Aprel döyüşləri ordumuzun yeni qəhrəmanlıq salnaməsi idi

Qəhrəman əsgərlərimiz hər zaman gənclər üçün örnək olub. Gənclərimiz isə qəhrəman əsgərlərin getdiyi yolu təkrar etmək və bəlkə də daha böyük hünər göstərmək arzusu ilə yaşayıblar. Xüsusən, "Aprel şəhidləri" gənclər üçün əsil qəhrəmanlıq məktəbinə çevrildi.

Qəhrəman əsgərlərimiz hər zaman gənclər üçün örnək olub. Gənclərimiz isə qəhrəman əsgərlərin getdiyi yolu təkrar etmək və bəlkə də daha böyük hünər göstərmək arzusu ilə yaşayıblar. Xüsusən, "Aprel şəhidləri" gənclər üçün əsil qəhrəmanlıq məktəbinə çevrildi. Ötən il aprelin 1-dən 2-nə keçən gecə düşmənlə təmas xəttində baş verən "dördgünlük müharibə" göstərdi ki, Azərbaycan Ordusu qüdrətli və yenilməzdir. Bu qeyri-bərabər döyüşdə Azərbaycan Ordusunun generalından tutmuş sıravi əsgərinə qədər hamı bir nəfər kimi doğma Vətən uğrunda canından keçməyə köklənmişdi. Cəbhədə qızğın döyüşlər başlayan zaman müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyətinin səhra geyimində ordumuzun bütün hissələrinin hərbi əməliyyatlarını koordinasiya etməsi və döyüşə şəxsən rəhbərlik etməsi həm milli-mənəvi ruhun yüksəkliyindən, həm də ordumuzun peşəkar komanda heyətinə sahib olmasından xəbər verirdi. Təsadüfi deyil ki, əməliyyatlar zamanı düşmənin ən həssas nöqtələrinə zərbə vurmaq üçün öndə gənc əsgər deyil, əvəzində Azərbaycan Ordusunun ayrı-ayrı ölkələrdə hərbi təlimlər keçmiş peşəkar zabit heyəti gedirdi. Strateji əhəmiyyətli Talış kəndi və "Lələ təpə" yüksəkliyinin işğaldan azad olunmasında bilavasitə iştirak edən və döyüşdə şəhid olan Milli Qəhrəman, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin, həmçinin, mayor Samid İmanovun və digərlərinin döyüş yolu buna bariz nümunədir. Murad Mirzəyevin rəhbərlik etdiyi xüsusi təyinatlı kəşfiyyat dəstəsi böyük məsafə qət edərək düşmənin onlarla postunu zərərsizləşdirib. Hətta məlumatlara görə, onun başçılıq etdiyi kəşfiyyat taborunun Şuşaya çatmağına da az məsafə qalıbmış. Lakin ürəyi vətən eşqi ilə döyünən Mirzəyevin torpaq həsrəti yarıda qaldı. Amma o da həqiqətdir ki, Murad Mirzəyev və digər qəhrəmanlarımız Qarabağın azad olunması prosesinin başlanğıcını qoydular və Azərbaycan Ordusunun buna qadir olduğunu sübut etdilər. "Dördgünlük müharibə"də xüsusi diqqət çəkən məqamlardan biri daha çox zabit heyətinin öndə getməsi, düşmən əsl qəhrəman kimi atılaraq əsgərlərə nümunə olması idi. Döyüş təcrübəsinə görə, öndə general, polkovnik, mayor və digər yüksək rütbəli zabitlərin getməsi sıravi əsgərin döyüş ruhunu bütövləşdirir və təbii ki, zabitin öndə getdiyi müharibədə əsgərin döyüşə atılmaması sadəcə mümkünsüzdür. Aprel döyüşlərində xüsusilə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin göstərdiyi şücaət və qəhrəmanlıq düşmən tərəfində hələ uzun illər dəhşət yuxu kimi xatırlanacaq. Aprel döyüşləri nəinki işğalçı Ermənistana, eləcə də bütün dünyaya Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi.Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə keçirdiyi görüşdə bildirib ki, aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir: "Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək". Dövlətimizin başçısı deyib ki, aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək. Prezident vurğulayıb ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Prezident İlham Əliyev qeyd edib ki,  Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı ki, onların güclü ordusu var və bu ordu böyük qələbə əldə etmişdir. Halbuki biz hamımız yaxşı bilirik ki, 1990-cı illərin əvvəllərində nələr baş vermişdir. "O vaxt Azərbaycanda xaos, anarxiya hökm sürürdü, hakimiyyət uğrunda mübarizə gedirdi. O vaxt - 1992-ci ildə AXC-Müsavat cütlüyü hərbi çevriliş etmişdir və bundan sonra biz cəbhədə torpaqlarımızı itirməyə başladıq", - deyən dövlətimizin başçısı bildirib ki, Şuşa, Laçın 1992-ci ildə, Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşəndən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılmışdır və biz strateji mövqelərimizi o vaxt itirdik: "O, dövlətə, xalqa qarşı bir xəyanət idi və ermənilər, Ermənistan, onların havadarları bu vəziyyətdən istifadə edərək xarici dəstək, xarici müdaxilə hesabına bizim torpaqlarımızı işğal etmişdir. Bu, tarixdir, biz bu tarixi bilirik və gənc nəsil də tarixi olduğu kimi bilməlidir. Ondan sonra Ermənistan rəhbərliyi uzun illər miflər yaradırdı. Aprel döyüşləri bu mifləri, bu əfsanələri darmadağın etdi və göstərdi ki, bu gün əgər bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur. Bu döyüşlər göstərdi ki, xarici yardım almadan Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilmir və bilməz. Onlar özləri də məcbur qalıb bunu etiraf etməyə başlamışlar". Xatırladaq ki, aprel əməliyyatları zamanı şəhid olanlardan Murad Mirzəyev, Raquf Orucov, Elnur Əliyev, Dilsuz Qarayev, Bəxtiyar Hüseynov, Nicat İsgəndərov, Sarvan Mehrəliyev və digərləri erməni zülmündən, erməni işğalından əziyyət çəkmiş insanlardır. Şəhid Murad Mirzəyev əslən Qərbi Azərbaycandan olduğu üçün uşaqlıqdan erməni işğalının ağrı-acısını yaşayıb. Onun atası-babası erməni zülmü ilə qarşılaşanlardandır. Ordumuzun düşmən üzərində qələbəsində bu faktorun da əhəmiyyətinin böyük olduğunu deyə bilərik. Hazırda Azərbaycan Ordusunun tərkibində Vətənini sevən, canının torpaq uğrunda verməyə hazır olan gənc əsgər və zabitlərin sayı kifayət qədərdir. Bu insanlar haqlı olaraq ermənilərdən intiqam almaq eşqi ilə yaşayırlar, hər an öz torpaqlarının azad olunması üçün müharibəyə atılmağa məqam gözləyirlər. Bütün bunlar Azərbaycan Ordusunun döyük əhval-ruhiyyəsinin yüksəldilməsində olduqca müsbət rol oynayır.

Alim Hüseynli

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində çap olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31