Dualar nə zaman qəbul olur?
5 Sentyabr 2017 08:20 SosialDuaların konkret olaraq nə zaman qəbul olduğunu və nə zaman qəbul olmadığını söyləmək düzgün deyil.
islam.az bildirir ki, Allah hər yerdə və hər zaman edilən duaları eşidər, lazım bildiyi duaları cavablandırar. Amma elə vaxtlar var ki, o zaman duaların qəbul olma ehtimalı daha böyükdür. Məsələn, "Üsuli-Kafi"də yazıldığına görə, İmam Cəfər Sadiq (ə) buyururdu ki, dörd vaxtda səmanın qapıları açılar və dualar müstəcab olar: külək əsən zaman, zöhr vaxtı, yağış yağanda və Allah yolunda mömin qanının ilk damcısı yerə töküləndə. Başqa bir hədisdə İmam Sadiq (ə) duaların müstəcab olduğu vaxtları belə xatırladır: vitr namazında, fəcrdən (sübh namazından) sonra, zöhrdən sonra və məğribdən sonra. Həzrət Əli (ə) dörd yerdə dua etməyə çağırırdı: Quran oxunanda, azan deyiləndə, yağış yağanda, haqq və batil qoşunları toqquşanda.