"Asan İmza" mobil identifikasiyalar sahəsində yeni səhifə açır
Sürətli inkişaf dinamikası ilə hər kəsi heyrətləndirən informasiya-kommunikasiya texnologiyaları (İKT) insan fəaliyyətinin hər sahəsinə inamla daxil olub. Kiçik alətlərlə idarə olunan bu nəhəng sferanın nüfuzu artmaqdadır və yaxın gələcəkdə ən etibarlı vasitə olduğunu tam şəkildə ortaya qoyacaq.
10 İyul 2017 13:30 SosialSürətli inkişaf dinamikası ilə hər kəsi heyrətləndirən informasiya-kommunikasiya texnologiyaları (İKT) insan fəaliyyətinin hər sahəsinə inamla daxil olub. Kiçik alətlərlə idarə olunan bu nəhəng sferanın nüfuzu artmaqdadır və yaxın gələcəkdə ən etibarlı vasitə olduğunu tam şəkildə ortaya qoyacaq.
Yüksək texnologiyalar və innovasiya siyasətinə böyük diqqət yetirən Azərbaycan isə özünün "Asan İmza" mobil elektron imzası ilə artıq dünya brendinə çevrilməkdədir.
Vətəndaşlar və biznes mühitində kifayət qədər populyarlıq əldə edən "Asan İmza" hazırda 500-dən çox dövlət və özəl sektorun elektron xidmətlərində istifadə olunur.
"Asan İmza" mobil elektron imza Azərbaycanda elektron və mobil hökumətin inkişafında əhəmiyyətli addım hesab edilir. Hər şey on-line rejimdə baş verir. Yeni texnologiya istifadəçi üçün anlaşılan, təhlükəsizdir və kağız sənəd mübadiləsi ilə bağlı olan xərclərə qənaət etməyə imkan verir.
Ofislərdə kağız istifadəsindən tam imtina hələ də tam mümkün olmasa da, müqavilə və digər sənədlərin qələmsiz imzalanması artıq reallıqdır. Bugün elektron imzalar biznes və icarə müqavilələri, fakturalar və əmək müqavilələri daxil olmaqla müxtəlif sahələrdə sənədləri qorumaq üçün istifadə olunur.
Hesablamalara görə 2020-ci ilə qədər ABŞ-da, sənədlərin 50 faizi elektron şəkildə imzalana biləcək. Avropada isə yeni AB eIDAS nizamnaməsi lazımi hüquqi çərçivəni aydınlaşdıraraq daha çevik texniki həllərin qəbul edilməsinə imkan verdiyi üçün bazarın sürətlə genişlənəcəyi gözlənilir.
Azərbaycanda yaradılan elektron hökumətin əsasında məhz "Asan İmza" dayanır. Kağız sənədlər yavaş-yavaş elektron sənədlərlə əvəz olunur və dövlət xidmətlərinin göstərilməsi üzrə yeni informasiya texnologiyaları peyda olunur. İdeal məqsəd vaxt itkisinin aradan qaldırılması və keyfiyyətli xidmətin göstərilməsidir.
"Asan İmza" bütün vacib elektron tranzaksiyaları həyata keçirməyə və sənədləri hüquqi baxımdan qanuni olan elektron imza ilə imzalamağa imkan verən texnologiyadır. O, mobil identitet və imza xidməti yüksək mobilliliyi və istifadədə rahatlılığı sayəsində istənilən zaman və istənilən yerdə dövlət və özəl elektron xidmətlərə giriş təmin edir.
Bu innovasiyanın əsas üstünlüyü ondan ibarətdir ki, smart-kartın oxunması üçün əlavə qurğu və ya proqram təminatı tələb olunmur. Xidmətdən faydalanmaq üçün mobil telefon və autentifikasiya və imza açarları daşıyıcısı olan SIM kartın olması kifayətdir. "Asan İmza" sistemində istifadə olunan mobil elektron imza sertifikatları Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən vətəndaşlara təqdim edilir.
Elektron imzanın bir sıra üstünlükləri var ki, ən barizi elektron imza sənədlərin və məlumatların mübadiləsi zamanı bunu başqalarının izləməsini, göndərilən sənədlərə hər hansı dəyişiklik edilməsini və məsuliyyətdən yayınmanı mümkünsüz edir, iddiaları aradan qaldırır, həqiqiliyə heç bir şübhə qalmır.
Sənəd konkret şəxsə göndərilir və sənəddəki imza yalnız onu oxuyacaq şəxs üçün qoyulur. İmzanın məqsədi isə birdir. Elektron sənəddə onun kim tərəfindən və nə zaman imzalandığı haqqında tam məlumat vardır.
Elektron imzanın sosial müdafiə sistemində tətbiqi nəticəsində saysız-hesabsız sənədlərin toplanması, arayışların alınması prosesi aradan qaxır. Elektron imza sahiblərinin bürokratik əngəllərə rast gəlmələrinə imkan verilmir, hansısa məmurun sənədə imza edəcəyini çox gözləmək lazım olmur. Həmçinin elektron imza vətəndaşların qəbul otaqlarında vaxt itkisini aradan qaldırır.
Məhz bu amilləri nəzərə alaraq, yaxın gələcəkdə sorğuların keçirilməsi, şəxsiyyətin təyini və şəxsiyyət vəsiqəsinin verilməsi, sağlamlıq kartları, elektron seçkilər, tədris prosesi, elektron imtahan, virtual satınalmalar və elektron bələdiyyə sistemlərində elektron imza tətbiq olunacaq.
Elektron imzanın sosial və iqtisadi mühitin bütün sahələrində istifadəsi isə daha genişdir.
Bu gün "Asan İmza" mobil elektron imzanın köməyilə elektron vergi bəyannamələrinin verilişi, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin onlayn qeydiyyatı və s. həyata keçirilir.
"Asan İmza" texnologiyasının geniş miqyasda tətbiqi ölkədə elektron bankçılıq və elektron kommersiyanın inkişafına da təsir göstərir. Bu texnologiyanın tətbiqi vətəndaşların banklara etibarının yüksək səviyyədə təmin edilməsinə, vaxtın və sorğuların emalının qiymətini kifayət qədər azaltmağa, eləcə də verilənlərin qorunmasının dəfələrlə gücləndirilməsinə kömək edir.
Kibertəhlükələrin artan səviyyəsini nəzərə alaraq Azərbaycan bankları "Asan İmza"nı özlərinin daxili elektron kargüzarlıq sistemlərində istifadə etməyə başlayıblar. "Asan İmza" "Şəxsi kabinetlər"ə, hesab platformalarına, sığorta və digər onlayn sistemlərə giriş üçün universal və daha təhlükəsiz identifikator kimi əvəzolunmazdır. Demək olar ki, bütün vacib bank xidmətləri "Asan İmza" istifadəçisinin mobil qurğusunda yerləşir və istifadə üçün fasiləsiz olaraq əlçatandır.
"Asan İmza" texnologiyası elektron mühitdə fərdi verilənlərin və tranzaksiyaların təhlükəsizliyi və toxunulmazlığına tam zəmanət verir, bu isə bank elektron sistemləri ilə qarşılıqlı əlaqə zamanı istifadəçinin şəxsiyyətinin müəyyənləşdirilməsi baxımından digər ənənəvi alətlərlə müqayisədə mobil imza texnologiyasına üstünlük qazandırır.
"Asan İmza" mobil elektron imza xidmətinin operatoru, "B.EST Solutions" Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpe Risk Management Forum 2017-də qeyd edib ki, "Asan İmza" ilə qarşılıqlı əlaqə zamanı o, maliyyə sisteminin ümumi sabitliyinə müsbət təsir edir.
"Bu sabitlik sənəd dövriyyəsinin elektron formaya köçürülməsi, dövlət informasiya sistemlərindən əldə edilən verilənlərin etibarlılığının yüksəldilməsi nümunəsində risklərin azaldılması kimi texniki qarşılıqlı əlaqə zamanı bank xərclərinin əhəmiyyətli dərəcədə azaldılması hesabına baş verir", - deyə Yana Krimpe diqqətə çatdırıb.
Həmçinin, "Asan İmza" texnologiyası Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan "Azexport.az" portalına inteqrasiya olunub və bu texnologiya "Made in Azerbaijan" konsepsiyasını dəstəkləyir.
Texnoloji irəliləyişlər və imkanlar ölkədə elektron xidmətlərin, o cümlədən elektron ticarətin genişlənməsinə şərait yaradır. Bu gün portal Azərbaycanda istehsal olunan malların ixracını həyata keçirir və "Alibaba.com", "Wholesale" və "All.biz" kimi dünya elektron ticarət şirkətləri ilə çalışır.
Bundan əlavə, Azərbaycanın qeyri-rezidentləri üçün başlayan "еmResidency" proqramı sayəsində "Asan İmza" nın verilişi hər kəsə əlyetərli olacaq. Bu imkan xüsusilə xaricdə fəaliyyət göstərərək Azərbaycanda biznes qurmağa, ölkəyə investisiya qoymağa və lokal onlayn xidmətlərin bütün imkanlarından istifadə etməyə çalışan hər kəsə aid edilə bilər.
Yaxın vaxtlarda Azərbaycanın bütün dünya üzrə diplomatik nümayəndəliklərində istənilən dövlətin nümayəndəsi "Asan İmza"nı əldə edə biləcək, AsanDoc.az portalının buraxılışı isə onlara Çindəki partnyoru ilə bir neçə saniyə ərzində müqaviləni imzalamağa və ya Türkiyə vətəndaşı ilə birgə şirkət yaratmağa və s. imkan verəcək. Bütün bunlar biznesin təşviqinə xidmət edir, xarici biznes tərəfdaşları arasında sənədlərin elektron formada tərtibi və imzalanmasına, digər dövlətlərlə elektron məlumat mübadiləsi, transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə, xarici investorlar üzrə vergi və inzibati xərclərinin azalmasına imkan verir.
Yeni yaradılan AsanDoc.az portalı isə "Asan İmza" vasitəsilə elektron sənədlərin imzalanmasını daha da sadələşdirib. Bu gün AsanDoc.az portalı bu zamana qədər elektron formada sənədləri imzalamağa mane olan bütün maneələri aradan qaldırıb.
Portal elektron vergi bəyannamələri, elektron vergi hesab fakturaları, fiziki və ya hüquqi şəxsin qeydiyyatı üçün ərizə, əmək müqaviləsinin bağlanılması ilə bağlı bildiriş, məcburi dövlət sosial sığorta haqqında hesabatlar, sığortaolunan şəxsin qeydiyyatı və s. bu kimi vacib sənədlərin imzalanması prosedurunu asanlaşdırır. Artıq sənədlərin imzalanması üçün əlavə proqram təminatının axtarılması və yüklənməsinə ehtiyac qalmır. Məsələn, istifadəçi kompüterində hansı əməliyyat sisteminin - Windows, Mac OS və ya Linux-un quraşdırılması barədə düşünməməlidir.
AsanDoc.az portalına smartfonlar və planşet kompüterlər də daxil olmaqla istənilən qurğudan giriş mümkündür. Bu yenilik elektron sənədlərin hüquqi əhəmiyyətinə və tamlığına, imzalayan şəxsin şəxsiyyətinin təyin edilməsinə zəmanət verir və artıq imzalanmış sənədi üçüncü şəxslərin müdaxiləsindən qoruyur. AsanDoc.az portalında "Asan İmza" vasitəsilə imzalanmış elektron sənəd sizin şəxsi kompüterinizdə də saxlana və ya elektron poçt vasitəsilə göndərilə bilər.
Eyni zamanda, Azərbaycan İKT sahəsində mövqelərini daha da möhkəmləndirməklə, həmçinin, qlobal informasiya dünyasına inteqrasiy üçün böyük addımlar atır. Təqdirəlayiq haldır ki, GUAM-a üzv dövlətlər də artıq"Asan İmza" mobil elektron imza və elektron rəqəmsal imza vasitəsilə onlayn şəkildə istənilən vacib sənədi imzalaya bilərlər. Bundan əlavə, Türkdilli dövlətlər arasında elektron imzanın tanınması ilə bağlı razılıq əldə olunub.
Beləliklə, tam əminliklə deyə bilərik ki, regionun neft-qaz sənayesi liderlərindən olan, yalnız energetika sahəsində deyil, həm də IKT sahəsində transmilli layihələrin təşəbbüskarı kimi çıxış edən Azərbaycan özünün yeni uğuru - "Asan İmza" - ilə dünyada yüksək texnologiyalar sahəsində reformalar gerçəkləşdirilən ölkələrin fəxri siyahısında qərarlaşır.
Gulgiz Muradova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün çap olunub. Layihənin istiqaməti: " İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi"