri nəzərə almışdı. Profilaktik tədbirlərin kifayət qədər geniş palitrasından istifadə olunmalıdır. Məktəb, polis, qəyyumluq orqanları məsuliyyətini artırmalıdır, QHT-lər və KİV-lər bu məsələni daim diqqətdə saxlamalıdır. Ən sadə formul isə belədir: Valideyin öz uşağını özü qorumalıdır".
Zəka