Kostyum “moşşennik”ləri...
Həyatda çox dələduzlar, loru dildə desək “moşenniklər”, xalq dilində anlatsaq “atanşiklər” çox görmüşəm (yəqin elə siz də mənim kimi). Onları görməsək də, rastımıza çıxmasalar da kinoda, teatrda çox seyr etmişik, kitablardan oxumuşuq. Ən azı ortada İlf və Petrovun odessalı Ostap Bender kimi qəhrəmanı var. Milyonlar axtarışında olan cənab Bender dələduzluqla qazandığı milyonu sonda hara xərcləyəcəyini bilmir.
5 Fevral 2018 14:19 SosialElçin Hüseynbəyli
Həyatda çox dələduzlar, loru dildə desək "moşenniklər", xalq dilində anlatsaq "atanşiklər" çox görmüşəm (yəqin elə siz də mənim kimi). Onları görməsək də, rastımıza çıxmasalar da kinoda, teatrda çox seyr etmişik, kitablardan oxumuşuq. Ən azı ortada İlf və Petrovun odessalı Ostap Bender kimi qəhrəmanı var. Milyonlar axtarışında olan cənab Bender dələduzluqla qazandığı milyonu sonda hara xərcləyəcəyini bilmir.
Onu da deyim ki, dələduzluq bir sehrdir, onun öz aurası var. Adam əvvəlcə onu özünə xobbi seçir, sonradan peşəyə, yəni pul qazanmaq vasitəsinə çevrir və bu sehr insanı özü ilə türməyə qədər aparır...
Nəsə. Bu, yazıya bir girişdir. İndi keçək ikinci haşiyəmizə.
Mənim bir dostum var. Yox o baməzə dostumu demirəm, bu, başqasıdır. O, dərzibazdır, yəni kostyumlarını dərziyə sifariş eləməyi sevir. İnsafən, onun kostyumları həmişə öz səliqəsi və yaraşığı ilə seçilir. İmkanlı olduğuna görə əvvəllər elə bilirdim ki, o, hansısa kutyuryedən geyinir. Sonra məlum oldu ki, kostyumlarını sadə və zövqlü bir dərziyə, özü də elə mağaza qiymətinə tikdirir. Mənim də ürəyimdən həmin dərziylə tanış olmaq keçdi və dostum günlərin birində məni onun yanına apardı.
Dərzi istəyimi biləndə məni ayaqdan başa kimi süzdü və dedi:
-Bizdə hazır kostyumlar da var, özü də sizin əyninzə gələr, istəsəniz onları sizə göstərərəm: eyni ölçüdə, amma müxtəlif rənglərdədir.
-Siz hazır kostyum da satırsız? -deyə dostum səsində az seziləcək təəccüblə soruşdu.
-Yox, bu ayrı və qəribə məsələdir. İstəsəniz, danışaram. Əvvəlcə gərək bir çay içəsiniz, mən həm kostyumları sizə göstərim, həm də tarixçəsini danışım.
Bizi maraq götürdü və çaydan əvvəl kostyumlara baxmaq istədiyimizi dedik. Dərzi divar boyu düzlümüş şkafı açdı və on beşə qədər kostyumu bizə nümyiş etdirdi.
-Ürəyiniz istəyəni seçib, baxa bilərsiniz,- dedi.
Mən tünd göy kostyumdan başladım. Doğrudan da əynimə əla oturdu: hər şeyi yerində və baxımlı.
-Siz kostyumlara bir-bir baxın, bəyəndiyinizi seçin. Mənsə sizə bu kostyum əhvalatını danışım.
Hər ikimiz başımızla işarə elədik ki, biz dinləməyə hazırıq.
-Bu kostyumlar bir moşennikindir. Mən əvvəllər bunu bilmirdim, sonradan öyrəndim. O, hər dəfə müştərilərlə görüşə gedəndə mənə bir kostyum, özü də başqa rəngdə sifariş verirdi. Özü səliqə-səhmanlı adam idi, bahalı "CİP"də gəzirdi, rəngbərəng qalstuklar taxırdı, danışığı əsl intelligent danışığıydı. Kostyumu bir-iki gündən sonra qaytarır və başqasını sifariş edirdi. Sonra o, yoxa çıxdı və kostyumlar da burda qaldı.
Bir dəfə təsadüfən mənə məlum oldu ki, sən demə o, vəzifəli bir adamın qohumuymuş və ondan istifadə edərək, vəzifə, iş axtaranları şirin dillə yoldan çıxarır, kalan pullarını alır və yoxa çıxırmış. Həmin adamlar da bu dələduzu tapmadıqlarına görə, onun vəzifəli qohumunu dilə-dişə salırlarmış. Nəhayət, qohum da təngə gəlir və həmin moşenniki tutdurur. İndi kostyumlar qalıb burda, dalınca gələn də yoxdur, fikirləşirəm ki, onları münasib qiymətə dost-tanışa satım.
Dərzi danışdıqca kostyumlara həvəsim ölürdü. Bayaq demişdim axı, dələduzluğun sirli bir aurası var və bəlkə o aura elə bu kostymlara da hopmuşdu. Ona görə də kostyum sifarişindən də, onları almaqdan vaz keçdim...
Fevralın əvvəli, 2018