Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərnək və kursların təqdimatı keçirilib

Artıq 4 ilə yaxındır ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində kurs və dərnəklər fəaliyyət göstərir.

Artıq 4 ilə yaxındır ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində kurs və dərnəklər fəaliyyət göstərir.

Təqdimat mərasimində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, tanınmış təhsil, mədəniyyət xadimləri, fəxri qonaqlar, Daşkənddə fəaliyyət göstərən internat və orta məktəblərin müəllim və şagirdləri, jurnalistlər iştirak ediblər.

Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm və əl işləri dərnəyinin fəal şagirdlərinin əl işlərindən ibarət sərgi, habelə Mərkəzin foyesində dərnəklərin hazırladığı master klaslar iştirakçılara təqdim edildi.

Açılışda çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ötən illərdə Mərkəzdə yaradılan rəqs, rəsm, əl işləri, fortepiano, Azərbaycan dili və kompyuter kursları haqqında məlumat verərək, əsas məqsədlərinin Azərbaycanın zəngin mədəniyyətini, dilini təbliğ etmək, iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək, habelə yeni-yeni istedadları üzə çıxararaq onların fəaliyyətinə stimul vermək olduğunu bildirmişdir.

O, Azərbaycan və Özbəkistanda uşaq və yeniyetmələrə qayğı, ölkəmizdə Heydər Əliyev Fondunun dəstəyi ilə yeni - yeni uşaq - internat evlərinin, sağlamlıq və reabilitasiya mərkəzlərinin inşası barədə danışaraq, gələcəyimiz olan uşaqlara qayğı, onların bilikli, bacarıqlı və öz tarixlərinə, mədəniyyətlərinə dərindən yiyələnməsinin vacib olduğunu vurğuladı.

Daşkənd şəhər İnternat məktəbləri üzrə koordinasiya Şurasının sədri  Oybek Babacanov  Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək, burada uşaq və yeniyetmələrin öz fəaliyyətlərini inkişaf etdirmək üçün bütün şəraitin olduğunu qeyd etdi.

Daha sonra Mədəniyyət Mərkəzinin Azərbaycan dili kursunun təqdimatı başlandı, kurslarda iştirak edən uşaq və yeniyetmələr Azərbaycan dilində ölkəmizə aid şeirlər söylədilər.

Mərkəzin nəzdindəki kompyuter kurslarının fəal şagirdlərinin Azərbaycanın tarixi, mədəniyyəti, turizm resurslarına, habelə Qarabağın şəhərləri, abidələrinə dair xüsusi proqramla hazırladıqları slayd şou nümayiş etdirilib. Mərkəzdəki kompyuter kurslarında artıq dizayn və qrafika proqramları tədris olunur.

Təqdimat mərasiminin sonunda IDEA İctimai Birliyinin "Azərbaycanın 9 möcüzəsi" adlı layihəsi çərçivəsində çəkilmiş "Göygöl Milli Parkı" sənədli film iştirakçılara təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31