Heç bir fəaliyyət, uzunmüddətli iş təcrübəsi azyaşlıya fiziki təzyiqə haqq qazandıra bilməz

Səkinə Rzayeva: "Buna nə valideynin, nə müəllimin, nə də qohumluğu və vəzifəsi olan heç bir insanın haqqı və hüququ yoxdur"

Heç bir cəmiyyət, sahə qüsursuz, nöqsansız olmadığı kimi, təhsil sahəsində hərdən bu kimi mənfi tendensiyalar yaşanır, hadisələr baş verir. Bəzən meydana gələn hal və hadisə cəmiyyətdə elə bir effekt yaradır, səs-küy yaradır ki, o günlərlə, hətta aylarla belə müzakirə predmeti olur, onun ətrafında müxtəlif yanaşmalar, mövqe və münasibətlər ortaya qoyulur. Necə ki, bu günlərdə paytaxt məktəblərindən birində yaşanan olay kimi. Daha dəqiq desək ibtidai sinid şagirdinin müəllim tərəfindən döyülməsi və ciddi xəsarət alması hadisəsi. Məsələ kifayət qədər ciddi rezonans doğurduğundan Azərbaycan Respublikasının Təhsil Nazirliyi də ona öz münasibətini bildirdi və yayılan xəbərlərdə məktəblini döyən müıllimin cəzalandırıldığı bildirilirdi.  Öz növbəsində təhsil ekspertləri, bilavasitə bu sahə ilə bağlı olan şəxslər də sözügedən hadisə ilə bağlı öz mövqelərini ortaya qoyurlar.  Paytaxtın 302 saylı məktəbinin direktoruSəkinə Rzayevanın sözlərinə görə, bir neçə gündür birinci sinif şagirdinin müəllim tərəfindən döyülməsi və həmin müəllimin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif rəylər bildirilsə də, ən çox nəzərə çarpan odur ki, müəllim həmkarlarımızın böyük qismi həmin şagirdi vuran müəllimi dəstəkləyir və onunla bağlanan əmək müqaviləsinə xitam əmrinin yanlış olduğunu vurğulayırlar: "Bütün bunlara ən azı bir müəllim və bir valideyn olaraq münasibət bildirmək istədim. Öncə onu qeyd edim ki, 22 illik müəllimlik, paralel olaraq 9 illik idarəetmə, fəaliyyətimdə bir dəfə də olsun heç bir şagirdə nə fiziki, nə də mənəvi təzyiq göstərməmişəm və təlim-tərbiyə məqsədlərimə kifayət qədər nail olmuşam. Heç bir fəaliyyət, uzun müddətli iş təcrübəsi və qazanılmış uğur insana, xüsusən də, azyaşlıya fiziki təzyiqə haqq qazandıra bilməz. Buna nə valideynin, nə müəllimin, nə də qohumluğu və vəzifəsi olan heç bir insanın haqqı və hüququ yoxdur. Dünyanın sürətlə inkişaf etdiyi bir dövrdə mütərəqqi dövlətlərdə uşaq valideyndən, hətta dövlətdən öz hüququnu tələb edir, biz isə "30 ilin müəllimidir, vursa nə olacaq?", "40 il öncə elə bizi də döyürdülər" kimi klassik pitekantrop yanaşmalarında ilişib qalmışıq. Uşaqları döyərək təlim-tərbiyə etməyi dəstəkləyənlər və bunu öz fəaliyyətində tətbiq edən müəllim həmkarkar, valideynlər varsa, gec olmadan bunu dayandırmalıdırlar". Səkinə Rzayeva deyib ki, XXI əsrdə müəllim, eyni zamanda da valideyn ufacıq bir körpə fidanın döyülməsini nə haqla dəstəkləyə bilər?: "Bundan əlavə, hər bir qurum, o cümlədən də Təhsil Nazirliyi öz tabeliyində olan müəssisələrin fəaliyyətinə və fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır. Təhsil naziri də öhdəsinə düşən vəzifəni ədalətlə icra edib. Valideynin uşağına qarşı təzyiqinə isə hüquq mühafizə və icra hakimiyyəti orqanları müvafiq qanunlar (Azərbaycan Respublikası Konstitusiyası, Ailə Məcəlləsi və s) çərçivəsində münasibət bildirə bilərlər".

Səkinə Rzayeva qeyd edib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsində bu hüquqlar açıq şəkildə qeyd edilir: "Maddə 51. Uşağın müdafiə hüququ. 51.1. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir.
51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 51.3. Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatana qədər tam fəaliyyət qabiliyyətli hesab edilən şəxslər öz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu müstəqil həyata keçirirlər. 51.4 Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır.
51.5. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.51.6. Uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin müvafiq icra hakimiyyəti orqanına məlumat verməyə borcludurlar. Müvafiq icra hakimiyyəti orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur.
51.7. Uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanları nəzarət edirlər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31