Azərbaycan kiber hücumlardan əziyyət çəkir
Bu günlərdə Estoniyanın Avropa İttifaqında sədrliyi çərçivəsində Tallin şəhərində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin görüşü keçirilib.
11 İyul 2017 13:24 SosialNazir: "Ölkəmiz erməni hakerlərinin hücumları ilə tez-tez qarşılaşır"
Bu günlərdə Estoniyanın Avropa İttifaqında sədrliyi çərçivəsində Tallin şəhərində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin görüşü keçirilib. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, tədbirdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri F.Məmmədov kibercinayətkarlıqla mübarizədə ölkəmizin təcrübəsi, o cümlədən qanunvericilik və institusional tədbirlərlə bölüşüb, transmilli xarakter daşıyan bu kimi cinayətlərlə mübarizədə səmərəli beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Kiber hücumların tamahla yanaşı, bir çox hallarda siyasi məqsədlər daşımasının daha böyük təhlükə doğurduğunu qeyd edərək, Azərbaycanın da bundan əziyyət çəkdiyini və erməni hakerlərinin hücumları ilə qarşılaşdığını bildirib. Gündəlikdə duran ikinci məsələ ilə bağlı çıxış edən nazir dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan qəti mübarizə tədbirləri, Azərbaycan brendi olan və 16 milyon müraciət edənlərin bəhrələndiyi "ASAN xidmət"in yüksək vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti, habelə Baş prokuror yanında geniş səlahiyyətlərə malik olan antikorrupsiya idarəsi, eləcə də bu sahədə mühüm rol oynayan məhkəmə sisteminin müasirləşdirilməsi barədə məlumat verib, ölkəmizin bu bəla ilə qlobal mübarizənin fəal iştirakçısı olduğunu qeyd edib. Tədbirdə, həmçinin məhkəmə-hüquq islahatlarına toxunularaq Avropa dövlətlərinin bu sahədə qarşılaşdıqları problemlərdən bəhs olunub, məhkəmə sistemlərinin təkmilləşdirilməsinin, əməkdaşlığın genişləndirilməsinin, yaxşı təcrübələrin mübadiləsinin əhəmiyyəti qeyd olunub, bu məqsədlə mütəmadi toplantıların keçirilməsi məqsədəmüvafiq bilinib.