Torpaqdan nə dərəsədə səmərəli istifadə edirik?
Torpaqdan səmərəli istifadə qeyri-neft sektorunun inkuşafı ilə yanaşı, ərzaq təhlükəsizliyi probleminin də aradan qaldırılmasında mühüm rol oynayır. Azərbaycanda da torpaqdan səmərəli istifadə məqsədilə bir sıra tədbirlər həyata keçirilməkdədir. Məlumat üçün qeyd edək ki, əsas istehsal vasitəsi olan torpaq sahələri müxtəlif dərəcədə deqradasiyaya məruz qalıb.
10 İyul 2017 12:44 SosialTəyinatı üzrə istifadə edilməyən torpaqlarımız kifayət qədərdir
Torpaqdan səmərəli istifadə qeyri-neft sektorunun inkuşafı ilə yanaşı, ərzaq təhlükəsizliyi probleminin də aradan qaldırılmasında mühüm rol oynayır. Azərbaycanda da torpaqdan səmərəli istifadə məqsədilə bir sıra tədbirlər həyata keçirilməkdədir. Məlumat üçün qeyd edək ki, əsas istehsal vasitəsi olan torpaq sahələri müxtəlif dərəcədə deqradasiyaya məruz qalıb. Rəsmi istinad mənbələrinə görə ölkə ərazisi üzrə 43,3 faiz torpaq sahəsi bu və ya digər dərəcədə eroziyaya uğramış (o, cümlədən 15,5 % şiddətli), 1332,5 min ha müxtəlif dərəcədə şorlaşmış ( o, cümlədən 220537 ha çox şiddətli), 1339,0 min hektarı ( o, cümlədən 8450 ha şiddətli) isə bu və ya digər səviyyədə şorakətləşmişdir. Həmin deqradasiya proseslərinin arealının günbəgün genişləndiyini və onun təsirinə məruz qalmış torpaq sahələrinin becərilməsi sahəsində ən keyfiyyətli toxum və əkin materiallarından, suvarma suyundan, gübrələrdən, pestisidlərdən və kənd təsərrüfatı texnikalarından istifadənin lazımı səmərə vermədiyini nəzərə alaraq, birinci növbədə bu torpaq sahələrinin münbitliyinin bərpası və meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir. Təsasdüfi deyil ki, prezident İlham Əliyev qeyd edib ki, biz hər qarış torpaqdan səmərəli istifadə edilməlidir: "Bu gün bütün ölkələr ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar yaşayırlar. Çünki dünyada əhali artdıqca tələbat da artır, torpaq sahəsi isə artmır. Əlbəttə ki, bu artan tələbatı ödəmək üçün çox ciddi addımlar atılmalıdır. Bizim o qədər də böyük torpaq sahəmiz yoxdur. Ona görə biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır". Prezident İlham Əliyev məhsuldarlığı da artırmağın vacibliyini vurğulayaraq bildirib ki, əgər taxılçılıqda məhsuldarlıq 40-45 sentnerə qalxsa, biz mövcud olan əkin sahələri ilə öz tələbatımızı ödəyəcəyik. Dövlətin aqrar sektorun inkişafı üçün özündən asılı olan bütün addımları atdığını qeyd edən Prezident deyib: "Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Dövlət tərəfindən fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər ayrılır, infrastruktur yaradılır". Üstəlik dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman imzalayıb. Fərmana əsasən torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, aidiyyətı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi, torpaqların səmərəli istifadəsinin təşkili, torpaqların münbitliyinin, keyfiyyət göstəricilərinin artırılması prioritet məsələ kimi müəyyən olunub. Maraqlıdır, bəs dövlət başçısının sözügedən fərmanının icrası istiqamətində hansı tədbirlər həyata keçirilir?
Əmlak Məsələləri Dövlət Komitəsi də fərmana uyğun olaraq torpaq idarəçiliyi və inzibatçlılığı sahəsində genişmiqyaslı tədbirlər həyata keçirir. Bu tədbirlər sırasında torpaq münasibətlərinin tənzimlənməsi və inzibatçılığı, habelə torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, torpaq bazarının təşkili ilə bağlı maarifləndirici forumlar xüsusilə qeyd edilməlidir. Yerli icra hakimiyyətləri, bələdiyyələr, aidiyyəti dövlət qurumlarının nümayəndələri, iri torpaq mülkiyyətçiləri və KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan maarifləndirici tədbirlər ən çox regionlarda reallaşdırılır. Komitədən bildirilib ki, bu istiqamətdə işgüzar forumların keçirilməsinin əsas məqsədi bələdiyyələri, iri torpaq mülkiyyətçilərini digər aidiyyətı qurumları torpaqların qanunvericiliyin tələblərinə uyğun istifadəsi ilə bağlı məlumatlandırmaq, onlara torpaqların kateqoriyası və təyinatına uyğun istifadəsi ilə əlaqədar müvafiq qanunun müddəalarına riayət edilməsinin vacibliyini bildirmək, o cümlədən, torpaq idarəçiliyində yaranan qanunpozuntularına qarşı tətbiq olunan inzibati xətalar və sanksiyalar barəsində maarifləndirməkdiir. Eyni zamanda yerli icra hakimiyyəti, bələdiyyələr, fiziki, hüquqi şəxslər və digər istifadəçilərə torpaqların istifadəsi ilə bağlı hüquq və vəzifələrini agah etmək, torpaq bazarının formalaşması və torpaq inzibatçılığı ilə bağlı yaranan məsələlər barəsində maarifləndirmək, vətəndaşlara torpaqlar ayrılan zaman qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini bildirmək, torpaqların təyinatının dəyişdirilməsi qaydalarını izah etmək də forumun əsas vəzifələrindəndir. Hazırda torpaq idarəçiliyində, torpaq bazarının təşkilində, torpaqların səmərəli istifadəsində, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində yeni yanaşmalar, modern üsullar, innovativ layihələr tətbiq edilməklə mühüm işlər görülür. Bu sahələrin müasir metodlarla idarə edilməsi vacib şərtlərdəndir. Torpaqlardan düzgün, səmərəli istifadənin elementləri və prinsipləri barədə hər bir aidiyyati qurumda məlumat olmalıdır. Torpaq istifadıçilərinə onun idarəçiliyində yaranan qanun pozuntularının qarşısının alınması, bununla bağlı inzibati xətalar və sanksiyalar izah olunmalıdır. Bununla da torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilməlidir. Bu gün belə qanun pozuntularının aradan qaldırılması üçün torpaq müfəttişləri tərəfindən monitorinq və reydlər keçirilir. Qanunpozuntusuna yol verən şəxslərə qanunvericiliyə uyğun protokollar tərtib edilir. Hazırda ölkəmizdə vahid idarəçiliyin tətbiqində mühüm əhəmiyyət daşıyan bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bazasının yaradılması istiqamətində işlər aparılır. Ölkə ərazisindəki bütün torpaqlar elektron kadastr uçotuna alınaraq Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılır. Bu sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınmasına, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsinə dair qərarlar qəbul edilir. Müasir bələdiyyə və relyef xəritələrinin hazırlanmasına nail olunur.
Yeri gəlmişkən qeyd edək ki, dövlət tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə mühafizə zonaları müəyyənləşdirilmişdir. Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin, sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, avtomobil və dəmir yollarının, elektrik xətlərinin ətrafında yaradılır və mühafizə zonaları ilə bağlı qanunvericiliyin tələblərinə müvafiq qurumların, fiziki və hüquqi şəxslərin əməl etməsi vacibdir. Çünki perspektiv inkişafın təmin edilməsi, gələcək nəsillərin məskunlaşması və əhalinin ərzaq tələbatının daha dolğun ödənilməsi bu gün sahib olduğumuz torpaqların necə mühafizə edilməsindən, ondan səmərəli istifadə səviyyəsindən asılıdır. Deməli, torpaqlardan səmərəli istifadə istiqamətində həyata keçirilən işlər təkcə bugünümüzə deyil, eləcə də gələcəyimizə hesablanmış iqtisadi və sosial siyasətin tərkib hissəsidir. Təəssüf ki, torpaqlardan istifadə ilə bağlı dövlət səviyyəsində aparılan işlərə baxmayaraq, vətəndaşların torpağa münasibəti hələ də lazımi səviyyədə deyil. Belə ki, bəzi vətəndaşlar tərəfindən torpaqlardan təyinatı üzrə istifadə edilməməsi, özbaşına tikililərin aparılması, eləcə də torpaqların mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsi hallarına hələ də rast gəlinir. Bəzən vətəndaşlar qanunvericiliyi ya bilərəkdən pozur, ya da onlar torpaqlardan istifadə, tikinti aparılması qaydaları, mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar. Belə hlların qaradan qaldırılması üçün maarifləndirici tədbirlərin həyata keçirilməsi zərurəti yaranır.
Nurlan