Mübariz Qurbanlı Özbəkistan nümayəndə heyəti ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri müfti Usmonxon Alimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
11 İyul 2017 17:36 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri müfti Usmonxon Alimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, çoxkonfessiyalı və çoxmillətli dövlət olan Azərbaycanda dövlət-din münasibətləri, həmçinin, dövlətin din sahəsindəki siyasəti, Dövlət Komitəsinin fəaliyyəti barədə geniş məlumat verən Mübariz Qurbanlı Azərbaycanın malik olduğu nümunəvi multikultural və tolerantlıq modelindən söhbət açıb. Bildirib ki, Sovet hakimiyyəti dövründə 17 məscid olan Azərbaycanda hazırda 2246 məscid var. Təsadüfi deyil ki, Cənub Qafqazın ən böyük məscidi olan Heydər məscidi Bakıda inşa edilib. 28-i qeyri-islam olmaqla 757 dini icma və 10 İslam kolleci dövlət qeydiyyatına alınıb. Eyni zamanda, Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə dinə yüksək səviyyədə dövlət qayğısı var və bu qayğı bütün konfessiyaları əhatə edir.
Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov bildirib ki, iki qardaş ölkə arasında əlaqələrin
dərin tarixi kökləri var. Azərbaycana ilk dəfə səfər etdiyini diqqətə çatdıran Artukbek Yusupov səfərin Özbəkistanla Azərbaycan arasında din sahəsində əlaqələrin daha da genişlənməsinə böyük təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Qonaq deyib ki, bu gün müsəlman dünyasının mühüm tərkib hissəsi olan Azərbaycan İslam mədəni irsinin yaranması və qorunub saxlanılmasında önəmli məkanlardan biri kimi tanınır. Buna görə də 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır- deyə Artukbek Yusupov vurğulayıb. Dini sahədə gələcəkdə hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayan Özbəkistan Müsəlmanları İdarəsinin sədri müfti Usmonxon Alimov bildirib ki, Azərbaycanda məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur. Vurğulanıb ki, hazırda bəzi qüvvələr İslam dininə qarşı düşmən münasibət formalaşdırmağa çalışır.