Ölkədə internetin geniş yayılması məlumat azadlığının göstəricisidir
Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. Söz və fikir azadlığının prioritet elan edən Azərbaycan hökuməti hazırda da demokratiyanın inkişaf etdirilməsi sahəsində üzərinə düşən vəzifələri yerinə yetirmək əzmindədir. Məhz bu məqsədlə ölkədə sürətli, genişzolaqlı internet imkanları yaradılır.
21 Avqust 2017 15:32 SosialAzərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. Söz və fikir azadlığının prioritet elan edən Azərbaycan hökuməti hazırda da demokratiyanın inkişaf etdirilməsi sahəsində üzərinə düşən vəzifələri yerinə yetirmək əzmindədir. Məhz bu məqsədlə ölkədə sürətli, genişzolaqlı internet imkanları yaradılır. Görülən işlər nəticəsində Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə şərait yaratmış və ölkədə müasir internet şəbəkəsi formalaşmışdır. Azərbaycan Prezidenti 17 fevral 2003-cü il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"sını təsdiq etmiş və bununla da qarşıdan gələn dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf istiqamətləri müəyyən olunmuşdur. Strategiya çərçivəsində "Elektron Azərbaycan - 2005-2008-ci illər" və "Elektron Azərbaycan - 2010-2012-ci illər" dövlət proqramları qəbul olunmuş və icra edilmişdir. Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 80%-ni təşkil edir. İnternet provayderinin sayı 40-a çatmışdır. Son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşmışdır ki, bu da ümumdünya orta göstəricisindən 2 dəfə yüksəkdir. Son 5 ildə internet trafikinin giriş-çıxış həcmi 40 dəfə yüksəlmiş və hazırda 200 GB-dən çoxdur. İnternet xidmətlərindən istifadə haqları region ölkələrindəki tariflərlə uyğunlaşdırılmışdır. Bölgələrdə internet istifadəçilərinin sayı 12-15 dəfə çoxalmışdır. Ucqar kəndləri də nəzərə almaqla Azərbaycanın bütün bölgələrində internetdən istifadə etmək üçün şərait yaradılmışdır. Bu gün 9 milyon əhalisi olan ölkədə 2 milyondan artıq yaxın sosial şəbəkə, o cümlədən 1.2 milyon Facebook istifadəçisi, vardır. Az. domenində qeydiyyatdan keçmiş internet saytlarının sayı 20 mini ötmüşdür. Ölkədə 300 yüzə yaxın xəbər və analitik internet saytı fəaliyyət göstərir və onların sayı durmadan artır. 2011-ci il mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil etmişlər. Elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılmışdır. Nazirlər Kabinetinin 2012-ci il 22 oktyabr tarixli qərarı ilə dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin növləri 417-yə çatdırılmışdır. Az-az ölkələrdən biridir ki, Azərbaycanda etnik və dini azlıqların KİV-dən sərbəst faydalanmalarına heç bir məhdudiyyət qoyulmamışdır. Etnik azlıqların dillərində qəzetlər dərc edilir və ya xaricdən gətirilir. Rəsmi məlumata görə, Azərbaycanda İnternet 1993-cü ildən inkişaf etməyə başlamışdır. İlk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılmış, ilk dövlət orqanının saytı isə Azərbaycan Respublikası Prezidentinin saytı olmuşdur və 1997-ci ildə yaradılmışdır. 1993-cü ildən yüksək səviyyəli milli AZ domeninin inzibatçılığı həyata keçirilir. İlk günündən İnternetin inkişafı əsasən özəl sektor tərəfindən aparılır. 2000-ci ilədək İnternet Xidmət Provayderlərin (İSP) fəaliyyəti xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilirdi, lakin 2000-ci ildə lisenziyalaşdırma ləğv edilmişdir. Bunun sayəsində hazırda ölkədə İSP kimi xidmət göstərmək istəyən hər bir fiziki və hüquqi şəxs sərbəst olaraq fəaliyyətə başlaya bilər. Hazırda ölkədə 40-dək İSP fəaliyyət göstərir və onlardan yalnız 3-ü (Aztelekomnet, Bakinternet və Azdatakom) dövlət qurumudur. İSP-lərin fəaliyyəti sağlam rəqabət və bazar münasibətləri şəraitində həyata keçirilir. Şirkətlər İnternetə çıxış üçün sabit və simsiz rabitə texnologiyalarında istifadə edirlər. WiMax və digər simsiz texnologiyalarının tətbiqi genişlənir. Ölkənin beynəlxalq İnternet şəbəkəsinə qoşulması 2 özəl şirkət tərəfindən (Delta Telekom və Azərtelekom) həyata keçirilir və İSP-lər üçün alternativ seçim imkanı yaradır. Ölkədə fəaliyyət göstərən hər 3 mobil rabitə operatoru İnternetə yüksək sürətli çıxışı təmin edir və hər üç mobil rabitə operatoru 4G xidməti göstərir. Ümumilikdə hər 100 nəfərdən 100-nün mobil rabitə istifadəçiləri olduğunu nəzərə alaraq, faktiki hər bir şəxsin İnternetə çıxış imkanının olduğunu söyləmək olar. Azərbaycanda genişzolaqlı xidmətlərin göstərilməsinə 2006-cı ildən başlanılmışdır və son illərdə istifadəçilərin sayında ciddi sıçrayış müşahidə olunmaqdadır. Bunun əsas səbəbi ölkədə İKT sahəsinin inkişaf etdirilməsi, elektron hökumət layihələrinin genişlənməsi, xidmətlərin göstərilməsi üçün İnternetdən istifadənin artırılması üzrə həyata keçirilən dövlət siyasətinin icrasının nəticəsidir. 2006-cı ildən başlayaraq Azərbaycanda İnternetin qiymətinin ardıcıl olaraq aşağı salınması üçün tədbirlər görülür. Son illərdə ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti dəfələrlə artırılmışdır. Azərbaycanda internet resurslarının kifayət qədər inkişaf etməsi heç şübhəsiz ki, ifadə və informasiya azadlığının təmin edilməsində əhəmiyyətli rol oynayır. Söz və məlumat azadlığının təmin edilməsini prioritet hesab edən Azərbaycan hökuməti bu istiqamətdə beynəlxalq əməkdaşlığa da üstünlük verir. Azərbaycan Hökuməti Azərbaycan Respublikasında ifadə və informasiya azadlığının təmin edilməsi sahəsində beynəlxalq təşkilatlarla qarşılıqlı anlaşma və konstruktiv yanaşmaya əsaslanaraq, Avropa Şurası, BMT-nin İfadə Azadlığı üzrə Xüsusi Məruzəçisi, KİV azadlığı üzrə ATƏT nümayəndəsinin Ofisi və digər qurumlarla əməkdaşlığı davam etdirməyə hazırdır. Beynəlxalq təşkilatlar tərəfindən jurnalistlərin peşəkarlığının yüksəldilməsinə yardım, jurnalistika sahəsində özünütənzimləməyə dəstək, o cümlədən media strukturlarına köməklik, eləcə də ifadə və informasiya azadlığı sahələrində Avropa standartlarının tətbiqi istiqamətində məlumatlılıq səviyyəsinin artırılması Azərbaycan Hökuməti tərəfindən yüksək dəyərləndirilir. Hələ 2007-ci il aprelin 24-27-də BMT-nin ifadə azadlığı üzrə xüsusi məruzəçisi Ambeyi Liqabo Azərbaycanda səfərdə olmuş, səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş və bir sıra rəsmi görüşlər keçirmişdir. Səfərin nəticələrinə əsasən, o, 2008-ci ilin martında BMT-nin İnsan Hüquqları Şurasına hesabat təqdim etmişdir. ATƏT-in KİV azadlığı üzrə Nümayəndəsi D.Miyatoviç 2011-ci il mayın 11-də "Diffamasiyanın dekriminallaşdırılması" adlı konfrans və 2012-ci il noyabrın 6-9-da Bakıda keçirilmiş "İnternet idarəçiliyi" Forumuna qatılmaq məqsədilə Azərbaycanda səfərdə olmuş və bir sıra rəsmilərlə görüşlər keçirmişdir. 2015-ci il 12-14 mart tarixlərində ABŞ-ın "Yayımçılar Direktorları Heyəti"nin Beynəlxalq Yayımlar Bürosunun direktor müavini Cefri Trimbl və "Azadlıq Radiosu"nun həm-direktoru Con Cambalvo Azərbaycanda səfərdə olmuşlar. Nümayəndə heyəti səfər zamanı bir sıra rəsmi görüşlər keçirmişdir. Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycan hökuməti daim informasiya azadlığının inkişafında maraqlı olub. Məhz bunun nəticəsidir ki, Azərbaycanda informasiya resurslarına internetin istifadəçilərinin girişinin azadlığı dövlət sərhədləriylə və ya milli domenlərlə məhdudlaşdırılmır.
Bütün görülən işləırin nəticəsidir ki, Azərbaycan əhalisinin 80 faizə yaxını internet istifadəçisidir. Onlardan 65 faiz genişzolaqli internet istifadə edir. Fakt ondan ibarətdir ki, ölkədə internet və bu xidmətlərdən istifadə azaddır. Paralel olaraq ölkədə mobil və müasir internet xidmətləri yüksək inkişaf edib.Ölkə əhasili harada olmağından aslı olmayaraq yaradılan rabitə xidmətlərindən rahat istifadə edə bilər. Azərbaycanda internet və bu xidmətlərindən istifadə azaddır. Heç bir quruma, provayderlərə internetlə bağlı qadağa tətbiq edilib, lisenziya şərtləri qoyulmayıb. Son vaxtlar isə ölkədə populyar sosial şəbəkələrə maraq artıb.Vətəndaşlar, hüquqi və fiziki şəxslər internetdən sərbəst şəkildə və qanunauyğun qaydada internetdən istifadə edirlər, saytlar və bloqlar yaradırlar, sosial şəbəkələrdə fəallıq göstərirlər.Ölkədə nəşr olunan bütün qəzet və jurnalların demək olar ki, hər birinin eyni zamanda internet saytları, sosial şəbəkələrdə aktiv səhifələri mövcuddur. Bununla yanaşı, internet media da formalaşıb, indi fəaliyyətlərini ancaq internet üzərindən quran media orqanları, TV-lər və radiolar da var. Azərbaycan hökuməti ölkədə internetin daha da geniş yayılması, ondan inkişaf perspektivləri üçün əlverişli istifadədə maraqlıdır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir