“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq konfrans yekunlaşdı
Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə keçirdiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans başa çatıb. ADU-da konfransın bağlanış mərasimi keçirilib. Tədbirdə Türkiyə, Gürcüstan, İtaliya, Çin, Rusiya, Belarus, Ukrayna və Almaniyadan ümumilikdə 48 xarici qonaq iştirak edib. Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər güllər qoyub, Ümummilli Liderin 95 illiyi ilə əlaqədar ADU-nun həyətində müxtəlif növ dekorativ çiçəklər əkiblər.
6 May 2018 11:24 SosialAzərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə keçirdiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda birinci beynəlxalq elmi konfrans başa çatıb.
ADU-da konfransın bağlanış mərasimi keçirilib. Tədbirdə Türkiyə, Gürcüstan, İtaliya, Çin, Rusiya, Belarus, Ukrayna və Almaniyadan ümumilikdə 48 xarici qonaq iştirak edib. Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər güllər qoyub, Ümummilli Liderin 95 illiyi ilə əlaqədar ADU-nun həyətində müxtəlif növ dekorativ çiçəklər əkiblər.
Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanıb.
ADU-nun rektoru, akademik Kamal Abdullayev konfransın işi və beynəlxalq tədbir çərçivəsində görülən işlər barədə məlumat verib. Konfransın mənəvi dəyərinin çox yüksək olduğunu söyləyən K.Abdullayev tədbirin təşkilinə dəstək göstərən Yeni Azərbaycan Partiyasına və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə təşəkkürünü bildirib.
Sonra beynəlxalq konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclaslarından bəhs edən videoçarx göstərilib.
Mədəniyyət naziri Əbülfəs Qarayev Ulu Öndərin multikulturalizm və tolerantlıq ideologiyasının xarici ölkələrin müxtəlif ali məktəblərində tədris və təbliğ olunmasını uğurlu addım kimi dəyərləndirib. Vurğulanıb ki, multikulturalizm və tolerantlıq xalqımızın genetik fonunda illər, əsrlərboyu yaşayıb.
Sonra "Bakı Prosesi"nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov ümummilli lider Heydər Əliyevin multikulturalizm və tolerantlıq ideologiyasının öyrənilməsi və təbliği baxımından konfransın əhəmiyyətini qeyd edib.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ulu Öndərin anadan olmasının 95 illiyinə həsr edilən möhtəşəm tədbirin uğurla başa çatdığını söyləyib. Bildirilib ki, bir ay ərzində konfrans işini dünyanın müxtəlif universitetlərində uğurla davam etdirib.
Ural Federal Universiteti Humanitar İnstitutunun direktoru, professor Elvira Sımanyuk, Türkiyənin Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı, Ərciyəs Universitetinin nümayəndəsi Erdem Talat Hakan, Rusiyanın A.Puşkin adına Dövlət Rus Dili İnstitutunun prorektoru Yelena Koltakova, Kassino Cənubi Latsio Universitetinin professoru Alesandro Fiqus, Moskva Dövlət Linqvistik Universitetinin şöbə müdiri Vladimir Konev, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialı direktorunun elmi işlər üzrə müavini, professor Yuliya Quseva, Çin Sosial Elmlər Akademiyasının İnformasiya İnstitutunun direktoru Şuhua Çjan, Minsk Dövlət Linqvistik Universitetinin prorektoru, professor Vladimir Paşkeviç, Auqsburq Universitetinin professoru Klaus Volf, ADU-nun tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev və digər çıxış edənlər Ulu Öndərə həsr olunan mötəbər konfransın bölmə iclasları ilə bağlı hesabat veriblər.
Sonra tələbələrin hazırladıqları, ümummilli lider Heydər Əliyevə həsr edilən bədii proqram nümayiş olunub. Tələbələr Ulu Öndərin ən çox sevdiyi mahnıları - "Alagöz", "Küçələrə su səpmişəm" və s. ifa ediblər.