Belə-belə işlər... Elçin Hüseynbəyli yazır- Əmim oğlunun toyu və şəhərli qonaqların macərası

Hə, dostlar, qəribə işlər təkcə sizin başınıza gəlmir. Bu dünyada o qədər yadda qalan olaylar var ki. Bəni-adəm yaranandan insanlar bir-birilərinə kələk də gəliblər, yalan da danışıblar, xeyirxahlıq da ediblər. Mən də sizə ötən əsrin 80-ci illəriylə bağlı (ötən əsrin e!) bir hadisə danışacam. Bu, əslində hadisə də yox, ovqat açmaq üçün xırda bir əhvalatdır.

Belə-belə işlər

Elçin Hüseynbəyli

Əmim oğlunun toyu və şəhərli qonaqların macərası

Hə, dostlar, qəribə işlər təkcə sizin başınıza gəlmir. Bu dünyada o qədər yadda qalan olaylar var ki. Bəni-adəm yaranandan insanlar bir-birilərinə kələk də gəliblər, yalan da danışıblar, xeyirxahlıq da ediblər. Mən də sizə ötən əsrin 80-ci illəriylə bağlı (ötən əsrin e!) bir hadisə danışacam. Bu, əslində hadisə də yox, ovqat açmaq üçün xırda bir əhvalatdır.

Ötən əsrin həmin o səksənincilərində başında xəritə cızılmış, Mixail Qorbaçovun "ayıq illərində", yəni şərabın yasaq olduğu vaxtlarda əmim madar oğluna toy eləyirdi. Özünüz də bilirsiniz ki, biz qanunpərəst xalqıq, özümüzün yox, özgələrin qadağalarına can-başla əməl edənlərdənik.

Nəsə...

Toydan əvvəl əmim hardansa altmış ədəd rus arağı almışdı. Qorbaçovun qadağası bir yana, kənddə toyda zavod arağı vermək dəbdəydi, yəni bir növ "prestij" sayılırdı. Əksər adamlar ilboyu əldə çəkmə araq içdiklərindən bezmişdilər, ona görə də toyda zavod arağı tələb edirdilər.

Toya bir neçə gün qalmış şəhərdən yaxın qohumlarımız da gəlmişdilər, özü də yeyib-içən "uşalqlar" idilər. Qonağın da yanına qonaq gələr. Şəhərdən gələnləri görmək üçün qohum-əqrəba əmimgilin qapısına axışırdı. Toy-toya qarışmışdı, yeyib-içmək, vur-çatlasın, gəl görəsən.

Toya bir gün qalmış əmim dedi ki, zavod arağı qurtarıb, camaata üstü "peçatlı" araq verməsək, ilboyi dalımızca zurna-balaban çalacaqlar. Ona görə də araq dalınca bir neçə yerə adam göndərdi, hamısı da əli ətəyindən uzun geri qayıtdı. Təkcə bir yerə güman vardı - Horadizə. Ordan demişdilər ki, Bakıdan araq gəlməlidir, gələn kimi göndərəcəklər kəndə. Amma həmin axşam araqlar gəlib çıxmadı. Yalnız toyun səhərisi günü araqları gətirdilər. Qonaqlar da getməyə hazırlaşırdı. Yola düşmək istəyəndə məlum oldu ki, gəldikləri maşının iki təkərini oğurlayıblar. Düzü, hamı əmimin özündən şübhələndi, elə haq da elədilər. Çünki heç kim qorxusundan bizim həyətə yaxın düşə bilməzdi. Əmim dedi ki, təkərləri bu araqlar içilib qurtarandan sonra verəcək. Qonaqlar hərəsi bir bəhanə gətdilər. Biri dedi, işdə təcili iclas var, o biri dedi ki, işçilərin əmək haqqını mühasibatlığa təqdim eləməlidir... amma bunların heç biri işə yaramadı. Həmin həftə əmimgildə qonaqlıq davam elədi və zavod arağı verilmədiyinə görə toydan inciyib getmiş adamlar da o qonaqlığa çağırıldı...

Şəhərdən gələn qonaqlar bir neçə gündən sonra, elə sərxoş haldaca  kənddən çıxıb getdilər, bərayi-ehtiyat yollarına əldə çəkmə araq da götürdülər...

Sonrası nə oldu, necə oldu, tay orası mənlik deyil...

Yanvarın sonu, 2018

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31