İnsanların canını səssiz alan kabus
Qış mövsümü ilə əlaqədar olaraq dəm qazından zəhərlənmə və qaz sızması nəticəsndə partlayış hallarının sayı artıb. Xüsusən, son günlər dəm qazından zəhərlənmə nəticəsində ölüm hallarının baş verməsi narahatçılıq doğurur. Rəsmi məlumata görə, cari ilin yanvar-sentyabr aylarında xəstəxanaya dəm qazından zəhərlənmə ilə bağlı 273 nəfər müraciət edib.
20 Dekabr 2017 13:30 SosialDəm qazı təhlükəsindən xilas olmağın yolları...
Qış mövsümü ilə əlaqədar olaraq dəm qazından zəhərlənmə və qaz sızması nəticəsndə partlayış hallarının sayı artıb. Xüsusən, son günlər dəm qazından zəhərlənmə nəticəsində ölüm hallarının baş verməsi narahatçılıq doğurur. Rəsmi məlumata görə, cari ilin yanvar-sentyabr aylarında xəstəxanaya dəm qazından zəhərlənmə ilə bağlı 273 nəfər müraciət edib. Məsələ orasındadır ki, eyni vəziyyət hər il təkrar olunmaqdadır. Aidiyyatı qurumlar xəbərdarlıq edir, vətəndaşlar isə qulaqardına vurur. Belə məlum olur ki, ya vətəndaşlar həyatlarından beziblər ki, işlərini etibarlı tutaraq standartlara uyğun qızdırıcı cihazlardan istifadə etmirlər, ya da ki, aidiyyatı qurumlar vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərindən mənzillərə çəkilən borular təlimata cavab vermir. Amma hər iki halda itirən və itgilərə məruz qalan vətəndaşlar olur. Odur ki, vətəndaşlar özlərinin və ailə üzvlərinin təhlükəsizliyini nəzərə alaraq sertifikartı olan qızdırıcı cihazlara üstünlük verməli, aidiyyatı qurumlardan isə texniki təhlükəsizlik qaydalarına riayət etmələrini tələb etməlidir. Çox təəssüf ki, reallıqda vəziyyət tamamilə başqa cürdür. Belə ki, vətəndaş bazarda sertifikatı olan yox, daha ucuz qızdırıcı cihaz axtarır. Qaz çəkilişini həyata keçirməli olan tender şirkətlər isə bu vəzifəni vətəndaşların üzərinə qoyur. Nəticədə isə ölkədə qazdan zəhərlənmə və ölüm halları daha çox baş verir. Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov bildirib ki, qazdan təhlükəsiz istifadə qaydalarına görə, su qızdırıcılarının tüstü bacaları ildə bir dəfə, digər qızdırıcı cihazların tüstü bacaları isə istilik mövsümündən əvvəl mütləq təmizlənməlidir: "Təəssüf ki, bununla məşğul olan ciddi qurum yoxdur. Adını bilmədiyim bir MMC var, hansı ki, bu işlə məşğul olduğunu iddia edir. Lakin həmin şirkət 8 manat pul alaraq, tüstü bacalarını təmizləyir. Ona görə, insanlar narazılıq edir, baha olduğunu deyir. Çünki həmin şirkət nümayəndələri sadəcə dama çıxıb, bacadan "kirpi" adlı cihazı aşağı ötürür. Bunun qarşılığında isə 8 manat pul alıb gedirlər. Həmin şirkətin nə bir afişası, reklamı var, nə də ki, insanlar onu tanıyır". Onun sözlərinə görə, qaydalara uyğun olaraq, şəxsi evlərdə tüstü bacalarının təmizlənməsi ev sahibinin üzərinə düşür. İnsanlar isə kimə müraciət edəcəyini bilmir.
Hansı hallarda dəm qazından zəhərlənmə baş verir?
Məlumat üçün qeyd edək ki, kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. O, natamam yanma məhsuludur, güclü zəhərləyici xassəyə malikdir. Üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsi ilə xaric olunur. Bacada və tüstü borularında problem olduqda isə qaz insan öldürə bilir. Qeyd edək ki, dəm qazı ilə zəhərlənmə çox rast gəlinən zəhərlənmələr siyahısında (alkoqol, dərman preparatları və narkotik maddələr) dördüncü yeri tutur. Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətindən verilən məlumata görə, dəm qazı ilə zəhərlənmənin səbəbləri müxtəlifdir. Suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması, soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması, standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi, sobanın qapağının vaxtında bağlanmaması, yanacağa yanma üçün lazımi miqdarda havanın daxil olmaması kimi hallar boğulmaya səbəb ola bilər. Odur ki, nazirlik hər il dəm qazı zəhərlənmələri ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Vətəndaşlar təhlükəsizlik qaydalarına niyə riayət etmirlər?
FHN-ndən bildirilib ki, son zamanlar qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə alınmaqdadır. Araşdırmalar zamanı müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir. Dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda qeydə alınır. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir. Kimyəvi adı karbon monooksid olan dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Qapalı şəraitdə daha da təhlükəli olur. Karbon monooksid tənəffüs zamanı ağciyərlərdən qana daxil olur. Adətən oksigenlə birləşməli olan hemoqlobin bu dəfə karbon monooksidlə birləşməyə başlayır və karboksihemoqlobin yaradır və qan artıq oksigeni daşıya bilmir. Bu proses oksigenlə birləşmədən 300 dəfə daha intensiv baş verir. İnsan oksigen çatışmazlığından boğulmağa başlayır. İnsan ürəyi bir vurmaya 200 ml-dən çox qan sərf etdiyindən ağciyərlərə düşən dəm qazı sayılan saniyələr ərzində bütün orqanizm boyu yayılır:
İlkin tibbi yardın mecə göstərilməli?
"Dəm qazından zəhərlənmə zamanı bu simptomlar özünü büruzə verir: gözlərin yaşarması, başağrısı, başgicəllənmə müşahidə olunur. Getdikcə zəiflik, ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə hallüsunasiyaları başlayır. Qıcolma tutmaları və nəhayət, tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir. Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlayın, evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir. Mənzildə qızdırıcıların hava çəkmə borularının düzgün işləməsinə nəzarət edilməlidir. Unutmayın ki, qızdırıcı soba ilə mənzilin ölçüsü uyğun gəlməlidir. Misal üçün, mətbəx həddindən artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya sistemi quraşdırılmayıbsa, böyük ölçüdə qaz pilətəsi qoymaq olmaz. Eyni qayda hamam otağına da aiddir. Kiçik hamam otağına böyük ölçülü suqızdırıcının qoyulması təhlükəlidir. Cihazın borusunun çıxış yeri olmalıdır. Zəruri ventilyasiya sistemi yoxdursa, mütləq hamam otağının qapısının aşağı hissəsində hava oynaması üçün dəliklər açılmalı və ya qapalı mühitdə qaz yandırılarkən nəfəsliklər açıq olmalıdır.
Otaqlarda quraşdırılmış qızdırıcı sobanın fəaliyyətinə vaxtaşırı fasilə verilməlidir. Bu zaman otaqda havanın dəyişdirilməsi üçün pəncərələr açılmalıdır. Unutmayın ki, mənzil mütəmadi havalandırıldıqda dəm qazından zəhərlənmə riski azalır. Evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki pasportunun olub-olmamasına diqqət yetirin. Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etməyin. Tüstü borusu olmayan sobaları almayın. Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır.
Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir. Lakin təcili tibbi yardım gələnədək ətrafdakılar ona ilk yardımı göstərə bilərlər. Zərərçəkəni dərhal təmiz havaya çıxartmaq, onu kürəyi üstə uzatmaq və yaxalığını açmaq lazımdır. İmkan olduqda oksigen yastıqlarından istifadə edilir. Alın və sinəyə soyuq kompres qoyun. Əgər zərərçəkmişin huşu özündədirsə, o zaman ona isti çay verin. Dəm qazından yüngül zəhərlənmə olduqda, yəni zərərçəkmiş bu simptomları vaxtında hiss edib məkanı tərk etdikdə, o zaman sadəcə təmiz hava ilə tənəffüs etmək yetərlidir. Zərərçəkmiş huşunu itiribsə, ona naşatır spirti ilə isladılmış pambıq parçasını iylətmək lazımdır. Naşatır spirti olmadıqda onu adi sirkə ilə də əvəz etmək olar. Zərərçəkmiş nəfəs almırsa və ya tənəffüsü zəifdirsə, ona süni nəfəs vermək lazımdır. Zərurət olduqda ürək masajı edilməlidir. Zərərçəkmişə yardım göstərilməsi üçün təcili tibbi yardım briqadası çağırılmalıdır. Dəm qazından zəhərlənmiş insan özünü yaxşı hiss etsə belə, ən azı 24 saat həkim nəzarəti altında qalmalıdır".
Alim