Silahlı qarşıdurmalar baş verə bilər- ÖZƏL
15:52 Siyasət"Suriyada neft yanacağının, dizelin, benzinin və digər məhsulların bahalaşması etirazlara gətirib çıxardı. Burada əsas problem bundan fürsət bilərək müəyyən qrupların etirazların dalğalanmasına səbəb olmasıdır. Çünki Suriya getdikcə öz suverenliyini və ərazi bütövlüyünü təmin edir. Kürd silahlı qruplarının ləğvi, inteqrasiyası, kürd silahlı qruplarının liderlərinin siyasi proseslərə inteqrasiyası və hakimiyyətdə yer alması istiqamətində müəyyən addımlar atıldı". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Təbii ki, Suriyada sabitlik istəməyən qüvvələr də bundan istifadə etməyə çalışırlar. Bu etirazların əsas səbəblərindən biri isə uzun illər davam edən müharibədən sonra Suriyada iqtisadi vəziyyətin ağır olmasıdır. Əhməd əş-Şara hökuməti dəfələrlə təhsil və tibb işçilərinin əməkhaqlarını artırıb və bu istiqamətdə ciddi islahatlar həyata keçirir.
Türkiyənin də Suriyaya hərbi, siyasi və iqtisadi dəstəyi var. Türkiyə Suriyanın sabitliyi, ərazi bütövlüyü v istiqamətində mühüm addımlar atır. Lakin İsrail Suriyada kürd silahlı qruplaşmalarının inteqrasiyasını qəbul etmir. Druzlara dəstək verir. Siyasi sabitliyin təmin olunmasında maraqlı deyil. Həmçinin Əsəd rejiminin müəyyən qalıqları və tərəfdarları da Suriyada siyasi sabitliyin təmin olunmasında maraqlı deyillər.
Bu baxımdan, etirazlar təkcə sosial xarakter daşımır. Bu etirazların arxasında müəyyən mərkəzlərin olduğu və onların Suriyada yenidən vətəndaş müharibəsinə, xaosa və anarxiyaya gətirib çıxara biləcək proseslərdə maraqlı olduğu istisna deyil. Əsas məqsəd Suriyanın sabitləşməsinin və inkişafının qarşısını almaq, eyni zamanda Türkiyənin bu ölkədəki rolunu mümkün qədər neytrallaşdırmaqdan ibarətdir.
Türkiyə XİN rəhbərinin Suriya səfəri fonunda bu etirazların baş verməsi təsadüfi deyil.
Türkiyə və Suriya buna imkan verməyəcək. Bununla belə, yaranmış vəziyyətdən istifadə edən müəyyən silahlı qrupların yenidən fəallaşa, silahlı qarşıdurmalar baş verə bilər".