Şuşa və ətrafı ümumilikdə tarixi mədəniyyətimizin simvoludur - ÖZƏL

"Kampaniyaçılığın heç zaman tərəfdarı olmamışam. Amma turistlərin Şuşada tarixi abidələrə ziyan vurmaq cəhdi qəbul olunmazdır.  Şuşa və ətrafı ümumilikdə  tarixi mədəniyyətimizin simvoludur.  Belə maddi və mənəvi resurslar qorunmaqla bərabər, tariximizin, zəngin keçmişimizin yaddaşı kimi turistlərə təqdim olunmalıdır". Bunu "Olaylar"a ekskluziv açıqlamasında siyasi şərhçi Əkrəm Bəydəmirli deyib: "Ümumiyyətlə, həm yerli, həm də xarici turistlərlə bağlı maarifləndirici  tədbirlərin  sayı  və keyfiyyəti artmalıdır. Görünür bu sahədə ciddi problemlər var.

Müxtəlif vaxtlarda müxtəlif məkanlara, gözəl meşə massivlərinə səfər edən bir çox  insanlar özlərindən sonra həmin əraziləri çirkli hala salırlar. Çirkli hal  daha yumşaq ifadədir.  Qənaətimcə, istər ətraf aləmə, istərsə də tarixi abidələrə qarşı məsuliyyətsiz yanaşıb ziyan vuran şəxslər barəsində sərt qanuni tələblər olmalıdır. 

Qaldıki şəhidlərimiz hər birimiz üçün əzizdir. Onların qəhrəmanlığı, döyüş yolu cəmiyyətə, yetişməkdə olan nəsillərə tanıdılmalıdır. Bu yolda yalnız potensialı olan şəxslər sözünü deməlidir. Yəni naşılıq,  savadsız yanaşma təbliğat işlərinə ziyan vurar. Nəhayət şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün  peşəkar səviyyədə sənədli filmlərin çəkilişi, kitabların yazılışı, tədbirlərin təşkili artmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31