Tikinti şirkətlərinin “kommunal xidmət haqqı oyunu”
Son vaxtlar çoxmənzilli yaşayış binalarında kommunal xidmət haqları məsələsi gündəmi zəbt etməkdədir. Sakinlərin iddiasına görə, tikinti şirkətləri onlardan qanunvericilikdə nəzərdə tutulmayan kommunal xidmət haqları tələb olunur, əvəzində isə heç bir xidməti iş aparmırlar. Beləliklə, sadə vətəndaşlar üçün kifayət qədər böyük həcmdə olan pulu yalnız liftdən istifadə, blokun işıqlandırması, məişət tullantılarının atılması və binanın girişlərinin təmizlənməsinə görə istəyirlər.
28 Avqust 2017 13:45 SosialSon vaxtlar çoxmənzilli yaşayış binalarında kommunal xidmət haqları məsələsi gündəmi zəbt etməkdədir. Sakinlərin iddiasına görə, tikinti şirkətləri onlardan qanunvericilikdə nəzərdə tutulmayan kommunal xidmət haqları tələb olunur, əvəzində isə heç bir xidməti iş aparmırlar. Beləliklə, sadə vətəndaşlar üçün kifayət qədər böyük həcmdə olan pulu yalnız liftdən istifadə, blokun işıqlandırması, məişət tullantılarının atılması və binanın girişlərinin təmizlənməsinə görə istəyirlər. Lakin sadalanan xidmətlərin heç biri normal təmin olunmur.
Qeyd edək ki, Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 saylı "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsində haqq (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" qərarında göstərilən taarif üzrə dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqı, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərindən isə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanması üçün xidmət haqqı alınır. Qismən özəlləşdirilmiş çoxmənzilli binanın bütün mənzilləri özəlləşdirilənə qədər xidmət dövlət mənzil istismar sahələri tərəfindən həyata keçirilir. Həmin qərara görə, özəl mənzillərin yerləşdiyi binalardakı mənzillər tamamilə özəlləşdikdən sonra mənzil sahibləri istədikləri təmir-tikinti təşkilatları, şirkət və birliklərlə müqavilə bağlaya bilər və bu zaman həmin təşkilatlar onlara lazımi xidmət göstərə bilər. Maraqlıdır, hazırda çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq dedikdə, nələr nəzərdə tutulur? Hüquqşünas Ayaz Mirzəzadə bildirib ki, burada söhbət çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, eləcə də kommunal xidmətlərə görə (soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə) ödənilən haqlardan gedir: "Bina inşa edən MTK, MMC və digər şəxslər binanı inşa edərək mənzilləri satdıqdan sonra onun cari və ya əsaslı təmirinə ümumiyyətlə vəsait ayırmamaları hesab edirəm ki, heç kəsdə şübhə doğurmaz. O ki qaldı bugün ölkədə yeni inşa edilən çoxmənzilli binalarda kommunal xidmətlərə görə alınan haqqa, belə binaların sakinləri istifadə etdikləri soyuq suyun (içməli su və çirkli su birlikdə), elektrik enerjisinin və qazın dəyərini sayğaca uyğun olaraq, isti su və istilik təchizatının dəyərini isə kommunal xidmətə görə yığılan haqdan əlavə olaraq ödəyirlər. Bəs o zaman yığılan "kommunal xidmət haqqı" adı altında tikinti şirkətləri tərəfindən bina sakinlərindən toplanan pullar nəyə görədir? Hesab edirəm ki, tikinti şirkətlərinin reket sayağı topladığı qanunsuz pullardan və bütün bu kimi hallardan insanların özlərini və ciblərini qorumağın tək çıxış yolu var. Bu yollardan biri sakinlərin (mənzil mülkiyyətçilərinin) ümumi yığıncağını təşkil etmək və Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərini (MMMC) təsis edərək binanın idarəetməsini mülkiyyətçilərinin özlərinin həyata keçirməsidir. Bu tip idarəetmə hələ qərb dövlətlərində və bir çox ölkələrdə 20-ci əsrin birinci yarısından tətbiq edilməkdədir. Qonşu və qardaş ölkə Türkiyədə hələ 1965-ci ildə Mənzil Mülkiyyəti haqqında Qanunun qəbul edilməsi ilə çoxmənzilli binalarda idarəetmənin qaydaları müəyyən edilmiş və tətbiqinə başlanılmışdır. Bizim ölkədə isə, Sovet dövründən (1982-ci ildən) qalma Mənzil Məcəlləsi 2009-cu ildə yeni Mənzil Məcəlləsinin qəbul edilməsi ilə öz qüvvəsini itirdi və yeni Məcəllə müasir dünya standartlarına uyğun bina idarəetməsini və onun üsullarını özündə ehtiva etdi. Sonradan üzə çıxan problemlərin həlli isə, həmin qanuna edələn dəyişikliklərlə həll edilməyə çalışıldı. Belə dəyişikliklərdən biri isə məhz 13 iyun 2017-ci tarixli Qanunla edilmişdir. 14 iyul 2017-ci il tarixində Prezident tərəfindən imzalanan Fərmana əsasən, Nazirlər Kabinetinə çoxmənzilli binanın idarə edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində hazırlaması barədə göstəriş, dövlətin bu sahədəki problemlərin həllinə hesablanmış addımı kimi qiymətləndirilə bilər". Onun sözlərinə görə, mənzil qanunvericiliyinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın idarə edilməsi üçün 3 üsuldan birini seçməyə borcludurlar. Bu idarəetmə üsulları binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə və idarəedici təşkilat tərəfindən idarə edilməsindən ibarətdir.
Zəka