Silah mütəxəsissləri işlə təmin olundu
Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsinin məzunlarının işlə təmin olunması üçün rektor əvəzi Xalıq Yahudovun əmri ilə seçim komissiyası yaradılıb.
11 İyul 2017 14:29 SosialAzərbaycan Texniki Universitetinin (AzTU) "Xüsusi texnika və texnologiya" fakültəsinin məzunlarının işlə təmin olunması üçün rektor əvəzi Xalıq Yahudovun əmri ilə seçim komissiyası yaradılıb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, seçim komissiyasının tərkibinə Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri və universitetin professor-müəllim heyəti daxildir. Builki komissiyaya adı təqdim olunan 53 məzunun hamısı təyinatı üzrə və könüllü olaraq Müdafiə Sənayesi Nazirliyi tərəfindən Nazirliyin zavod və komplekslərində işlə təmin olunub. İşə götürülən gənc mühəndislər bölgü üzrə Müdafiə Sənayesi Nazirliyinin "İQLİM" Elmi-İstehsalat Müəssisəsi, "Araz" zavodu, Bakı Cihazqayırma Zavodu, "Alov" zavodu, "PEYK" zavodu, Еlmi-Tədqiqаt İnstitutu və digər bu kimi böyük komplekslərinə təyinat alıblar. Seçim zamanı "Xüsusi texnika və texnologiya" fakültəsinin magistratura səviyyəsinə qəbul olunan tələbələrin təyinatı isə fakültə rəhbərliyinin məsləhəti ilə Nazirliyin Еlmi-Tədqiqаt İnstitutuna verilib. Bu yolla elmi fəaliyyətini davam etdirmək niyyətində olanlar üçün də şərait yaradılıb. Məzunlardan bəziləri hərbi xidmətə yollandığı üçün komissiyanın bu seçimində onların iştirakının təmin edilməsi mümkün olmayıb. Lakin AzTU və Müdafiə Sənayesi Nazirliyi həmin məzunlarla hərbi xidmətlərini başa vurduqdan sonra əlaqə yaradacaq və onlar da müvafiq işlə təmin olunacaqlar.