Qırx gün deyil, qırx il ötdü...
XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şair, dramaturq, tərcüməçi Adil Babayevin (1925-1977) qısa omür payının yarıdan çoxu – bütün uşaqlığı, gəncliyinin ən gözəl çağları, - məhrumiyyətlər, müxtəlif təzyiqlər içində keçib. Lap körpə ikən atasını itirib.
21 Avqust 2017 12:51 SosialEtibar Babayev
Əməkdar jurnalist, professor
XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şair, dramaturq, tərcüməçi Adil Babayevin (1925-1977) qısa omür payının yarıdan çoxu - bütün uşaqlığı, gəncliyinin ən gözəl çağları, - məhrumiyyətlər, müxtəlif təzyiqlər içində keçib. Lap körpə ikən atasını itirib. Özü də o zaman dəhşətli kabus kimi çox qapıları bağlayan "xalq düşməni" damğası ilə... Min dərdə dözən, min yerdə adı pisliyə çəkilən oğul sonralar atasına ithaf etdiyi şeirində belə yazacaqdı:
Mən atamı görməmişəm at belində,
Ata-baba ocağında, dost elində.
Simasını yaratmışam
xatirələr qaynağından.
Neçəsinin heyrətindən,
neçəsinin sorağından.
Anam nağıl deyən zaman,
gözlərimə atam gəlib.
Şeir yazıb, söz qoşmuşam,
sözlərimə atam gəlib.

Atam ata nəvazişi görməsə də, atasızlıq yükünü uzun illər çiynində daşıyıb. 1956-cı ildə Ali Məhkəmənin qərarı ilə babama tam bəraət veriblər. Rəsmən təsdiqlənmiş ki, Naxçıvan Muxtar Respublikasının 27 yaşlı Xalq komissarı Qafar Babayev 1925-ci ildə ləkələnərək əsassız həbs edilib və güllələnib... Bu mübarək bəraət anını, ədalətin zəfər çalacağı günü Adil düz otuz bir il gözləməli oldu. O gündən sonra isə cəmi iyirmi bir il yaşadı.
Adilin ilk şeiri 1939-cu ildə Tiflisdə çıxan "Yeni qüvvə" jurnalında, son şeiri vəfatı günü - 1977-ci il avqust ayının 20-də Bakıda "Ədəbiyyat və İncəsənət" qəzetində çıxıb. Bu illər ərzində bütün maneələrə, çətinliklərə baxmayaraq, hey işləyib. Poemalar, şeirlər, pyeslər, hekayələr, publisistik məqalələr, teatr sənətinə aid monoqrafiyalar yazıb, Rus və Avropa klassiklərindən, SSRİ xalqların ədəbiyyatından bədii tərcümələr edib.
Vəfatından 40 il sonra şerlərini nəzərdən keçirəndə bir daha əmin oluram ki, onun sevinci də, kədəri də, mənəvi aləmi də poeziyasında öz əksini tapıb. O, həyat hadisələrinə, təbiət mənzərələrinə, tarixi faktlara sırf təsvirçi mövqeyindən yanaşmayıb. Daim fəlsəfi məna, bəşəri qayğılarla bağlı fikirlər axtarıb, həyatı poeziyadan, poeziyanı həyatdan ayırmayıb. Vaxtilə ulu şairimiz Səməd Vurğunun iyirmi yaşlı Adilə şeir ithaf etməsinin səbəbini də elə bunda görürəm.
Şair, nə incədir rübabın sənin!
Uçurdu qəlbimi çamdığın o saz! -
misraları ilə başlanan "Mənim arzum" şeirində Xalq şairinin "xalq düşməni"nin oğluna vaxtı qabaqlayan bəraətini görürəm. Adil təsadüfən demirdi ki:
Yaxşı ki, yaşayır yaxşı adamlar,
Yaxşı ki, onlara məndə inam var.
Yoxsa rast gəldiyim riya, xəyanət
Açardı başıma bəla, müsibət...
Gənc şairin yaralı qəlbində ilk ümid, inam qığılcımını onun qarşısına çıxan yaxşı adamların ən müqəddəsi Səməd Vurğun alovlandırıb. Adilin həyatda ən böyük mükafatı Səməd Vurğunun poetik xeyir-duası olub. Şəxsiyyəti nəhəng yaradıcılığından da ucada duran böyük şairin alicənablığından, qayğıkeşliyindən atam həmişə danışar, onu dərin minnətdarlıq hissi ilə xatırlar, vaxtaşırı Fəxri xiyabanda məzarını ziyarət edərdi.
Qəribədir ki, ağır keçən uşaqlıq illəri, narahat gənclik çağı bərkə-boşa düşən atamı bədbinləşdirmədi. O, nikbin və mübariz idi. Bu mübarizlik təbiətən sakit, mulayim, ətrafdakı hər şeyə və hamıya son dərəcə həssaslıqla yanaşan bu adamın xırda hisslərə əsir olmamasında, saxtakarlığın, riyakarlığın, şöhrətpərəstliyin, yaltaqlığın hər cür təzahürünə düşmən kəsilməsində, qəlbinə xəyanət etməməsində özünü büruzə verirdi. O, bir insan kimi xoşbəxtliyini elə bunda görürdü.
...Nə qədər xoşbəxtəm yer üzündə mən,
Gözümü dünyaya açdığım gündən,
Xırda duyğulara əsir olmadım.
Ən maraqlı və qiymətli cəhət o idi ki, bu ali insanı keyfiyyətlər onun çoxşaxəli yaradıcılığına da sirayət etmişdi.
Atam həmişə ürək ağrısından şikayətlənərdi. Uzun illər heç kəslə bölüşə bilmədiyini, gündəliyinin səhifələrinə belə köçürmədiyini, təqiblərin, tənələrin acısını yalnız ürəyinə yüklərdi. Sən demə onun ürəyi təkcə odlu, ilhamlı deyilmiş. Şair ürəyi həm də çox vəfalı, etibarlı, dözümlü imiş: mürəkkəb illərin çəkilməz yükünü şərəflə daşıdı. Simasında payız, qəlbində hər zaman bahar nuru olan şairi amansız xərçəng xəstəliyi elindən, ailəsindən ayırana qədər ona sədaqətini qoruyub saxladı. Adil Babayevin gündəliklərini oxuyanda, həyatının mənə naməlum səhifələri ilə tanış olanda, onun səhhətindəki problemlərin səbəbinin, kökünün necə dərin qatlara işlədiyini görüb içimdəki çox suala cavab tapdım. Və bir anlığa düşündüm ki, bu qədər ədalətsizliklərlə, haqsızlıqlarla üzləşən insan əgər 52 il həyatda yaşayıbsa, onu bəlkə də uzunömürlü hesab etmək lazımdır...
Bəzən ərk, bəzən bir qədər kinayə ilə ona "sən yaşamağı bacarmırsan" deyənlər də tapılırdı: "Bəraət almış repressiya qurbanının oğlusan. Başqası açılmamış qapı qoymaz, haqqını istər. Sən niyə bu işlərdən kənarsan?"- deyə məzəmmət edərdilər. Başqası bəlkə də, amma Adil bunu qarşılıq nəsə istəməzdi! Adil namuslu ananın qeyrətli oğlu idi. Atasının təmiz adının özünə qaytarılması ona yetərdi. Atamın anası, mənim Xeyransa nənəm ərinin bəraətindən sonra düz otuz il yaşadı. Ancaq ərinə görə, ona kəsilən təqaüdü belə almadı. Maddi deyil, mənəvi toxluğu ona rəva bilmədi ki, hər ay poçtalyonun qapını döyüb gətirəcəyi bir neçə onluq onilliklərin açısını, gecələr vaxtsız-vədəsiz döyülən qapı taqqıltısını yenidən ona xatırlatsın. Adil kimi adil insanlar maddi nemət dalınca qaçmazlar. Heç vaxt vəzifə, orden-medal sevdası ilə yaşamazlar. O deyərdi:
Mənim nə pulum var, nə fəxri adım,
Lakin taleyimdən küskün deyiləm.
Elini düşunüb yazan şairə,
Bir məslək lazımdır, bir kağız-qələm.
Adil Babayevin hələ 1970-ci ildə yazdığı "Yaşamağı bacarmıram" adlı şeri isə ləyaqətlə yaşamağı bacaranların rüşvət, riya, mənəvi eybəcərlik dünyasına kəskin ittihamı kimi səslənirdi:
...Qəh-qəh çəkib külsün mənə,
Neçə yaltaq, neçə harın.
Yaşamağı baçarmıram
Sözü meyxoş,
ürəyi boş,
Ərin haram pullarından
Fikri sərxoş xanımların,
Bəzən benzin, bəzən beton,
bəzən pambıq hesabına
maşınları, villaları qoşalayan,
Ürəklərə, şüurlara
zəhər tökən, şübhə yayan
zəlilərin,
Qəlbi, fikri zəlillərin
düşməniyəm,
tüpürürəm o həyata!
Çörəyinə neçə haram,
dediyinə neçə yalan
qata-qata
yaşayanlar bəyənməsin məni,
nə qəm?
Mən şairəm!..
Xalq təkcə ictimai ədalətsizliklərdən deyil, ayrı-ayrı ədalətsiz ictimai xadimlərin ucbatından da bəzən böyük bəlalara düçar olur. Odur ki, şair bizi dönə-dönə kor-koranə inamdan, yalançı bütlərə sitayişdən uzaq olmağa çağırırdı:
Hər hökmü dərk edək, sonra inanaq,
İnandıq, bu yolda od olaq, yanaq.
Dostlar, kor inamdan bizi qoruyun!
Bəli, kor inam!.. Kor inamdır bütün dövrlərdə başımıza oyunlar açan. Kor inamdır bizi gözlü ikən kor edən. Rəhbərlərin hər sözünü xüsusi cənfəşanlıqla alqışlayan, mənasız söz yığınlarına belə məna donu geyindirmə yarışında fərqlənən, qavramadan, qanmadan yığıncaqlarda ləbbeh deyənlər, inamsız, imansız, amalsız adamlar daim onun tənqid hədəfi idi:
Yaltaqlar, riyakarlar! Siz nə vaxt yarandınız?
Kim sizi səpələdi gözəl həyatımıza?
Nə xalqı düşündünüz, nə el üçün yandınız,
Artdınız yolumuzda çalalar qaza-qaza.
...Tanıyıram mən sizi, min cür boyansanız da
Səhər yediyinizi günorta dansanız da,
Sizi damğalayıram tükənməz nifrətimlə!
Adil Babayevin daha bir xəbərdarlığını yada salmaq yerinə düşərdi:
Böyüklərin günahı da böyük olur.
Böyüklərin hər günahı tarix üçün
Bağışlanmaz bir yük olur.
Atam sağalmaz mərəzi və əlacsız ağrıları ilə üzbəüz qalanda, əcəllə iradənin ölüm-dirim savaşını mənə xatırladırdı. Onu yaşadan təkcə ümidi, arzuları, bir də ilhamı idi. Ölümünə cəmi bir gün qalmış taqətsiz barmaqlarının titrək xətlə yazdığı "Nağıllar heç zaman kədərli olmur" sonetini oxuyarkən şairin qırılmaz iradəsinə, dözümünə, əzminə, son məqama kimi tükənməyən həyat eşqinə heyrətlənməyə bilmirəm.
Mən ömür istəmirəm riya, xəyanət üçün,
Yurduma gərək olan söz üçün, sənət üçün,
Ömürdən doymamışam, həyatdan doymamışam...
Bu, onun son sonetinin son misralarıdır. Bü sözlərlə, bu müqəddəs hisslərlə Adil Babayev otuz səkkiz illik yaradıcılıq yolunu tamamladı... Şairin arxivində çap olunmayan əlyazmaları ilə bərabər, istifədə edilməyən qeyd dəftərləri də qaldı. Uzun illər keçsə də, onları götürüb işlədə bilmədim. Onlar necə var eləcə də durur. Mənim üçün bu dəftərlərin təmiz səhifələri adi ağ vərəq deyil, atamın yazılmayan şerləri, səslənməyən nəğmələridir...
1977-ci ildə dünyasını dəyişən təvazökar qələm sahibinin şair ömrü bu gün də davam edir. Adil Babayevin vəfatından sonra "Ümid sərvləri", "Mənim abidəm" , "Təzədən doğulur şair ölən gün" , "Pyeslər", "Ata sorağında " , "Anamın bayramı" , " Fəsillər dəyişəndə " , "Yaşamağı bacarmıram" adlı kitabları nəşr olunub. Musiqili Komediya teatrında " Qız görüşə tələsir ," Sumqayıt Dram Teatrında " Ən xoşbəxt adam " pyesləri əsasında tamaşalar hazırlanıb. Onun sözlərinə yazılan ən populyar mahnılardan ibarət "Ayrılıq olmasaydı" musiqi albomu Türkiyənin "Raks" şirkətində istehsal edilib. "Azərbaycantelefilm" də "Ata olsam belə, ata istərəm" adlı sənədli film çəkilib. Onun yaradıcılığına həsr olunan bir neçə doktorluq dissertasiyası müdafiə olunub. Bu günlərdə Təbrizdə seçilmiş şeirlər kitabı Bahardoxt nəşriyyatında çapdan çıxıb. Mütəmadi olaraq dövrü mətbuatda şerləri, haqqında məqalələr, xatirələr dərc olunur, teleradio verilişləri hazırlanır, efirdə nəğmələri səslənir. O, özünün ən böyük arzusunu şeirlərinin birində belə ifadə edirdi....
Ömrüm Aya, Günə sirdaş,
Ağarır saç, çoxalır yaş.
Bircə kəlməm, bircə sözüm
Ürəklərdə qalaydı kaş,
Mən dünyada olmayanda.
Vəfatından düz 40 il keçdi, əziz ata! Sən təkcə ailə üzvlərinin, qohumlarının deyil, səni şəxsən tanımayan, hətta səndən sonra dünyaya gələn insanların-qədirbilən oxucularının qəlbində yaşayırsan. Sən deyərdin ki:
Ruhum şad işin xeyir,
El sözünü gözləyir.
Şair ömrü bir şeir
Sorağında gözəldir!
Nə xoşbəxtəm ki, atamın bir şeir sorağında dolaşan şair ömrü bu gün də davam edir.