Azərbaycan dövləti mətbuatın inkişafının qarantıdır
Azərbaycanda söz və mətbuat azadlığının tarixi qədim dövrlərə gedib çıxsa da onun dinamik inkişaf mərhələsi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Xüsusən ölkəmiz müstəqillik əldə etdikdən sonra fikir plüralizmin inkişaf dövrü başlanıb. Məhz həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda alternativ fikirlərə yer verən müstəqil nəşrlərin fəaliyyətə başlaması ilə ölkə vətəndaşları üçün geniş seçim imkanları təmin olunub.
6 Sentyabr 2017 14:29 SosialAzərbaycanda söz və mətbuat azadlığının tarixi qədim dövrlərə gedib çıxsa da onun dinamik inkişaf mərhələsi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Xüsusən ölkəmiz müstəqillik əldə etdikdən sonra fikir plüralizmin inkişaf dövrü başlanıb. Məhz həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda alternativ fikirlərə yer verən müstəqil nəşrlərin fəaliyyətə başlaması ilə ölkə vətəndaşları üçün geniş seçim imkanları təmin olunub. Daha doğrusu, media orqanlarının timsalında, demokratiyanın mövcudluq şərtlərindən biri kimi cəmiyyətdəki hadisələrin diskussiya məcrasına yönəldilməsinə münbit şərait yradılıb. Bu nailiyyətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olması isə tarixi reallıqdır. Çünki, KİV - cəmiyyət münasibətləri fonunda medianın müstəqil fəaliyyəti üçün müvafiq iqtisadi baza yalnlz ümumilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində yaradılmışdır. Sirr deyil ki, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, ictimai-siyasi sabitliyin bərqərar olması, sosial-iqtisadi problemlərin həlli istiqamətində atılan addımlar ölkəmizdə söz və mətbuat azadlığının müdafiəsi, cəmiyyət həyatına digər demokratik dəyərlər kimi fikir plüralizminin də daxil olması üçün əsaslı zəmin formalaşdırdı. Həmin dövrdən etibarən ölkəmizdə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi sahəsində əməli tədbirlər həyata keçirilir. Onu da qeyd etmək yerinə düşərdi ki, sovet hakimiyyəti illərində dövlətin ideoloji tələbləri söz azadlığına, mətbuatın demokratik prinsiplərlə inkişafına imkan vermirdi. Hələ o zamanlar bu maneələri aşa bilən yeganə güc Heydər Əliyev idi. 1969-cu ildə hakimiyyətə gələn dahi rəhbər mətbuatımızın inkişafına səbəb ola bilən və biləcək bütün baryerləri aradan qaldırdı, həyatımızın digər sahələri ilə yanaşı, mətbuatımız da hərtərəfli inkişaf yoluna qədəm qoydu, vətəndaşların maarifləndirilməsində ideoloji vasitəyə çevrildi. Məsələn, hələ sovet hakimiyyəti vaxtlarında rüşvətxorluq və korrupsiya ilə mübarizədə, vəzifəli şəxslərin ifşa edilməsində Heydər Əliyev mətbuatın üzərinə müəyyən tapşırıqlar qoyaraq, bununla ictimai nəzarəti gücləndirməyə müvəffəq olmuşdu. Təsəvvür edin ki, SSRİ-nin ən həssas vaxtlarında, Azərbaycanda fəaliyyət göstərən dövlət mətbuatlarında senzuraların tətbiq edildiyi zamanda belə, demokratik işartılar görünməyə başlamışdı. Bu fakt heç bir başqa ittifaq respublikalarında yox idi.
Azərbaycanın müstəqillik illərində də azad mətbuata münasibət dəyişməz qaldı. Əksinə, söz və mətbuat azadlığının inkişafı məqsədilə bir sıra mühüm addımlar atıldı. Müstəqil Azərbaycan Respublikasının Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olundu. Paralel olaraq milli mətbuatın inkişafını təmin edən qanunvericilik bazası yaradıldı. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onların idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz.
Mətbuatın inkişafı ilə bağlı təkcə yerli qanunların qəbul edilməsilə kifayətlənməyən Azərbaycan dövləti beynəlxalq əməkdaşlığı da vacib saydı. Azərbaycan Avratlantik məkana inteqrasiya olunduqdan sonra söz və mətbuat azadlığının təmin edilməsi sahəsində bir sıra beynəlxalq konvensiyalara və sazişlərə də qoşuldu. Nəticədə milli qanunvericilik bazamız beynəlxalq sənədlərə uyğunlaşdırıldı və müstəqil media orqanlarının xaricə çıxış imkanları daha da artməş oldu. Azərbaycanın 2001-ci ilin yanvarında tam hüquqlu üzv kimi Avropa Şurasına qəbulu milli mətbuatımızın inkişafı istiqamətində növbəti əhəmiyyətli addım oldu. Avropa Şurası qarşısında götürülmüş öhdəliklərə uyğun olaraq "Kütləvi informasiya vasitələri haqqında" Qanunda edilən əlavə və dəyişikliklər kütləvi informasiya vasitələrinin təsis olunması və onlardan istifadə imkanlarını qat-qat asanlaşdırdı, bu sahədəki vəziyyəti tam azad və sərbəst etdi. Bu dəyişikliklərdən sonra Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. İnkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə uyğun olaraq Azərbaycanda da KİV-in qeydiyyatı ilə bağlı icazə sistemi aradan götürüldü. Yeni qəzet açmaq niyyətində olan hər bir hüquqi və fiziki şəxsə müvafiq dövlət orqanlarını xəbərdar etmək şərtilə icazə verildi. Mətbuat faktiki olaraq dövlət nəzarətindən çıxdı. Yalnız yeni yaranan televiziya və radio qurumlarına yayım tezliklərinin verilməsi məsələsi hökumətin nəzarətində qaldı. Azərbaycanda KİV-in qanunvericilikdə qadağan olunmayan istənilən mənbə tərəfindən maliyyələşdirilməsinə imkan verildi. Nəticədə media orqanları bir neçə dildə nəşr edilərək dünya ölkələrinə yayılmağa başladı.
Ancaq bununla bərabər mətbuatın inkişafına maneə olan amillərin aradan qaldırılmasına ehtiyac var idi. Məhz Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələri üzərində senzuranı aradan qaldırdı. Bu fərman Azərbaycanda mətbuatın sürətli inkişafına ciddi təkan verdi və cəmiyyət həyatında KİV-in səmərəli rolunun artırılması sahəsində böyük rol oynadı. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sözün həqiqi mənasında mətbuatın inkişafına təkan verdi. Eyni zamanda mətbu orqanlarda və elektron KİV-lərdə reklama qoyulan məhdudiyyətlər aradan qaldırıldı. Qanunvericilikdə aparılmış düzəlişlər əsasında məhkəmələr jurnalistləri informasiya mənbələrini açmağa ancaq üç halda, insanların səhhətinin qorunması, ağır cinayətlərin qarşısının alınması və ağır cinayət törətmiş şəxslərin onlar tərəfindən müdafiəsi hallarında məcbur edə bilərlər. Qanuna edilən düzəlişlərə əsasən həmçinin müvafiq icra hakimiyyətinin KİV-in fəaliyyətini dayandırması və müvafiq orqanlar tərəfindən jurnalistlərin akkreditasiyadan məhrum edilməsinə dair normaların ləğvi, jurnalistlərin hüquq və öhdəliklərinə aid maddələrin qanunvericilikdən çıxarılması daxildir.
Azərbaycan mətbuatının inkişfında kifayət qədər əməyi olan Prezident İlham Əliyev hazırkı inkişaf mərhələsində mətbuatın müstəqilləşməsi, obyektivlik və tərəfsizlik nümayiş etdirməsi, siyasiləşmə meyillərindən, qərəzdən, böhtandan uzaq olması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşması, ümummilli məsələlərdə vətəndaşlıq mövqeyi nümayiş etdirməsi ilə bağlı dəyərli tövsiyələr vermişdir. Həyata keçirilən tədbirlər ölkə jurnalistlərinin böyük razılığı, minnətdarlığı ilə qarşılanır. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür. Mükafatın təqdimetmə mərasimində Prezident İlham Əliyev mətbuatın inkişafı istiqamətində bundan sonra da bütün lazımi tədbirlərin həyata keçiriləcəyini demişdir: "Azərbaycan hüquqi dövlət quruculuğu işində çox böyük nailiyyətlərə çatmışdır. Biz, sözün əsl mənasında, azad, müasir, demokratik, hüquqi dövlət qururuq. Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək mümkün deyildir. Məhz buna görə Azərbaycanda söz azadlığı, vicdan azadlığı, plüralizm meyilləri gücləndirilməlidir. Azərbaycan dövləti və Azərbaycan iqtidarı, əlbəttə, bu sahədə öz işini elə qurmalıdır ki, bu azadlıqlar Azərbaycanda tam şəkildə bərqərar olunsun. Son illər ərzində görülmüş işlər onu göstərir ki, biz düzgün yolla addımlayırıq". Azərbaycan Prezidenti ölkə mətbuatının mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət başçısı bunu ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri uğurla davam etdirməklə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi üçün, habelə jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində atdığı addımlarla təsdiq edib. Bütün bunların nəticəsidir ki, artıq Azərbaycan mediası müasir dövrün tələblərinə uyğun inkişaf mərhələsinə qədəm qoyub. Etiraf edilməlidir ki, bu gün jurnalistikamızın uğurları kifayət qədərdir. İnternetin və saytarın yaranması operativliyi daha da artırıb. İnsanlar bir-birilə rahat əlaqə saxla bilirlər. Həmçinin, dünyanın hər hansı bir nöqtəsində baş verən hadisəni öyrənib ona reaksiya vermək mümkün olub. Bütün bunlar jurnalistikamızın inkişafının göstəricisidir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir