“Ana, çöldən atamın ətri gəlir...”
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində aprel döyüşləri zamanı şəhid olmuş Rusif İbrahim oğlu Ağayevin ailəsini ziyarət edib.
12 Oktyabr 2017 13:31 SosialAprel şəhidinin xatirəsinə
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində aprel döyüşləri zamanı şəhid olmuş Rusif İbrahim oğlu Ağayevin ailəsini ziyarət edib.
QISA TANITIM. Rusif Ağayev 1987 - ci il aprelin 16 - da Lənkəran şəhərinin Hirkan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına hərbi məktəbə imtahan verib. Arzuladığı hərbi məktəbə qəbul olmaq üçün Rusif Ağayevin çox cuzi balı çatmır. Ailəsinin etirazları və hərbi məktəbə qəbul ola bilməməsi onu bu arzusundan daşındıra bilmir. Rusif Ağayev hərbi xidmətini başa vurduqdan sonra öz ərizəsi ilə yenidən ordu sıralarına qoşulur. Bu dəfə Xüsusi Təyinatlıların sırasında olur. Əsgərlik komandiri ona yalvarıb ki, Xüsusi Təyinatlıların kursuna getmə. Ora çox çətindi, keçə bilməyəcəksən. 6 ay ərzində Xüsusi Təyinatlılara məxsus çətin kursu uğurla başa vurur. Bütün hərbi heyət heyrət içində qalır...
Rusifin həyat yoldaşı Mahrux xanım bildirir ki, Rusifin vətənə, torpağa olan sonsuz sevgisi onu bu yoldan çəkindirə bilmədi. "Dəfələrlə müqaviləsi bitəndə yanımızda olmasını, hərbidən uzaqlaşmasını istəyirdik. Amma o heç vaxt bizim bu istəklərimizə əməl etmirdi. Həmişə deyirdi ki, müharibə olsa birinci mən gedəcəm. Elə də oldu. Martın 28 - də bizi rayona yola saldı. "Şamaxıya təlimə gedəcəm" dedi. Sonuncu dəfə onu mart ayında gördük. Aprelin 1 - də Tərtərə yola düşdü. Aprelin 3 - də sms - lə mənə "Səni çox sevirəm. Məni heç vaxt unutma...." mesajını yazmışdı. Mən hələ də onunla olan necə illik mesajları saxlayıram. Heç vaxt silməyə əlim gəlməyib. Və nə yaxşı ki, silməmişəm...
İndi o sms - ləri oxuyanda anlayıram ki, əslində o əvvəldən məni hazırlayırmış hər şeyə...
Aprelin 5 - də qardaşına mesaj yazıb ki, "Şər deməsən xeyir gəlməz. Uşaqlara, Mahruxa necə baxmışamsa, elə baxın. Ataya əmanət". Mənimlə sonuncu dəfə aprelin 6 - da səhər, bir də günorta saatlarında danışdı. Daha sonra nə qədər zəng etdimsə, telefonu cavab vermədi ... Aprelin 7 - də bizə onun şəhid olduğunu bildirdilər"...
Sonuncu dəfə onunla telefonda danışanda güllə səslərini eşidirdim. Amma heç ağlıma da gəlməzdi ki, ona nəsə ola bilər. Məni o qədər inandırırdı ki, hər şey yaxşı olacaq... Əslində isə heç nə yaxşı olmadı...
Dəfələrlə xarici ölkələrdə təlimlərdə olub. Rumıniya, Amerika, Türkiyədə iştirak etdiyi təlimlərdə həmişə uğurlarla, diplomlarla qayıdıb. Həmişə özü də can atırdı ki, bütün təlimlərdə iştirak eləsin. Heç vaxt işdəki sözü deməzdi. Həmişə bir söz deyirdi: "Təlimə gedirəm." Hara təlimə gedir, necə təlimdi, heç vaxt, heç nə deməzdi. Aprel döyüşlərinə də gedəndə mənə dedi ki, Şamaxıya təlimə gedirəm. Sonra başqalarından eşitdim ki, Tərtərin Talış kəndindədi. Özü ilə danışanda bildiyimi deyəndə dedi ki, hə, burdayam..."
Mahrux xanım Rusifin iki yadigarına - Zəhra və Əliyə hələ də atalarının şəhid olduğunu deyə bilmir... Körpələr hələ də atalarının Türkiyədə təlimdə olduqlarını düşünürlər. Analarına " "Ataya denən gələndə bizə oyuncaq gətirsin" - deyirlər... Onlar dərsdə olanda atalarından istədiklərini alıb gətirirəm. "Ata sizə oyuncaqlar göndərib" - deyirəm..." Onların bu xəbərə hazır olmadıqlarını bildirən Mahrux xanım hər ay Lənkəran şəhərinə gedir, həyat yoldaşı Rusif Ağayevin məzarını ziyarət edir. "Uşaqlarla birgə hər ay Lənkərana onu ziyarətə gedirik. Qızım"ana, niyə atamın şəklini bura vurublar. Mənim atam ölməyib axı" - deyir... Ona "Atanın dostunun şəkili yox idi. Ona görə ata öz şəkilini verib" - deyirəm... Qızım atasına çox bağlıdı, onunla nəfəs alır. Bir az zaman keçməsini, bir az da böyümələrini gözləyirəm. Amma onda da onlara bunu necə deyəcəm, bilmirəm... Çox çətindi, çox..."
Mahrux xanım bildirdi ki, Rusif çox ailəcanlı, uşaqlarını, ailəsini sevən, onların qayğısına qalan adam idi. "Uşaqlar onun üçün bir dünya idi. İşdən evə nə qədər də yorğun gəlsəydi, onların istədiyi hər bir şeyi anındaca yerinə yetirərdi. Biz yeddi il bir yerdə yaşadıq. O qədər xoşbəxt ömür sürdük ki... Bir gün belə bir günün - onsuz bir həyatın var olacağını heç vaxt düşünməmişdim. Bütün təlimlərdən, müharibələrdən hər zaman sağ - salamat qayıdıb gələcəyinə inanırdım. Hələ də onun yoxluğuna inana bilmirəm. Həmişə deyirdi ki, "gedirəm, amma qayıtmaya da bilərəm. Sən həmişə hər şeyə hazır ol". İndi fikirləşirəm ki, o hər zaman məni bu gün üçün hazırlayırdı..."
Tez- tez Rusif Ağayevin döyüş yoldaşları, iş yoldaşları onları yad edir: "Hərdən onlar bizə gələndə Rusifin döyüş yolundan danışmalarını xahiş edirəm. Rusif özü heç vaxt öz işindən danışmazdı. Verdiyim suallar həmişə cavabsız qalırdı. Yaxın qohumlarımız da onun kəşfiyyatçı olduğundan xəbərsiz idilər. Hər kəs elə bilirdi ki, o dənizdə işləyir. Aprel hadisələrində hər kəs məəttəl qaldı ki, 11 il bu sirr necə saxlaya bilib. Ən yaxın dostu belə o rəhmətə gedəndən sonra onun hərbiçi olduğunu, kəşfiyyatçı olduğunu öyrəndi. Həmişə döyüş yoldaşları da orda olanları demirlər. Sonuncu dəfə xahiş etdim ki, son nəfəsində necə olduğunu, kimi arzuladığını, necə vəfat etdiyini desinlər heç olmasa. Onlar məni əmin etdilər ki, Rusif heç bir əziyyət çəkmədən vəfat etdi. Ölməmişdən bir gün öncə döyüş yoldaşı ilə birgə uzanıblar. Ona deyib ki, torpağın üzü necə soyuqdu... Səhərisi gün elə həmin dostu ilə birgə döyüşüb, yaralanıb. Əsgərlər yaralı dostunu götürüb, aparıblar. Qayıdanda Rusifin həlak olduğunu görürlər. Rusifi adi güllə ilə vurmamışdılar. Onu gəzən güllə ilə başından, bir də çanağından vurmuşdular. Kaş onu da adi güllə ilə yaralayardılar, kaş sağlamlığında nəsə bir qüsuru olardı, amma belə olmazdı kaş...
Mahrux xanım söhbət əsnasında bildirir ki, Rusifin xidmət etdiyi hərbi hissədən təkcə Rusif şəhid oldu və bir də Yaşar Ağayev yaralandı.
Mahrux xanıma o dəhşətli günü xatırlamaq çətin olsa da dərdini bizimlə bölüşür. "Aprelin 6- sı gecə oğlumuz Əli səhərə qədər yatmadı. Bütün gecə ağladı ki, atamı istəyirəm... Sən demə atası şəhid olubmuş... Ondan öncə günorta saatlarında telefonla danışanda Zəhra küsdü. Telefonda soruşdu ki, "Ata gələndə sənə nə alsın?" Zəhra Barbie oyuncağını istədi. İndidə harasa gedəndə nəsə alıram, deyirəm ki, ata göndərib sizə. Uşaqların sualları qarşısında o qədər acizəm, o qədər çətinlik çəkirəm ki... O gün oğlum Əli dərsdən gələndə deyir ki, ana, çöldən atamın iyisi gəlir. Zəhra tez eyvana çıxıb atasını çağırır. Elə bilir ki, hardasa gizlənib, onunla oynayır, indi gizləndiyi yerdən çıxacaq...
Uşaqlar onu o qədər gözəl xatirələrlə yada salırlar ki... Bizi o qədər xoşbəxt yaşadıb ki. İndi onsuz bizə çox çətindi. İndi ancaq uşaqlara görə ayaqda durmağa çalışıram. Rusif həmişə uşaqların gözəl yaşamasına, savadlı böyümələrinə çalışırdı, arzulayırdı. İndi onun arzularını həyata keçirməliyəm. Uşaqların yaxşı məktəbdə oxumalarını, savadlı olmalarını istəyirəm...
Harasa gedəndə, eyvana çıxanda gözüm həmişə yoldadı. Elə bilirəm ki, indi qarşıma çıxacaq. Hər şey mənə qorxulu yuxu kimi gəlir. O heç vaxt bizi tək qoymazdı... Onunla getdiyimiz yerlərə gedə bilmirəm. Hara gedirəm onun xatirəsidi...
Uşaqlar evə qonaq gələndə, məni ağlamayan görəndə sevinirlər. Zəhra, "Ana, nə yaxşı ağlamadın" - deyir... Telefonu əlimə götürəndə ikisinin gözləri üzümdə qalır..."
Mahrux xanım bizə Rusif bəyin inanclarından bəhs etdi. Həmişə dinə çox bağlı olduğunu qeyd edir. "Rusif həmişə namaz qılmaq istəyirdi. Amma işinə görə alınmırdı. İstəyirdi ki, mən hicablı olum. Cavan idim, istəmirdim hicaba keçim. Onun 3 mərasimində artıq başımı bağladım, hicablı oldum. Həmişə məni müqəddəs torpaqlara ziyarətə aparmaq istəyirdi. Onun vəfatından sonra bu arzularını gerçəkləşdirməyə çalışıram. Məşhəddə getdim, yaxın günlərdə isə Kərbəlanı ziyarət etmək istəyirəm.
Hər kəsin yaddaşında o qədər gözəl xatirələrlə qalıb ki... Evimizə gələn dostları, iş yoldaşları, uşaqlar, mən onu həmişə gözəl xatirələrlə yad edirik. Hələ bir nəfər deməyib ki, Rusifdən nə zamansa incimişdim... Hərdən fikirləşirəm ki, kaş bircə dəfə məni kobudlayardı, incidərdi, hansısa istəyimizi yerinə yetirməzdi... kaş...
Özümə ancaq yuxularla təsəlli verirəm. Yuxularda gözəl bir yerdə - güllü çiçəkli, işıqlı bir yerdə olduğunu bildirir. İndi təsəllim ancaq odur. O, arzuladığı kimi həlak oldu - ŞƏHİD OLDU.
Nigar Adil
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində çap olunur