Bəzi restoran və kafelər vərəm xəstəliyi yayırlar
Hazırda dünyada ən geniş yayılmış xəstəliklərdən biri vərəmdir ki, dünya ölkələri buna qarşı mübarizədə biganəlik nümayiş etdirilər. “Kasıblar xəstəliyi” adlandırılan bu xəstəlik daha çox iqtisadi baxımdan geri qalmış ölkələrdə müşahidə olunur.
2 Fevral 2018 13:47 SosialBelə iaşə obyektlərində vərəm daşıyıcıları işləyirlər
Hazırda dünyada ən geniş yayılmış xəstəliklərdən biri vərəmdir ki, dünya ölkələri buna qarşı mübarizədə biganəlik nümayiş etdirilər. "Kasıblar xəstəliyi" adlandırılan bu xəstəlik daha çox iqtisadi baxımdan geri qalmış ölkələrdə müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatına əsasən 2015-ci ildə dünyada vərəmdən ölənlərin sayı 1,5 milyon təşkil edib. 2050-ci ilə qədər isə 700 milyon insanın vərəm xəstəliyindən dünyasını dəyişəcəyi bildirilir. Məslə orasındadır ki, vərəm xəstəliyi daşıyıcılarının yayılma mənbələri məlum olduğu halda belə ona qarşı ciddi mübarizə aparılmır. Hazırda dünyada bu xəstəliyin yayılma ehtimalının artıran məkanlardan biri restoran və kafe kimi iaşə obyektləri hesab olunur. Bu gün bəzi ictimai iaşə obyektlərində-xüsusilə kafelərdə sanitar-gigiyenik qaydalara əməl olunması ilə bağlı bir sıra nöqsanlara yol verilir. Bu da insanların sağlamlığı üçün çox təhlükəlidir. Xüsusilə təmiz yuyulmayan boşqablar bir sıra xəstəliklərin başlanğıcı ola bilər. Doğrudur, əlaqədar dövlət qurumları belə halların aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçirirlər, ancaq təəssüf ki, bəzən bu tədbirlər nəticəsiz qalır.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, bununla bağlı aparılan monitorinqlərin nəticələri heç də ürəkaçan deyil: "Monitorinqlər nəticəsində məlum oldu ki, şəhərin mərkəzində, Nizami küçəsində yerləşən bəzi restoranların mətbəxləri bərbad vəziyyətdədir. Zallar yaxşı görünsə də, mətbəxdə qab yuyulma yerləri həddindən artıq bərbad antisanitar şəraitdədir. Azad İstehlakçılar Birliyi tərəfindən ilk dəfə olaraq Nizami küçəsində yerləşən restoran ifşa olundu və 4 gün ərzində orada dəyişikliklər aparıldı. Azərbaycanda yeganə restoran oldu ki, zalda oturan müştəri monitorinq vasitəsilə mətbəxdə gedən hadisələri izləyə bildi. Yəni mətbəxə kameralar yerləşdirildi və istehlakçı qabların yuyulması, saxlanması kimi prosesləri izləyə bildi. Düşünürəm ki, bütün restoran və kafelərdə bunu tətbiq etmək lazımdır". E.Hüseynov qeyd edib ki, bəzi kafe və restoranların mətbəxində qablar primitiv üsulla yuyulur və qab yuyan əskilərlə bağlı da böyük problemlər var: "Bilirsiniz, qab yuyan əskilər gərək hər gün dəyişdirilsin və isti emaldan keçirilsin. Lakin bunlara əməl olunmur. Hətta əksinə, antisanitar vəziyyət müşahidə edilir. Yəni bu sahədə ciddi problem mövcuddur. Bu baxımdan istehlakçı çalışmalıdır ki, açıq mətbəxi olan yerlərə üstünlük versin. Həmçinin Qida Təhlükəsizliyi Agentliyinin bu məsələlərə ciddi nəzarət edəcəyini düşünürəm".
Tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, ictimai iaşə müəssisələrində sanitar-epidomoloji nəzarətə çox ciddi şəkildə əməl olunmalıdır: "Məsələn, xarici ölkələrdə mütəmadi olaraq həmin obyektlər yoxlanılır və onların balları aşağı salınır. Balı aşağı salınmış müəssisə isə bağlana və ya başqa bu kimi problemlər yaşaya bilər. Bizdə bu məsələlərə təəssüflər olsun ki, barmaqarası baxılır. Hesab edirəm ki, ictimai iaşə obyektlərinə ciddi nəzarət edilməlidir və bu, formal olmamalıdır. İstənilən halda mətbuat da bu məsələni hər zaman diqqətdə saxlamalıdır ki, ən azında müvafiq orqanlar məsuliyyətlərini dərk etsinlər". Ekspert deyib ki, antisanitar şərait bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər: "Digər tərəfdən kafelərdə və ya restoranlarda qalıq qidaların üzərində mikroorqanizmlər ola bilər. Bu baxımdan zəhərlənmə, müxtəlif bağırsaq infeksiyalarının keçməsi kimi hallar ortaya çıxır. Anti-gigiyenik şərait bütün yerlərdə yolverilməz situasiyadır. Kifayət qədər təmizlənməmiş boşqablar təkrar istifadə oluna bilər. Ümumiyyətlə boşqablar və qablar ilk növbədə mütləq yağsızlaşdırılmalı, yəni isti suda xüsusi məhlullarla, eyni zamanda axar suda yuyulmalıdır. Hazırda qabyuyan maşınlar da bunun üçün hesablanıb. Əl vasitəsilə yuyulma olduqda da mütləq axar su olmalıdır. Qablar natəmiz yuyulduqda istifadəyə yararsız sayılır. Bu səbəbdən mütəmadi olaraq nəzarət mütləqdir".
Məlumata görə, hazırda bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyirlər və onlara nəzarət edilmir. Vaxtilə belə obyektlərdə işləyənlər 3-4 aydan bir məcburi müayinədən keçirdilər. İndi isə buna nəzarət edilmədiyindən işləmək arzusunda olanlar xəstəliklərini gizlədirlər. Millət vəkili Qənirə Paşayeva da hesab edir ki, vərəm xəstəliyinə yoluxan bəzi şəxslər rəsmi qeydiyyata düşmürlər: "Bu düzgün addım deyil. Deyirlər ki, qeydiyyatda olsam, qonşu, qohumlar biləcək. Biz bu streotipləri qıra bilməmişik. Təəssüflər olsun ki, bəzi həkimlər də rəsmi qeydiyyatı olmayan vərəm xəstələrini müalicə edirlər. Bununla bağlı məsuliyyət müəyyən etməliyik ki, həkimlər xəstələri rəsmi qeydiyyata saldırmadan müəlicə etməsinlər. Çalışmalıyıq ki, xəstələr rəsmi qeydiyyata düşsünlər". Deputat bildirib ki, vərəm xəstələrinin qeydiyyata alınmadan müalicəsinin aparılması bu müalicənin sistemsiz olmasına və sonda xəstələrin vərəmin daha ağır forması olan dərmana davamlı vərəm xəstəsi olmasına gətirib çıxarır: "Vərəm xəstələrinin qeydiyyatının olmaması çox ağır problemdir. Bu problemə daha çox kənd yerlərində rast gəlinir. Bəzən həkimlər xəstələri qeydiyyata almadan müalicə edirlər. Həkimlərə qarşı bir cəza olmalıdır ki, onlar xəstələri rəsmi qeydiyyata almadan müalicə etməsinlər, heç bir tibb müəssisəsi bu addıma əl atmasın. Həkimlərimiz bunun məsuliyyətini başa düşməlidirlər".
Nurlan