Azərbaycan mediasının azad, müstəqil şəkildə fəaliyyəti üçün yaradılan şərait yüksək qiymətləndirilir
Azərbaycan mediası daha bir yaşını geridə qoymaq üzrədir. Bir neçə gündən sonra ölkənin media cameəsi Milli Mətbuatın yaranmasının 142-ci ildönümünü qeyd edəcək. 1875-ci ildə dahi mütəfəkkir Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən 142 ildə enişli-yoxuşlu, çətin, çətin olduğu qədər də şərəfli bir yol keçərək günümüzə qədər gəlib çıxıb.
12 İyul 2017 16:38 SosialAzərbaycan mediası daha bir yaşını geridə qoymaq üzrədir. Bir neçə gündən sonra ölkənin media cameəsi Milli Mətbuatın yaranmasının 142-ci ildönümünü qeyd edəcək. 1875-ci ildə dahi mütəfəkkir Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən 142 ildə enişli-yoxuşlu, çətin, çətin olduğu qədər də şərəfli bir yol keçərək günümüzə qədər gəlib çıxıb. Bu gün Həsən bəy Zərdabi ənənələrini layiqincə davam etdirən milli mətbuatımız öz inkişaf yolunu keçir, müasir dövrün tələblərinə uyğun şəkildə öz fəaliyyətini quraraq cəmiyyəti maarifləndirir, məlumatlandırır. Bu gün Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin fəaliyyət arealı, onlar üçün yaradılmış şərait, bu şəraitə adekvat olaraq ortaya qoyulan işə nəzər yetirsək deyə bilərik ki, kütləvi informasiya vasitələri bacardığı qədər dövlətin onlara göstərdiyi diqqət və qayğıya müvafiq olaraq öz fəaliyyətlərini quraraq dövlətçilik, milli mənafe, maraqlar uğrunda çalışır, fəaliyyət göstərirlər.
Günümüzdə Azərbaycan kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğıya görə nümunəvi ölkələrdən sayılır desək yanılmarıq. Ölkədə azad söz, fikir, məlumat azadlığı üçün yaradılan maksimum şərait kütləvi infoirmasiya vasitələrinin həm müstəqil şəkildə fəaliyyət göstərməsi, həm də onların maddi-texniki bazasının yaxşılaşdırılması, bu sahədə çalışan qələm əhlinin maddi durumunun əsaslı dərəcədə müsbətə doğru dəyişməsində önəmli rol oynayır. Sevindirici hal ondan ibarətdir ki, mediaya, kütləvi informasiya vasitələrinə dövlət qayğısı birbaşa prezident səviyyəsində özünü göstərir. Bu da təbiidir. Çünki hazırkı dövlət başçısı, Cənab İlham Əiiyev hələ 2003-cü ildə Prezident seçilərkən daima ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalacağını, onun siyasi kursu və yolunu davam etdirəcəyini qətiyyətlə bəyan etmişdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğı, müntəzəm olaraq mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə fərman və sərəncamlar imzalaması dövlət başçısının ümummilli lider Heydər Əliyev ideyalaına sadiq olduğunu, onun yolunu davam etdirdiyini əyani şəkildə təsdiqləyir. Ümumiyyətlə isə, bu müsbət məqamı tək mətbuat, kütləvi informasiya vasitələri sahəsinə deyil, bütün sahələrə aid etmək mümkündür və aydın şəkildə görürük ki, Cənab Prezident İlham Əliyev hər bir sahədə ümummilli liderin yolunu davam etdirir, onun siyasi kursuna sadiqlik göstərir. Məhz bu ənənə də ölkənin bütün sahələrində inkişafı, tərəqqini şərtləndirir.
Qeyd etdiyimiz kimi Azərbaycan mətbuatının bugünkü səviyyəyə gəlib çıxması, cəmiyyətdə öz yerini tutması, azad və müstəqil şəkildə fəaliyyət göstərməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Yaxın tarixə nəzər salsaq görərik ki, 1998-ci il avqust ayının 6-da Prezident Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Ondan bir il sonra, 1999-cu ildə isə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu, digər hüquqi-normativ aktların qəbulu həyata keçirildi. 2000-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq sərəncam əsasında Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə media sahəsində yeni bir inkişafın əsası qoyuldu. Ən əsası isə məhz sözügedən nazirliyin ləğv olunmasından sonra kütləvi informasiya vasitələrinin təsis edilməsi daha da asanlaşdı, həmin vaxta qədər mövcud olan bürokratik əngəllər aradan qalxdı. 11 may 2002-ci il, may ayının 11-də Azərbaycan Prezidentinin imzaladığı "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə fərmanı isə yazılı medianın təsis edilməsini və ondan istifadə imkanlarını qat-qat asanlaşdırmaqla yanaşı, bu sahədə liberallığı təmin etmiş oldu. Eyni zamanda həmin fərman əsasında mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemi aradan qaldırılmış oldu. Beləliklə, Azərbaycan mətbuatında ciddi irəliləyişlər müşahidə edilməyə başladı.
Azərbaycan mediasına, kütləvi informasiya vasitələrinə göstərilən diqqət və qayğı, onların azad, müstəqil şəkildə fəaliyyəti üçün yaradılan şərait təbii olaraq qarşı tərəfdən də yüksək qiymətləndirilir, təqdir olunurdu. Məhz ümummilli lider Heydər Əliyevin mətbuata göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, kütləvi informasiya vasitələrinin təmsilçiləri də öz növbəsində bunun qarşılığını verməli oldular və 2001-ci ildə Heydər Əliyevi "Jurnalistlərin dostu" mükafatına layiq gördülər.
Ümummilli lider Heydər Əliyev kütləvi informasiya vasitələrinə, mətbu orqanlara diqqət və qayğı ilə yanaşmaq, onların azad və müstəqil şəkildə fəaliyyət göstərməsi üçün müvafiq şərait yaratmaqla yanaşı, eyni zamanda mətbuat nümayəndələrinə tövsiyyələrini çatdırır, onlara öz işlərini düzgün istiqamətdə qurmağı məsləhət görürdü. Bu baxımdan Heydər Əliyev hər zaman kütləvi informasiya vasitəçiləri təmsilçiləri, jurnalistləri məsuliyyətli, diqqətli və obyektiv olmağa çağırardı. Heydər Əliyev ölkə jurnalistlərini obyektivliyə dəvət etməklə yanaşı onlara bu istiqamətdə öz fəaliyyətlərini daha da genişləndirməyi tövsiyə edirdi: "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir" söyləməklə açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi. Bu məqsəd də daim önə çəkilirdi ki, kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuat Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir".
Qeyd etdiyimiz kimi müstəqillik dövründən sonra Azərbaycan mətbuatının inkişafı sağlam təməllər üzərində qurulduğundan bu gün də mediamız öz tərəqqi dövrünü yaşayır. Təbii ki, bunu da şərtləndirən başlıca amil dövlətin bu sahəyə göstərdiyi dqqət və qayğıdır. Məhz dövlətin mediaya göstərdiyi diqqət və qayğının nəticəsidir ki, televiziyaların, radioların, o cümlədən internet televiziyalarının, informasiya agentliklərinin, xəbər saytlarının sayının artdığını müşahidə edirik. Bu gün Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı, informasiya vasitələri ilə getdikcə daha fəal və geniş şəkildə təmsil olunur. Bü faktın özü də bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti ölkə mətbuatının inkişafında maraqlıdır. Bu maraq isə qeyd edilən sahədə zəruri tədbirlərin həyata keçirilməsində özünü göstərir. Ümumiyyətlə, Azərbaycanda media, kütləvi informasiya vasitələrinin inkişafına xidmət edən mühüm amillərdən biri də dövlətin bu sahəyə göstərdiyi yardımlardır. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın təsdiq olunması, Konsepsiyaya uyğun olaraq 2009-cu il mayın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılması deyilənlərin təsdiqidir.
Söz və mətbuat azadlıqlığını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev də ümummilli lider Heydər Əliyev kimi kütləvi informasiya vasitələrini sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinin tərəfdarıdır. Eyni zamanda bu sahədə çalışanların peşəkarlığının artırılmasını zəruru hesab edən Azərbaycan Prezidenti keçirdiyi görüşlərin birində haqlı olaraq bunları qeyd edib: "Bu gün ölkəmizin artan imkanları kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir