Baş İdarə rəisi: “Azərbaycan dünyaya mötəbər beynəlxalq tədbirlərin təşkilində nümunədir”
“Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir çox vacib məsələlər haqda danışdı. Dövlət başçımız çıxışında mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin önəmliliyini qeyd etdi.
13 İyul 2017 11:39 Sosial"Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir çox vacib məsələlər haqda danışdı. Dövlət başçımız çıxışında mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin önəmliliyini qeyd etdi. Cənab Prezident dünyanın ən nüfuzlu idman yarışlarının Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi, bu yarışların ölkəmiz üçün əhəmiyyətini vurğuladı. Dövlət başçımızın idmana, idmançılara, sağlam həyat tərzinə, genofondumuzun inkişafına verdiyi yüksək qiymət gənclərimiz və idmançılarımız üçün böyük stimuldur və onları daha da uğurlu nəticələr göstərməyə ruhlandırır". Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov deyib.
O qeyd edib ki, ölkəmizdə mötəbər idman yarışlarının peşəkarlıqla yüksək səviyyədə təşkili Azərbaycanda idmanla yanaşı, bir çox sahələrin daha da inkişaf etməsinə şərait yaradır: "Azərbaycanda Birinci Avropa və IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları kimi dünyanın ən nüfuzlu idman tədbirlərinin keçirilməsi, dünya, Avropa çempionatları, beynəlxalq turnirlərin təşkili idmanın, turizmin inkişafı, mədəniyyətimizin dünyaya tanıdılması, Azərbaycanın imicinin daha da yüksəldilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyinin dünyaya çatdırılması və digər cəhətlərdən çox önəmlidir. Azərbaycan dünyaya mötəbər beynəlxalq tədbirlərin təşkilində nümunədir və dövlətimizdən öyrənilməli çox şey var. Bu da Azərbaycanın gücü və qüdrətinin göstəricisidir. Güclü idmançı, sağlam vətəndaş güclü ordu deməkdir. Güclü ordu isə güclü Azərbaycan deməkdir. İdmançılarımız isə bundan sonra da əllərindən gələni edəcəklər ki, Azərbaycan bayrağı yüksəlsin, dövlət himnimiz səsləndirilsin". Sia.az