Gədəbəydən Türk dünyasına sazlı-sözlü salam
15:30 SosialMədəniyyət Nazirliyinin Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Gədəbəy Rayon Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə şair Gəray Göyyurdun "Bizim ailəmizdir, dost, qardaş Türk dünyası" kitabının təqdimatı keçirilib.
Gədəbəydə fəaliyyət göstərən Aşıqlar Məktəbində təşkil olunan tədbir Türk dünyasının birliyinə, Azərbaycan-Türkiyə qardaşlığına, ortaq milli-mənəvi dəyərlərə həsr olunub. Tədbir iştirakçıları yeni kitabı maraqla qarşılayıb.
Təqdimatda bildirilib ki, Gəray Göyyurdun yaradıcılığında Türk dünyası mövzusu, özəlliklə Azərbaycan və Türkiyənin sarsılmaz dostluğu, qardaşlığı önəmli yer tutur. Şairin poetik dünyasında ortaq tarix, dil, mədəniyyət və mənəvi yaddaş çağdaş türk birliyi ideyası ilə qovuşur.
Tədbir boyunca səsləndirilən şeirlər də bu böyük mənəvi coğrafiyanın birliyini və qardaşlıq ruhunu tərənnüm edib. Gəray Göyyurdun Azərbaycan Prezidenti İlham Əliyevə və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr etdiyi şeirlər iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Aşıqlar şairin "İki qardaş, iki Cümhurbaşqanı", "Yolunu gözləyir Turan", "Türkiyə" və "Qalıb" adlı şeirlərini sazın müşayiəti ilə ifa edib. Saz və sözün birliyi tədbirə özəl ovqat bəxş edib, Azərbaycan aşıqlığının qədim gələnəkləri ilə çağdaş Türk dünyası düşüncəsi arasında mənəvi körpü yaradıb.
Tədbir Gəray Göyyurdun "Ətrafında birləşin Ali Baş Komandanın" adlı şeirinin səsləndirilməsi ilə başa çatıb.
Sonda şair yeni kitabını tədbir iştirakçıları üçün imzalayıb.
Beləliklə, Aşıqlar Məktəbində keçirilən təqdimat həm də sazın, sözün və ortaq yaddaşın dili ilə Türk dünyasının mənəvi birliyinə sayğının ifadəsi kimi yadda qalıb.