Bakının qəssabxanalarında yenə natəməzlikdir - REPORTAJ, FOTOLAR

Xələtsiz işləyən qəssabların hərəsi bir bəhanə uydurdu

Bərdə rayonunda qəssaba jurnalist olduğunu bildirən şəxs tərəfindən fəxri fərman verilməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Öncə məlumat üçün qeyd edək ki, özünü "Xalq yazarı" qəzetinin baş redaktoru kimi təqdim edən şəxs Bərdə rayonunda qəssablıq edən Orxan Bəxtirayova "Ət məhsullarının təmiz satışını nümunəvi təşkil etdiyinə görə" fəxri fərman verib. Qəssabın "Xəzər" telekanalına verdiyi açıqlamaya görə, fərmanı ona 2 il qabaq tanımadığı bir şəxs təqdim edib.

Bunun müqabilində isə ondan 30 manat pul alıb. 2 il sonra isə fərmanın fotosunun sosial şəbəkədə yayılması ilə məsələ ictimailəşib. Qəssab fərmanı ət dükanının giriş hissəsinə vurduğuna görə böyük ehtimalla fotonu hansısa müştəri yayıb. Öyrəndik ki, Mətbuat Şurasına üzv olan təşkilatlar arasında "Xalq yazarı" qəzetinin adı yoxdur.

"Yeni Müsavat"ın əməkdaşı Bakıdakı qəssabxanalara baş çəkib, onların da bu kimi hallarla üzləşib-üzləşmədiklərini araşdırdı.

Əksər qəssablar bildirdilər ki, dükanlarına yalnız Baytarlıq İdarəsi və sanitariya-epidemioloji xidmət orqanlarının əməkdaşları gəlir. Qəssab Şəba Quliyev bildirdi ki, bu hadisə onun da diqqətini çəkib: "Bu barədə  mən də sosial şəbəkələrdən məlumat almışam. Ancaq deyim ki, bizə belə müraciətlər olmur. Ət kəsəndə baytarlar gəlib ətə baxış keçirirlər. Özləri istəməsə də biz onlara 5-10 manat hörmət edirik. Yalan danışa bilmərəm, əksəriyyətimiz pul veririk. Düşünürük ki, onlar da yol gəlirlər, əziyyət çəkirlər. Çaypulu verməkdə bir problem yoxdur. Bir də sanitar-epidomoloji xidmətdən gəlib, buraları dezinfeksiya edirlər. Onlar da xüsusi qaydada geyinib, ağızlarını bağlayıb, işlərini gördükdən sonra gedirlər. Bir neçə il bundan öncə metronun "Əhmədli" stansiyanın yaxınlığında işləyirdim. Həmin vaxtlar da elə zaman idi ki, alver yox idi. Yəni mağazanın yeri yaxşı deyildi. Bir gün səhər özünü jurnalist kimi təqdim edən iki xanım yaxınlaşdı. Bildirdi ki, sizi reklam edərik, ətiniz yaxşı satılar. Sözlərindən belə başa düşdüm ki, 50 manat pul istəyirlər. Ancaq mən razılaşmadım. Çünki üstümdə heç 50 manat yox idi. Ondan başqa hansısa jurnalist gəlib bu cür təkliflər etməyib".

Digər qəssablar da oxşar fikirlər səsləndirdilər. Qeyd etdilər ki, onların mallarını yalnız baytarlıq idarəsi yoxlayır və lazımi sənədlərini də həmin idarə verir. Metronun "Neftçilər" stansiyasının yaxınlığında fəaliyyət göstərən qəssab Məmməd bildirdi ki, bütün sənədləri var, ancaq bu gün göstərə bilməz:

"Bərdədəki qəssabı kim incidib bilmirəm. Ancaq bizi incidən yoxdur. Bütün sənədlərim var, ancaq sabah gəlsəz göstərə bilərəm. İndi göstərmək istəmirəm. Ağsaqqal adamam, narahat oluram".

Onu da qeyd edək ki, qəssabların əksəriyyəti fotolarını çəkməyimizə icazə vermədilər. Səbəb kimi də əsas gətirdilər ki, əyinlərində xələtlərı yoxdur. Bəziləri bəhanə gətirdi ki, ağ xələtlərini yuyulmağa veriblər və ona görə də gündəlik geyimdə işləyirlər. Bəziləri isə açıq şəkildə söylədilər ki, xələt geyinəndə narahat olurlar. Qəssabların nəinki xələtləri, heç əlcəkləri, dükanlarında əl yumaları üçün normal yerləri də yoxdur. Əksəriyyəti bir əllərində siqaret, digərində televizor pultu oturub, müştərilərini gözləyirlər. Bir çox qəssablar ətlərini soyuducuda saxlayırlar. Səbəb kimi bildirirlər ki, ət xarab olmasın deyə belə edirlər. Digər tərəfdən də söyləyirlər ki, əti elə yenicə kəsiblər. Ümumilikdə, qəssabxanalarda fəxri fərman axtardığımız zaman bir çox mənzərələrin şahidi olduq. Şəhərdə əksər qəssabxanaların digər problemlərindən də biri orada ayaqyolunun olmamasıdır. Bütün bunlar ət alan zaman bir daha düşünməyimiz üçün bizə əsas verən faktorlardır. Elə bu kimi məsələlərlə əlaqədar ət almağa gələn şəxslərlə də söhbət etdik.

Əksər alıcılar bildirdilər ki, qəssablardan əsas şikayətləri ətin içərisinə gizlin şəkildə sümük qoymaları ilə əlaqədardır: "Ət alırsan, evdə baxırsan ki, gözün yayınan kimi qəssab 1 kiloluq sümüyü basıb ətin içinə. Elə sümük qoyurlar ki, ondan hansısa yeməkdə istifadə etmək mümkün deyil. Soruşanda niyə belə etmisən, deyirlər ki, əlimiz öyrəşib", deyə alıcılar bildirdilər.

Qəssablar isə söylədilər ki, sümük də ətin bir parçasıdır və kiməsə satmalıdırlar. Qəssabxanalarda ətləri müxtəlif cür qruplaşdırırlar. Ucuz, baha, yaşlı, yeni və digər bu kimi qruplaşmalar üzrə yığılan ətləri bəzən bir-birinə qatıb, müştərilərə verirlər. Bunu biz yox, alıcılar iddia etdilər. Onlar söylədilər ki, dəfələrlə müşahidə etmişik ki, guya çəkini düzəltmək üçün qəssab tərəzinin üstünə əlavə ət qoyur. Sonradan əlavə etdiyi həmin ət çox zaman bazarlarda 5 manata satılan ətlərdən olur. Hər halda, evdə açıb baxanda bunu hiss etmək olur.

Ümumilikdə isə biz hər hansı fərmana layiq olan qəssab görmədik...

Əli RAİS,
Fotolar müəllifindir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00