Cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilir
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi və dini etiqad azadlığının təmin olunması istiqamətində keçirilən seminar-treninqlər davam edir.
18 Avqust 2017 14:47 SosialƏdliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi və dini etiqad azadlığının təmin olunması istiqamətində keçirilən seminar-treninqlər davam edir. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, 2 və 9 saylı cəzaçəkmə müəssisələrində keçirilən maarifləndirici tədbirlərdə məruzə ilə çıxış edən Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsini iştirakçıların diqqətinə çatdırıb. İslam aləmində baş verənlərin fonunda bu addımın nə dərəcədə mühüm rol oynadığına, onun əhəmiyyətinə toxunan şöbə müdiri Azərbaycan təcrübəsinin dünyada öyrənilməsi prosesinin başlandığını söyləyib. Münaqişə ocaqlarının əsasən İslam aləmində olduğunu, İslamın adının terrorla eyniləşdirmə cəhdlərinin arxasında müəyyən maraqların dayandığını və bu dağıdıcı prosesin idarə edildiyini diqqətə çatdıran natiq bildirib ki, harada yaşamasından asılı olmayaraq cəmiyyətin bütün təbəqələri bu məsələyə biganə olmamalıdır.
Tədbirlərdə iştirak edən ilahiyyatçı Hacı Şahin Həsənli dini radikalizmin cəmiyyətin bütün təbəqələrini narahat etdiyini vurğulayıb. İlahiyyatçı bildirib ki, "İslam Həmrəyliyi İli" çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan təcrübəsinin örnək götürülməsi və öyrənilməsi ilə bağlı təşəbbüslər sevindiricidir. Sonda camaat namazı qılınıb.