Azərbaycan Televiziyasının ləkəsiz ekran güzgüsü

Bu gün Azərbaycan teleməkanı haqqında fikirlər, rəylər  müxtəlifdi.  Kim necə istəyir,  kimə necə  sərf edir, yaxud da  kim televiziyanı necə görmək istəyir o cür də şərh edir – haqlı, ya da haqsız. Televiziya qaydalarını, efir standartlarını qəbul etməyənlər var. Özəl kanalların şou bazara (məhz bazara, biznesə yox)  çevrildiyini iddia edənlər də istisna deyil. Həmin televiziya kanallarında  çox şeyin kommersiya  maraqlarına qurban verilməsinə ikrahla baxanları da tanıyırıq.  Efir məkanındakı müasirliyi qəbul etməyib keçmişlə yaşayanlar da  gözdən yayınmırlar. Bəzi televiziya kanallarında  mənəvi dəyərlər, dil məsələləri, nitq  mədəniyyəti kimi  bir xəzinənin az təbliğ olunduğunu deyənlər, yazanlar isə daha çoxdu.

Bu gün Azərbaycan teleməkanı haqqında fikirlər, rəylər  müxtəlifdi.  Kim necə istəyir,  kimə necə  sərf edir, yaxud da  kim televiziyanı necə görmək istəyir o cür də şərh edir - haqlı, ya da haqsız. Televiziya qaydalarını, efir standartlarını qəbul etməyənlər var. Özəl kanalların şou bazara (məhz bazara, biznesə yox)  çevrildiyini iddia edənlər də istisna deyil. Həmin televiziya kanallarında  çox şeyin kommersiya  maraqlarına qurban verilməsinə ikrahla baxanları da tanıyırıq.  Efir məkanındakı müasirliyi qəbul etməyib keçmişlə yaşayanlar da  gözdən yayınmırlar. Bəzi televiziya kanallarında  mənəvi dəyərlər, dil məsələləri, nitq  mədəniyyəti kimi  bir xəzinənin az təbliğ olunduğunu deyənlər, yazanlar isə daha çoxdu.

Bir sözlə, bu gün efir məkanı - ekran mavi deyil,  bu cür rəngarəng görünür. Adam bu rəngarənglikdə hansısa bir səviyyəni, peşəkarlığı, ustalığı  axtarıb tapmaq üçün  xeyli vaxt itirməli olur. Lakin axtarış zamanı vaxt itkisinə yol verilsə də orada  tək bir nəsnə diqqəti cəlb edir ki, o da Azərbaycan Dövlət Televiziyasının  "öz şinelindən çıxardığı" digər telekanallardan  xeyli fərqli görünməsi və üstünlükləri ilə yanaşı özünəməxsus ənənələrinin olmasıdı.

Televiziya milli mədəniyyətin tərkib hissəsi olmaqla bərabər, həm də informasiya mənbəyidir. O, bu informasiyanı ana dilinin gözəlliklərinə bükərək nümayiş etdirməlidir, çünkli buna  hər cür imkanı var. Həmin imkan yol verir ki, xalqın tarixi, tərəqqi yolunda qarşıya çıxan maneələri aşması, millətin mədəni səviyyəsi və dəyərləri efirdə öz əksini tapsın. Çəkinmədən deyə bilərəm ki, Azərbaycan Televiziyası - ölkənin ilk milli kanalı - bu sadaladıqlarımın öhdəsindən məharətlə gəlir.

Azərbaycan Televiziya və Radio Verilişləri  Qapalı Səhmdar Cəmiyyətinin efir  həyatı, tamaşaçı ilə ilk görüşü 62 il əvvəl fevralın 14-də baş tutub. Fəaliyyətə başladığı vaxtdan bu  günə kimi həmin televiziya öhdəsinə düşən işin məsuliyyətini bir gün olsun belə "çiyinlərindən atmayıb". Taleyinə 35 illik imperiya dövrü yazılmış və  kommunist partiyasının tələbləri çökmüş Azərbaycan Televiziyası hər  zaman milliyini qoruyub, insanların ruh  yüksəlişinə təkan verib, əhalidə  sabaha ümidi artırıb, inamı çoxaldıb. Bu o deməkdir ki, televiziya  hər bir azərbaycanlının  dostuna, yaxın ailə üzvünə çevrillib. Həmin yaxınlıq və dostluq səmimiyyət güzgüsü olaraq ailələrdə nümayiş olunub. Efir  güzgüsünə baxan hər kəs yaşadığı  dövlətin sərhərdləri daxilində, danışdığı dilin şirinliyi içində,  milli-mənəvi dəyərlərin ruhuna çökdüyü bir ortamda Azərbaycan  Televiziyası ilə bərabər yol gəlib.

Azərbaycan Televiziyası 62 illik tarixində xalqın mənəvi dünyasını zənginləşdirib, özünə borc bilib ki, ali dəyərləri ucaltsın. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxanlar var. Guya  Avropa demokratiyası, qərb mədəniyyəti Azərbaycan xalqının milli dəyərlərini kölgədə qoyur. Bu, kökündən yanlışdı, böhtandı, özünü bəyənməməzlikdi, millətinə ikrahla yanaşmaqdı. Azərbaycan Televiziyası  zaman-zaman belə ünsürlərə  qarşı çıxaraq  öz  verilişlərində xalqın min illik ənənələrini qabardıb, dövranın  keşməkeşlərini arxada qoyan, ağır sınaqlardan adlayan, mənəvi və əxlaqi dəyərləri  başının üstündə gəzdirən ziyalıları  tanıdıb. Xarici adət-ənənələri  gündəmə gətirənləri SÖZ xiridarları və ziyalı  təbəqə ekrandan  ifşa ediblər.

Azərbaycan Televiziyası bu gün də  iqtisadi uğurlarla yanaşı,  qədim mədəniyyətimizi, onun qaynağını və əxlaqi dəyərlərimizin toxunulmazlığıni təbliğ edir. Bu, bir nümunədir. Bu nümunəni  daha qabarıq  göstərən, onu məhək daşı kimi  önə çıxaran televiziyanın peşəkar  jurnalistləri, aparıcıları, redaktorları və onlara hər cür şərait yaradan, arxa duran rəhbərliyidi. Bu yaradıcı ortamda "dünyaya gələn"  hər veriliş, hər proqram   fərqli yeniliyi ilə diqqət çəkir, onu baxımlı edir. Vətən, millət, torpaq sevgisi, el - oba,  doğma ocaq məhəbbəti, böyük-kiçik yeri, halal-haram məsələləri Azərbaycan xalqının mental dəyərləri, sərvətidi. Bu sərvəti  qoruyub saxlamaq, bir gün olsun belə yaddan çıxarmamaq üçün Azərbaycan Televiziyası var gücü ilə çalışır.

Sirr deyil ki, bu gün gənc nəslin  formalaşmasında,  onların dünyagörüşlərinin və zövqlərinin milli dəyərlərə köklənməsində televiziyanın çox böyük rolu var. Çox  xoşdur ki, Azərbaycan Televiziyasında peşəkarların hazırladığı  bir çox verilişlər, gənc jurnalistlərin ortaya qoyduğu bəzi  proqramlar  məhz  yeniyetmə və bir qədər gənc tamaşaçının zövqünə hesablanır. Gənc nəslin azərbaycançılıq ruhunda tərbiyələnməsi, əxlaq, sədaqət, vəfa kimi dəyərlərə sahib olması,  eləcə də dilini, dinini, milli ənənələrinin korroziyaya uğramaması üçün ana televiziyamızın fəaliyyətinə söz ola bilməz. Gənclərə düzgün istiqamət vermək, mənəvi zənginliyi artırmaq yolunda  onun çox böyük rolu var.

SÖZ dünyası efir məkanında çox böyük gücə, nüfuza  malikdi. Yetər ki, SÖZ sahibi həmin məkanda hiyləyə və zora əl atmasın, saxta güc  nümayiş etdirməsin. Əks halda SÖZün müqəddəsliyi və ekranın təmizliyi itir. Tamaşaçı çirkli ekranda heç nə görmür, SÖZün  doğruluğunu kəsdirə bilmir. Nə xoş ki, Azərbaycan Televiziyası on illərdi ekran güzgüsünü təmiz saxlayır, ona ləkə düşməsinə imkan vermir. Etik normaları gözləyir, efir mədəniyyətinə əməl edir, tamaşaçını ələ salmır. Ona görə də istər ictimaiyyət arasında, istərsə də xalq içində nüfuzu və sanbalı var. Azərbaycan Televiziyası  bu  nüfuza sahib olmaq üçün  hər zaman milli dəyərlərə söykənib, mənəvi zənginliyin köklərinə enib.

Sovetlər dönəmində yeganə kanal olan Azərbaycan Televiziyasının diktorları onun  siması sayılırdı. Diktor öz əxlaqı, davranışı, oturuşu-duruşu və geyimi ilə tamaşaçıya nümunə olurdu. O, öz  simasını qoruyub saxlayır, xalqın zövqünə uyğunlaşdırırdı. Bu gün də belədi. Diktoru əvəz edən aparıcılar ekranın siması sayılır. Həmin aparıcılar telekanalın nüfuzuna və sanbalına təsir edir - ya azaldır, ya da çoxaldır. Onların  efir mədəniyyəti, verilişə ekspert qismində dəvət olunan qonağa münasibəti, davranışı, tamaşaçı ilə ünsiyyəti əndazəni aşanda  tamaşaçıda ikrah doğurur və o, kanalı dəyişməli olur. Azərbaycan Televiziyasının yaradıcı kollektivi illərin sınağından çıxan, ictimai-siyasi hadisələrin keşməkeşindən dərs alan peşəkarlar, savadlı jurnalistlər və bu gün onlardan öyrənən, peşəsini sevən gənclərdi. Bu auranı - efir mədəniyyəti, ekran  əxlaqı  çərçivəsində hər  evə daxil olan mədəni ortamı, davranışı yaradanlar çalışdıqları televiziyanın mənafeyinə xidmət edirlər ki, bu da  birbaşa xalqın mental  dəyərlərinə və cəmiyyətin istəyinə söykənir.

Bütün bu dəyərlərin üstündə dayanan DİL mədəniyyətidi, ana dilinə olan sevgidi. Azərbaycan Televiziyası ana dilinin saflığını, zəngin söz xəzinəsinə çevirərək səsləndirir, göstərir. Bunun  üçün "yeni amerika kəşf etmir", sadəcə dilin prinsiplərini qoruyur. Sözün mənasına və səslənməsinə,  işlənmə tərzinə, dilin incəliklərinə əməl edir, onu yad ünsürlərdən təmizləyib-arıtlayandan sonra tamaşaçının ixtiyarına verir. Çünki DİL cəmiyyətin güzgüsüdür. Ki... bu da ekranda, efirdə daha aydın görünür. Azərbaycan Televiziyası əksər verilişlərində ana dilinin təbliğ olunmasına üstünlük verir. Kamera və mikrofon qarşısında dayanan aparıcıdan tələb olunan ən vacib faktor budur: ana dilini  mükəmməl bilmək, dialekt və şivələrdən uzaq durmaq, aydın nitq qabiliyyətinə malik olmaq, sözləri ustalıqla səsləndirmək üçün xüsusi vurğu və intonasiyadan istifadə etmək. Çünki aparıcı burada  Azərbaycan dili ilə "silahlanmış" televiziya  dilini təmsil edir. Televiziya dili ədəbi dilin normalarına və ahəng qanununa əsaslanan bir dil olmalıdır ki, biz bunu Azərbaycan Televiziyasında çox aydın şəkildə görürük. Məşhur fransız yazıçısı Viktor Hüqo deyir ki, "dil büllur şüşəyə bənzəyir, onun parlaqlığı təmizliyindən asılıdır". Bu baxımdan ana televiziyamız nitq mədəniyyətinə dilçilər, ədəbiyyatçılar və müəllimlər qədər diqqət yetirir, təbliğ edir. Çəkinmədən deyə bilərəm ki, bu televiziya Azərbaycan ədəbi dilinin inkişafında, xalqımızın maariflənməsində, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində əvəzsiz rol oynayır. Odur ki, ana televiziyamızın qədrini bilməliyik.

Azərbaycan Televiziyasında "Təmas nöqtəsi", "Azərbaycan tarixi", "Yaddaş" "Ovqat", "Azərbaycan Respublikasına xidmət edirəm", "Hərb tariximizdən", "Retro", "Bu axşam", "Sağlam olaq", "Yaradanlar və yaşadanlar", "Sevilənlər", "Müasir Azərbaycan gənci", "Mən də uşaq olmuşam", "Turan", "Muğam dünyamız", "Palitra Art", "Tam fərqli", "Tələbə dünyası", "Elm və innovasiya" və s. kimi verilişlər, o cümlədən "Nə? Harada? Nə vaxt?", "Mən Azərbaycanlıyam", "Parlaq zəka", "Breyn rinq", "61", "Əlaçı"kimi verilişlər yayınlanır. Televiziyanın daimi tamaşaçıları bu verilişlərin məzmununu əzbər bilirlər. Həmin verilişlərin hər birində milli dəyərlər,  mənəvi zənginlik, maarifçilik ideyaları, ana dilinin saflığı qabardılır. Kanalın hər səhər  insanları salamlayan  səhər verilişindən tutmuş gecəyarı yayınlanan proqramlarına qədər, hər birində dünyagörüşü, savadı, zəngin mütaliəsi olan ziyalıları, elm adamlarını, ictimai-siyasi xadimləri  maraqlandıran  nüanslar var. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən "İdman Azərbaycan" və "Mədəniyyət tv"- nin adını isə  xüsusu vurğulamaq istəyirəm. Hər iki kanal Azərbaycan teleməkanında əvəzsizdir. 

Bu gün dünyanın məşhur televiziya kanalları verilişlərin təqdimatında ən müasir standartlara cavab verən üsullardan istifadə edirlər. Azərbaycan Telviziyası bu sahədə heç də onlardan geri qalmır. Məsələn, video süjetlərin şərhsiz  təqdim olunması kimi yenilik ölkə televiziyalarının heç birində yoxdu.  Amma xarici aparıcı  televiziyalarının "No komment" təcrübəsindən yararlanan  Azərbaycan Televiziyasının "Şərhsiz"  adı ilə  təqdim etdiyi süjetlərdə dünyada baş verən təbii fəlakətlər, faciələr göstərilir.

Bu gün Azərbaycan  Televiziyası efir məkanında  mənəvi saflığı  qorumağa çalışan bir qurumdu. O, keyfiyyətsiz efir məhsulu istehsal  etmir. Bu, o deməkdir ki, tamaşaçının hüquqları pozulmur, onu obyektiv informasiya ilə təmin edir, ictimai düşüncənin  nikbin məcrada inkişafına şərait yaradır. Efir vaxtını bayağı, bəsit, ucuz və duzsuz şoularla doldurmur. Heç kimə sirr deyil ki, cəmiyyətin qaymaqları olan mütərəqqi düşüncə sahibləri, eləcə də jurnalistlər və digər  ziyalılar bəzi telekanallarda zaman-zaman insanları az qala  zombiləşdirən verilişlərə etirazlarını bildiriblər. Təbii ki, həmin ciddi nöqsanlar və kobud səhvlər  Azərbaycan Televiziyasına aid deyil.

Demirəm ki, ana  kanal  nöqsansızdı, hər şey  düz xətt boyunca  irəliləyir. İş varsa, nöqsan da  mövcud olacaq. Bu barədə Azərbaycan Televiziyasının 40 illik yubiley tədbirində üzünü  Az tv-nin əməkdaşlarına  tutan Ulu Öndər Heydər Əliyev belə deyib: "Azərbaycan televiziya və radiosu zəngin və şərəfli inkişaf yolu keçərək xalqımızın yüksək əxlaqi dəyərlərinin, ictimai-siyasi ideallarının, mədəniyyətinin, arzu və istəklərinin ifadəçisinə çevrilmişdir. Bu gün milli televiziya və radiomuz, sözün əsl mənasında xalqın tribunasıdır. Şübhəsiz ki, televiziyanın işində qüsurlar da az deyil, çatışmazlıqlar, nöqsanlar var. Ola bilər  başqa sahələrə nisbətən ictimaiyyət bu nöqsanları daha tez  görür, hiss edir, çünki sizin işiniz  göz qabağındadır. Hər bir televiziya tamaşaçısı verilişlərə baxarkən öz anlayışına görə nöqsanları da, müsbət cəhətləri, nailiyyətləri də görür. Nöqsanlar məlumdu, özünüz bilirsiniz. Arzu edərdim ki, nöqsanları aradan qaldırasınız və çalışasınız ki, bundan sonra işləriniz daha da  uğurlu olsun və  televiziya verilişləri Azərbaycan əhalisi üçün daha  xoş, daha ürəyəyatan olsun". Nə yaxşı ki, Azərbaycan Televiziyasında  Ulu Öndərin söylədikləri nəzərə alınıb.  20-25 il əvvəlki televizya  ilə bu günkü televizya arasında demək olar ki,  xeyli fərq var- istər yaradıcılıq yönümündən, istərsə də texniki avadanlıq baxımından.

Televiziya xüsusi tribunadı, demək olar ki, strateji məkandı. Bu məkanda qurulmuş televiziya tribunasına çıxan hər kəs milli dəyərləri, mənəvi  zənginliyi, nitq mədəniyyətini və ana dilinin saflığını qorumağa borcludu. Çünki bu, onların  çiyinlərinə yüklənmiş missiyadı. Azərbaycan Televiziya və Radio Verilişləri  Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyindən tutmuş siravi əməkdaşına kimi bu missiyanın  könüllü daşıyıcılarıdı.

"Olaylar"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31