Züleyxa NADİR yazır... Alnına “xeyriyyəçi” damğası vurulan adam
Bütün zamanlarda dünyada yaxşılar, fərqli insanlar nümunə olub, əliaçıqlığı, səxavəti, humanistliyi və xeyirxahlığı ilə yaxşılığın fövqündə dayanıblar. Onlar cəmiyyətin sosial bərabərsizliyində bir tarazlıq yaratmaq istəyiblər, ən azı, “bu, mənimdir” yox, “bu, bizimdi – sənin, mənim, onundu” prinsipi ilə yaşayaraq “xeyriyyəçi”, “mesenat” adı alıblar.
30 Yanvar 2018 14:01 SosialZüleyxa NADİR
Alnına "xeyriyyəçi" damğası vurulan adam
Bütün zamanlarda dünyada yaxşılar, fərqli insanlar nümunə olub, əliaçıqlığı, səxavəti, humanistliyi və xeyirxahlığı ilə yaxşılığın fövqündə dayanıblar. Onlar cəmiyyətin sosial bərabərsizliyində bir tarazlıq yaratmaq istəyiblər, ən azı, "bu, mənimdir" yox, "bu, bizimdi - sənin, mənim, onundu" prinsipi ilə yaşayaraq "xeyriyyəçi", "mesenat" adı alıblar.
İndi haqqında söhbət açacağım Bəhram Əliyev "mesenat" adı almasa da, müəyyən stereotipləri sındıraraq elində-obasında, bütövlükdə Astara rayonunda, eləcə də ətraf bölgələrdə xeyriyyəçi kimi tanınır. O, çox maraqlı həmsöhbətdi. Savadı, dünyagörüşü, zəhməti, bacarığı, səriştəsi, prinsipiallığı və mübarizliyi ilə seçilən Bəhram müəllim əsil xeyriyyəçidi. Onunla söhbət edərkən başa düşdüm ki, insanlara yardım etmək kimi təmənnasız xidmətin kökündə insanpərvərlik, sevgi, şəfqət hissi və gözütoxluq dayanır. Bu duyğular ona genetik olaraq atasından keçib. Atası Qəzənfər kişi sadə mexanizator olsa da xarakterindəki yaxşılıqlar hər zaman əməlində və davranışında özünü büruzə verib. O da yaşadığı kənddə həmkəndlilərinin hər zaman əlindən tutub, maddi tərəfdən gücü çatmasa da mənəvi zənginliyini sərgiləyib. Xeyirli və faydalı məsəhətlərini kimsədən əsirgəməyib. Dünya malında gözü olmayib, bir parça çörəyini belə ehtiyacı olan qonşusu ilə bölüşüb. Bu gün də oğlu onun yolu ilə gedir. Bəhram müəllim deyir:
-Əgər qonşun acdırsa gözünə yuxu getməməlidir. Sən burda rahat yorğan-döşəkdə yatırsan və bilirsən ki, onun balaları ehtiyac içindədir. İnanın ki, bu, Allaha da, bəndəyə xoş getməz. Ağlım kəsəndən Allahdan bir istəyim olub ki, imkanım daxilində çörəyimi tək yeməyim, əlimdən gələni kimsədən əsirgəməyim. Çox şükür ki, Allah bunu mənə nəsib edib. Yaşadığım Qamışovka kəndi Kakalos inzibati ərazi dairəsinə daxildi. Bu balaca kəndin əhalisi əkinçilik və balıqçılıqla məşğuldu. Burada 80 təsərrüfat, 60 yaşayiş evi var. Kəndin əhalisi demək olar ki, regionun ictimai-siyasi, sosial-iqtisadi mədəni həyatinda hər zaman öz sözünü deyir. Mən bu kəndin oğlu, əhalinin yaxını, qohumu, qonşusu, dostu olaraq baş qaldıran bəzi çatışmazlıqları aradan götürməyə çalışıram. Buna mənim mənəvi gücüm, maddi imkanlarım yol verir. Kiməsə balaca bir yaxşılığım keçəndə elə bilirəm ki, dünya mənimdir. Dərdli bir insanın üzünü güldürə bilirəmsə, Allahın ən xoşbəxt bəndəsi olduğumu düşünürəm və min dəfə, milyon dəfə Yaradana şükür edirəm.
Bu gün Bəhram müəllimi kənddə hamı xilaskar kimi tanıyır. Bu adı o, pul-para ilə satın almayib. Şəxsi fermer təsərrüfatından gələn qazancın bir hissəsini xeyriyyə işlərinə sərf etməsi belə bir şərəfli adı ona nəsib edib. 1988- 1990-cı illərin əvvəllərində ölkədə ictimai-siyasi vəziyyətin gərgin olduğu bir zamanda xalqın güzəranı kəskin şəkildə aşağı düşmüşdü. Ermənistandan deportasiya olunan soyadaşlarımız, Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr, sərhədyanı regionlardan məcburi köç edən əhali bütün bu qarışıqlıq içində az qala sabaha ümidini itirmişdi. Belə bir zamanda astaralılar, eləcə də Kakalos kəndinin əhalisi müharibə ab-havasında rahat yata bilmirdilər, səksəkə içində yaşayırdılar. Az qala insanların əl-ayağı yerdən-göydən üzülmüşdü.
Amma dünya yaxşılardan xali deyil. Allah hər zaman bir çıxış yolu göstərir və öləziməkdə olan ümidə can verir. Bu ümid Bəhram Əliyevin şəxsində bir xilaskar olaraq Kakalos camaatı üçün möcüzəyə döndü. O zaman Bəhram müəllim balıq vətəgəsində briqadir işləyirdi. İşdən sonra və istirahət günlərində dənizdən balıq tutub kənd camaatına verirdi. Çalışırdı ki, kənddə aclıq olmasın. Əlinə düşən ərzaqı ev-ev paylayirdi. Bu, o demək idi ki, Allah bu kənddən üz çevirməyibmiş. Əksinə xoşbəxt bəndə olublar ki, Bəhram Əliyev kimi oğul yetişdiriblər. İnsanlar bu gün də danışırlar ki, Bəhram Əliyev olmasa həmin illərdə əhali aclıq imtahanından çıxa bilməyəcəkdilər. Bəhram Əliyev o gündən insanların ümid işığı oldu. Hər ailənin pənahına, məsləhətçisinə, ağsaqqalına, yolgöstərninə çevrildi.
Heç vaxt özünü reklam etmədi. Ağır zəhmət nəticəsində yaratdığı şəxsi fermer təsərrüfatının gəliri ilə milyon sahibi olmağı düşünmədi. Nə də qazancını götürüb xarici ölkələrdə səyahət edərək gəzib-dolanıb kef etməyi ağlının ucundan belə keçirmədi. Hər zaman buna haqqı çatmadığını düşündü, yaşadığı kənddən kənara çıxa bilməyən həmkəndlisinə hörmətsizlik kimi qiymətləndirdi. Bir gün belə olsun dinini-imanını pula satmadı, meşşan həyat tərzinin nə olduğunu bilmədi, əxlaq və namus hissini sərvətinin içində itirib-batırmadı. Sadəlik və mədəniyyət nümayiş etdirmək Bəhram Əliyevin həyat tərzinə çevrildi.
-Başqalarından fərqli olaraq pulum bir qədər artıqdırsa özümü gözə soxmaram, - belə deyir Bəhram Əliyev. - Pul nə üçündür? Xərcləmək üçün qazanılmırmı? Amma özünə çatacaq qədərini xərcləyəndə əsil insan kimi yaşayırsan, qorxu-hürkü hissi səni təqib etmir. Rahat yataraq yuxudan gümrah oyana bilirsən. Bəlkə də imkanlı, varlı-pullu insanların çoxu pullarını xərcləməyin mexanizmini bilmirlər. Gəlirlərini hara yönəltməyi, necə istiqamətləndirməyi bacarmırlar. Mən isə bunun yolunu yaxşı bilirəm. Xeyriyyəçilik etmək, özü də açıq-aşkar hər kəsin gözü önündə, kimsədən gizlətmədən edirəm. Çünki halal qazancımdı, bunu başqasının tikəsinə əl uzatmadan qazanmışam. Ona görə də kimsədən çəkinəcəyim yoxdu, dövlətdən də ehtiyat etmirəm, vergini vaxtında ödəyirəm, borclu qalmağı sevmirəm.
Mal-mülk, dəyəri hesaba gəlməyən sərvət, çoxlu pul insana xoşbəxtlikdən çox bədbəxtlik gətirir. Bu bədbəxtlik Şərq nağıllarında qızıl ilanın yer altında daş-qaş üstündə yatması ilə ifadə olunub. Acgöz, sərvət hərisi olan birisi bu ilana toxunsa öləcək. Amma Bəhram Əliyev bu nağılın "qızıl qanununa" əməl edənlərdəndi. Ona görə də qazandığı pulu xərcləməyin istiqamətini müəyyənləşdirməkdə çətinlik çəkmir, var-dövlətinin bir hissəsini xeyriyyə işlərinə sərf edir və Allah yanında savab qazanır. Bu səbəbdən də xoşbəxtlik onun taleyinə böyük hərflərlə yazılır.
Xeyriyyəçilik onun Alın Yazısıdı. Sadədi, həm də uzaqgörəndi. 1996-cı ildə 1,5 hektar sahədə Heydər Əliyevin büstü ucaldılmış park salanda çoxları ona qəribə baxır, bunu nə məqsədlə etdiyini anlaya bilmirdilər. Bəhram Əliyev bəlkə də o zaman - insanların ona şübhə ilə yanaşdıqları bir dövrdə - Azərbaycan xalqının və dövlətinin xilaskarı rolunda meydana atılan Ulu Öndərin bu millət üçün edəcəklərini əvvəlcədən fəhmlə hiss edibmiş. Bəlkə də bu hissin aydın işığı Heydər Əliyev kimi tarixi şəxsiyyətin adının əbədiləşdiləşdirilməsi üçün ona stimul verib. Tarix göstərdi ki, Bəhram Əliyev səhv etməyib. Bu addımı onu cavan yaşlarından sözükeçən ağsaqqal səviyyəsinə ucaldıb, sözü bütöv, özü uca şəxsiyyət məqamında saxlayıb.
***
Əslində yazıda məqsədim Astara rayonu Kakalos bələdiyyəsinin sədri Bəhram Əliyevin xeyriyyəçilik fəaliyyətinə işıq salmaqdı. Amma madam ki, yerli özünüidarə qurumuna rəhbərlik edir bələdiyyədə görülən işlər, reallaşdırdığı layihələr haqqında da yazmağın vacibliyini düşünərək ona suallar ünvanladım. Cavab olaraq xeyli danışdı. Və mən başa düşdüm ki, bu qədər hörmətli, sözükeçən olmağının səbəbi təkcə etdiyi yaxşılıqlar deyil, həm də vəzifəsinin məsuliyyətini dərk etməsidi. Yerli özünü idarəetmə qurumunun rəhbəri fəaliyyət göstərdiyi əraziyə bağlı adam olmalıdır. Bələdiyyə ərazisində yaşayan insanlar torpaq adamlarıdı. Necə deyərlər onların çörəyi torpaqdan çıxır. Bəhram Əliyev də ilk növbədə torpaq adamıdır. Özü bu barədə belə deyir:
- Mən torpağa, elə -obaya bağlı bir insanam. Doğulduğum kəndi, üstündə gəzdiyim torpağı çox
sevirəm. Gözümü bu obada açmışam, torpağa bağlı olan valideynlərimdən insanlıq dərsi almışam, torpağa sevgi öyrənmişəm. Torpaq elə bir varlıqdır ki, gərək onu özün qədər, anan kimi, övladların kimi sevəsən. Ata kimi onun qayğısına qalasan, nazını çəkəsən, daim pərvanə olub başına fırlanasan. Bax, o zaman Ana Torpaq sənin əməyinin qarşılığını verir. Məncə, bundan böyük sevinc, bundan yaxşı uğur yoxdur. Ana torpağın onu sonsuza qədər sevən bir övladı olmağımdan çox böyük qürur duyuram. Mən torpağı sevməsəydim, inanın ki, insanları da sevməzdim, onlara qayğı göstərə bilməzdim. Bilirsinizmi bu niyə belədi? İnsan torpaqdan yaranıb, torpağa da dönəcək. Ona görə də bunları bir-birindən ayırmaq mümkün deyil. Birini sevib, o birinə nifrət etmək insan oğluna yaraşmaz.
Söhbətin bu yerində düşünürəm ki, görəsən bələdiyyədə işləmək onun xeyirxahlığına mane olurmu, ya əksinə əlindənmi tutur? Sanki, düşündüklərimi hiss edirmiş kimi ona aydınlıq gətiri:
-Yerli özünüidarə orqanları olan bələdiyyələr Ulu Öndərimiz Heydər Əliyevin sözləri ilə desək, Azərbaycanda demokratiyanın inkişafında bir mərhələ sayılır. Bələdiyyələrin tam və müstəqil fəaliyyəti üçün isə çoxsaylı qanunlar hazırlanıb və prezident İlham Əliyev tərəfindən təsdiq edilib. Özünüidarə qurumu kimi müstəqil bir sistem olan bələdiyyələr təbii ki, ilk növbədə əhali ilə birgə olmalıdır. Əhalinin onlara olan etimadını doğrultmalıdır. Bizim Kakalos bələdiyyəsi hər zaman buna çalışır. Biz kənd camaatının demək olar ki, hər birinə, hər ailəsinə bələdik. Onlar dərd-sərlərini, problemlərini, rast gəldikləri çətinliklərini bizimlə bölüşürlər. Əvvəldən elə şərait yaratmışıq ki, insanlar şikayət etmək üçün başqa bir quruma üz tutmasınlar. Onu da deyim ki, bu işləri mən təkbaşına görmürəm. Bələdiyyəmizin qulluqçuları və üzvləri kənd əhalisinin hər bir müraciətinə həssalıqla yanaşırlar. Əslində belə də olmalıdır. Çünki bizim hər birimiz bu kəndin övladıyıq. Qohumumuzun, qonşumuzun, tanıdığımız, tanımadığımız kənd sakininin bələdiyyəyə inamını və etibarını qazanmağa çalışırıq. Məqsədimiz odur ki, insanlar bu qurumun faktiki fəaliyyətini görsünlər, qiymət versinlər, maraqlı təklif və təşəbbüslərlə yardımçımız olsunlar. Bir sözlə, əhali ilə birgə iş görmək üçün həmişə münasibətlərimizi tənzimləyirik. Məlumdur ki, hər hansı bir qurumun işləməsi üçün vəsaitin olması vacibdir. Bizim bələdiyyənin büdcə məsələləri də yerli əhalidən asılıdır. Əhali ilə qurduğumuz birgə işin nəticəsində buna müəyyən qədər nail ola bilirik. Bələdiyyəmizin büdcəsi kənd təsərrüfatı üçün istifadə olunan torpaqlara görə fiziki şəxslərin torpaq vergisi, yaşayış fondlarının, həyətyanı sahələrin və bağ sahələrinin torpaq vergisi, bələdiyyə torpağının icarəyə verilməsindən icarə haqqı, bələdiyyə torpağının satışından daxilolmalar, dövlət büdcəsindən maliyyə yardımları və digər gəlirlərlə müəyyənləşir. Bələdiyyəmizə vergilərdən daxil olan məbləği hər zaman aidiyyatı üzrə xərcləyirik. Bir sədr kimi mən bunun məsuliyyətini dərk edirəm. Yerli özünüidarəetmə qurumunun qazancını kənara xərcləmək vicdansızlıqdı. Məni seçən, etibar edən, inanan insanların inamını qırmağa ixtiyarım yoxdu.
***
Bəli, Bəhram Əliyevin həm də ixtiyarı yoxdu ki, işini və insanları sevməsin. Çünki bu, onun qanındadır, canındadı. Bunlar onun həyat kitabına yazılmış uğurların köküdür. Mən onun həyat kitabını vərəqləyərkən orada uğur, sevinc, xoşbəxtliklə yanaşı çətinliklər də gördüm. Amma bu çətinliklərdən yazmıram. Çünki hər çətinliyin arxasında bir cazibə qüvvəsi var. Bu qüvvə Bəhram müəllimin ailəsidi - tərbiyə edib böyütdüyü beş övladının xoşbəxt gələcəyinə olan inamı, altı yaşlı sonbeşik Dənizinin üzündəki təbəssümü, gözlərindəki işığıdı.
Ki... bütün bunlar Bəhram Əliyevin hər zaman işin çətinindən yapışmağa stimul verir, zəhmətlə yoğrulmuş şərəfli bir ömür yaşamağa ruhlandırır.