Vətəndaş cəmiyyətlərinin fəaliyyəti üçün yaradılan şərait siyasi plüralizm nümunəsidir
Azərbaycanda vətəndaş cəmiyyətlərinin azad və şəffaf fəaliyyəti siyasi plüralizmin bariz nümunəsi kimi göstərilir. Xatırladaq ki, Azərbaycanda müasir qeyri-hökumət təşkilatı (QHT) sektorunun yaradılması 1980-ci illərin sonlarında başlamışdır. Sovet İmperiyasının təqibindən ehtiyat edən insanlar gizlicə bu fəaliyyətlə qoşulur, daha sonra ətraflarındakı eyni düşüncəli insanları cəlb etməyə başlayırdılar.
17 Avqust 2017 14:55 SosialAzərbaycanda vətəndaş cəmiyyətlərinin azad və şəffaf fəaliyyəti siyasi plüralizmin bariz nümunəsi kimi göstərilir. Xatırladaq ki, Azərbaycanda müasir qeyri-hökumət təşkilatı (QHT) sektorunun yaradılması 1980-ci illərin sonlarında başlamışdır. Sovet İmperiyasının təqibindən ehtiyat edən insanlar gizlicə bu fəaliyyətlə qoşulur, daha sonra ətraflarındakı eyni düşüncəli insanları cəlb etməyə başlayırdılar. Bakıda yaşayan ziyalılar sosial fəaliyyətlərlə məşğul olmağa meylli olan ilk şəxslər idi. Dağlıq Qarabağın erməni təcavüzü və işğalı ilə xarakterizə olunan faciəli dövrdən xalqı xilas etməyə çalışan ziyalılar öz siyasi iştirak dairələrini genişləndirir, eləcə də müxtəlif sosial təşkilatlar və xeyriyyə cəmiyyətlərini yaradırdılar. SSRİ-nın dağılmasından sonra vətəndaşları təsisatlarda birləşdirən xeyriyyə və mədəniyyət mərkəzləri yarandı. İlk təşəbbüslərdən biri 15 avqust, 1989-cu ildə yaradılmış "Qarabağa Xalq Yardımı Komitəsi" olmuşdur; həmin ilin dekabr ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti yaradılmışdır. Hər iki təşkilat Dağlıq Qarabağın müharibədən zərər çəkmiş əhalisi və məcburi köçkün düşənlər üçün maliyyə dəstəyini təmin edirdi. Həmçinin bu Komitə Azərbaycan müstəqil mətbuatının əsasını qoyan "Azərbaycan" qəzetini nəşr etmişdir. Bu qəzet alternativ ictimai fikrin təbliğ edilməsində müstəsna rol oynamışdır. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra, vətəndaş cəmiyyəti daha əlverişli şəraitdə inkişaf etmək imkanı əldə etdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Konstitusiya həm dövlətçilik, həm də vətəndaş cəmiyyəti üçün mühüm tarixi sənədə çevrildi. Əslində müasir və beynəlxalq standartlara əsasən yaradılmış və fəaliyyət göstərən QHT-lər yalnız Azərbaycanın müstəqillik qazanmasından sonra, əsasən 1995-ci ildə Konstitusiyanın qəbulundan sonra yaradılmışdır. 2000-ci ildə Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi və bu qanunla milli QHT platforması, Milli QHT Forumu (MQF) yaradıldı. Azərbaycanda milli donor təsisatının yaradılması üçün Hökumət, QHT-lər və ekspertlərin səyləri gücləndirildi, bu da Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası oldu.
Diaspor Jurnalistləri Birliyinin (DJB) sədri Fuad Hüseynzadə bildirib ki, demokratik ölkələrdə insanların vətəndaşlıq borcu onların vətəndaş cəmiyyəti quruculuğunda daimi çalışmasıdır. Bunun üçün də insanlarda birgə yaşamaq istəyi, əldə olanı hamıya bərabər formada bölmək bacarığı olmalıdır. Əlbəttə, bu cür yaşam tərzinin formalaşması üçün əsrlərlə həyat və dövlətçilik təcrübəsi lazımdır. Amma demokratiyanın təməli düzgün qoyulmalıdır ki, vaxtında da istənilən nəticə alınsın. Yəni, sonda insanlar hansısa qurum və təşkilatlarda toplana bilsinlər ki, vətəndaş cəmiyyətini qurmaq mümkün olsun. Fərdi şəkildə fəaliyyət demokratik idarəçiliyə heç cür uyğun gəlmir. Bunun üçün də birgə fəaliyyətə hökmən ehtiyac var. Demokratik idarəçilikdə insanları birləşdirən fəaliyyət sistemlərindən biri də qeyri-hökumət təşkilatlarıdır: "Hazırda ölkəmizdə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 3000-dən artıq qeyri-hökumət təşkilatı mövcuddur. Bu təşkilatlar ölkədə vətəndaş cəmiyyətinin formalaşması, insan hüquqlarının qorunması və digər sahələr üzrə maarifləndirmə işləri, sosial sferada mühüm layihələr həyata keçirir. Görülən işlərə nəzər salarkən bir daha təsdiqlənir ki, QHT-lər ötən müddət ərzində səmərəli fəaliyyət göstərib, vətəndaş cəmiyyətinin inkişafı naminə dəyərli töhfələr veriblər. 1992-ci ildə "İctimai birliklər haqqında", 2000-ci ildə "İctimai birliklər və fondlar haqqında" qanunların qəbulu bütün dünyada qəbul olunmuş QHT anlayışını Azərbaycana gətirməklə yanaşı, bu sahəyə diqqəti xeyli artırdı. Qısa zamanda humanitar və sosial sahədə fəaliyyət göstərən çoxsaylı cəmiyyətlər, peşə birlikləri, ekoloji və hüquq-müdafiə təşkilatları yaradılaraq qeydiyyata alındı. Onlar ilk növbədə ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu istiqamətində demokratik və hüquqi dövlətin formalaşmasına, Azərbaycanın dünya birliyinə inteqrasiyasına, insan hüquqlarının qorunmasına, sosial-iqtisadi, qaçqın və məcburi köçkün problemlərinin həllinə yardım etməyə çalışırlar". Onun sözlərinə görə, Azərbaycanda QHT-lərə dövlət qayğısı kifayət qədərdirdir: "Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolunu önə çəkən dövlət başçısı İlham Əliyevin fərmanı ilə "Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası" təsdiqlənib. Bu Konsepsiyaya uyğun olaraq dövlət başçısının sərəncamı ilə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Həmin vaxtdan müsabiqə yolu ilə müxtəlif sahələr üzrə qrantlar elan edilib və qarşıya qoyulan məqsədə nail olmaq üçün böyük məbləğdə vəsait ayrılıb. Müxtəlif mövzularda yüzlərlə QHT layihələr Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının köməyi ilə həyata keçirilir. Ayrıca Prezident yanında Gənclər Fondunun ayırdığı qrantlar gənclər sektorundakı QHT-lərin fəaliyyətinə stimul verir". Yeni Həyat-İqtisadi İnkişaf İctimai Birliyinin sədri Ədilzadə Ədil qeyd edib ki, Azərbaycan ikinci dəfə müstəqillik qazanandan sonra ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişaf parametrlərinə baxanda aydın olur ki, bu sahədə inamlı addımlar atılıb. Hazırda ölkə üzrə fəaliyyət göstərən QHT-lərin statistikası bu dediklərimizi əsaslandırmağa zəmin yaradır. İstər huquq, istər təhsil, ekologiya, səhiyyə, iqtisadi və digər sahələr üzrə təkmilləşmiş QHT sektoru cəmiyyətdə kifayyət qədər nüfuz qazanıb: "Mən deyərdim ki, QHT sektorunun inkişafı ilə bağlı davamlı addımlar atılır. Hüquqi normativ aktlar qəbul olunur. QHT layihələri maliyyələşdirilir və hesabatlılıq təmin olunur ki, bütün bunlar vətəndaş cəmiyyətinin daha da inkişafına şərait yaradır. Hazırda QHT-lərin dövlət qeydiyyatı məsələsində bir sıra problem var. Yaxşı olar ki, bu istiqamətdə müəyyən addımlar atılsın. Eyni zamanda, QHT sektorunun özündə də müəyyən problemlər qalmaqdadır ki, bütün bunlar inkişafa müəyyən əngəllər yaradır. Qeyd edim ki, bir çox QHT-lərin ofis imkanlarının olmaması, onların işçi kontingentinin məhdud olması, cəmiyyətdə özünü tanıda bilməməsi, KİV-lərlə yetərincə əlaqə qurmaması kimi faktorların aradan qaldırılması yönümündə QHT-lər özləri fəallıq göstərməlidir". Onun sözlərinə görə, müstəqil Azərbaycanda vətəndaş cəmiyyətlərinə dövlət dəstəyi yetincədir: " Mən deyərdim ki, dövlətin QHT-lərə qayğısı hər zaman hiss olunur. Rəhbəri olduğum Yeni Həyat İqtisadi inkişaf İctimai Birliyi həm ölkə daxilində həm ölkə xaricində layihələr həyata keçirib. Ölkə daxili layihələrin reallaşmasında heç bir maneə ilə üzləşməmişik. Administrasiyaya müraciət etmişik, yerli icra orqanlarına məlumat vermişik. Hamısı bizə layihəni reallaşdırmaq üçün köməklik ediblər. Ölkə xarici layihələrdə də Xarici İşlər Nazirliyi başda olmaqla müraciət etdiyimiz təşkilatlar bizə dəstək olub. Mən bu dəstəyi bu formada müsbət dəyərləndirirəm. Bu gün biz çox QHT-lər narazılıq edir. Məncə problem QHT-lərin özlərindədir. Əgər onlar fəaliyyətlərini doğru-durust qura bilsələr. bu qayğıdan yararlana bilərlər. Bu fikrimin QHT-lər arasında ayrı seçkiliyin qoyulması kimi anlaşılmasını istəmirəm. Ancaq reakllıq bundan ibarətdir".
QHT sədri əlavə edib ki, ölkədə vətəndaşlar cəmiyyətinin normal fəaliyyəti üçün kifayət qədər imkanlar mövcuddur. Belə ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında mükəmməl qanun qüvvədədir ki, sözügedən sənəd baza rolunu oynamaqla yanaşı, ictimai birliklərin və fondların, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. Bu Qanun hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarının yaradılmasını, fəaliyyətini, yenidən təşkil edilməsi və ləğv edilməsi qaydalarını, qeyri-hökumət təşkilatlarının fəaliyyətini, idarə olunmasını, dövlət hakimiyyəti orqanları ilə münasibətlərini müəyyən edir: " Məhz belə bir qanunun mövcudluğunun özü siyasi plüralizmin bariz nümunəsidir. Məəlum olduğu kimi, Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birlik yarada, yaxud onun üzvü ola bilər. İctimai birlikdə təmsil olunan üzvlərin hüquqları bərabərdir. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər. Dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan, ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymayan dövlət qeydiyyatına alınmış hüquqi şəxs, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi ianə və qarant almaq hüququna malikdir. Vətəndaş cəmiyyətlərinin normal fəaliyyəti məqsədilə yaradılan münbut şərait məhz ölkədə siyasi plüralizmin mövcudluğuna dəlalət edir".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir