İnsanların Xəzərə giriş-çıxışını əngəlləyənlər

Çimərlik mövsümünün yaxınlaşması ərəfəsində Milli Məclisi Torpaq Məcəlləsinə dəyişikliklər edərək ictimai çimərliklərlə bağlı qaydaları müəyyənləşdirdi. Belə ki, Məcəllənin 46-cı maddəsinə edilən dəyişiklərə əsasən ictimai çimərliklərlə bağlı tələblər dəqiləşdirildi. Sənəddə qeyd olunur ki,  əsasən ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun. Çox təəssüf ki, qanunvericilikdə müvafiq dəyişiklik edilməsinə baxmayaraq hələ də onun icrasında nöqsanlara yol verilir.

Fazil Mustafa: "Dənizdən səmərəli istifadə imkanları Azərbaycan insanı üçün xeyli çətinləşib"

Millət vəkili Fazil Mustafa qeyd edib ki, dənizə gedən yolun bu dərəcədə geniş hasarlanması başa düşülən deyil: "Sübh tezdən artıq vərdişə çevirmişəm, dənizə gedirəm. Qaçıram, yüyürürəm, çimirəm, sahildə adam tapanda futbol oynayıram. Təbii ki, sahilboyu xeyli gəzdiyimə görə dənizin səviyyəsiz formada hasarlanmasının da bir daha şahidi oluram. Bir neçə mövzu barədə hər dəfə düşünməli oluram ki, Allahın bir nemət olaraq verdiyi bu dəniz bizə, yəni biz azərbaycanlılara nə dərəcədə yaraşır. Şairlərin dəniz haqqında, qağayılar və dalğalar haqqında şeirlərini, qatar-qatar buruqlarını, əlçatmaz kürüsünü, osetrin balığını qoyun bir tərəfə, sadəcə düşünün ki, bu gözəl dənizin bizə verdiyi sevginin, sağlamlığın, maddi sərvətin cüzi bir hissəsini belə şükranlıq olaraq qaytara bilirikmi?" İlk olaraq hasarlanmadan başlayan millət vəkili qeyd edib ki, dənizə çıxan yolu hətta hasarlarla bağlamış adamların evlərindən nə səhər, nə axşam işıq gəlmir: "Demək ki, əsas yaşayış məskəni kimi düşünülməyib, o zaman yaşamadığınız yerdə dənizə gedən çıxışı bağlamaqları, dənizin içinə qədər hasarlar çəkməyi, ən hündür hasarlarla dənizi gözəgörünməz etməyi nədən özlərinə rəva bilirlər, doğrusu anlamaq olmur. Bir də gördün təklif etdim ki, Xəzəri hasarlayıb insanların dənizə giriş-çıxışını əngəlləyənlər üçün Xəzərin içində estakadalar quraşdırılaraq bir qəbirstanlıq yaradılsın, bu adamları öləndən sonra cənazələrini bu estakadaların üzərinə qoyaq ki, iy verənə qədər dənizin havasından, suyundan doya bilsinlər".

Onun sözlərinə görə, çimərlik saxlayan iri və xırda sahibkarlara hər dəfə insanın ürəyi ağrıyır. Axı Xəzər dənizi turizm üçün həqiqətən də sıxıntılı yerdir, nə qədər pul töküb çimərlik yaradırsan, cəmi iyul-avqust ayları sabit çimərlik mövsümü olur, o zaman da Bakının küləyi iki-üç gün davam edən kimi, bu çimərliklərdə gözətçilər ağzıgünə yatırlar: "Heç bu yerlərin mühafizəçilərinin pulunu verməyə sahibkarın pulu olmur. Vergi orqanlarının da vecinə deyil, yer açdınsa, gəlirin var-yox, fərq etməz, öz pulunu əvvəlcədən alıb gedir. Hələ qeyri-rəsmi ilişən qurumların tələblərini demirəm. Bu adamlar da məcbur olub xidmət qiymətini qaldırırlar, bu zaman da müştəriləri qaçır. 20 nəfərin işini 5 nəfər gördüyünə görə əhaliyə xidmətin keyfiyyəti də aşağı olur, lazımi infrastruktur yaradılmır, antisanitariya baş alıb gedir. Açığı nə ağılla bu sahəyə pul yatırırlar, mənə də maraqlıdır, inanmıram ki, başqa yerdən gəliri olmayan hansısa sahibkarın il boyu da tikililərin amortizasiya xərclərini ödəməyə imkanı çatsın. Fikrimcə, çimərlik biznesi rentabelli olmadığına görə, bu işə dövlət təşviqi və dəstəyi olmalıdır, əks halda Xəzər turizmi fiaskodan başqa bir şey olmayacaq. Heç hotellərin və sanatoriyaların cazibədarlığı qalmayıb, hansısa gənclər düşərgəsinə həmkarlar xətti ilə göndəriş də yoxdur, bir sözlə dənizdən səmərəli istifadə imkanları bu və ya digər səbəbdən Azərbaycan insanı üçün xeyli çətinləşib".

Millət vəkili əlavə edib ki, Xəzərin isti hissəsi bizim, farsların və türkmənlərin əlində deyil, rusların əlində olsaydı, inanın ki, sübh tezdən sahildə iynə atmağa yer tapılmazdı: "Sübh tezdən yay aylarında sahildə idman edən, yuyunan, balıq tutan 10-15 adam görəndə sevinirsən. Günəş işığından faydalanmağı sevməyən bizim kimi görən neçə millət olar? Cəmiyyətimizin tənbəlliyi bu sahildən daha rahat görünür. Məsələ sosial vəziyyətlə, kasıbçılıqla deyil, Allahın verdiyi nemətə həssaslıqla, şükranlıqla bağlıdır, ələvə pul xərcləyib xarici ölkələrə gedənlər əgər bu dənizin, bu qumun dəyərini anlamış olsalar, buradan bir addım da kənara qoymazlar. Xəzrin sahillərində müalicəvi hava və qum qatı var, havanı balonlara yığıb daşımaq mümkün olmadığına görə düşüblər qumun üstünə. Qızılqumun, Qırmızıqumun sahildən gecə-gündüz daşınması nəticəsində burada həqiqətən ekoloji fəlakət yaşanır və indi nə qədər müvafiq qurumlar qarşısını almağa çalışsalar da, yenə də imtiyazlı şəxslər üçün bu elə də çətinlik yaratmır". Onun fikrincə, dəniz kənarında idman meydançaları olmalıdır, futbol, voleybol, qaçış, hamısı da ödənişsiz əsaslarla, qoy insanlar kütləvi şəkildə bu sağlamlıq fürsətindən yararlana bilsinlər, təəssüf ki, olan meydançaları da yoxa çıxarırlar: "Mən adətən iki yerə baxanda içim sızlayır, birincisi, qeyd etdiyim kimi, Xəzər dənizi və ona olan münasibətimiz, ikincisi isə məsuliyyətsilikdən şoranlaşdırdığımız torpaq sahələrimizdir. Həm də ona görə ki, dənizə çıxışı olmayan ölkənin, əkməyə torpaq sahəsi olmayan ölkənin əhalisinin hansı sıxıntılar yaşadığını oxuyuram, eşidirəm, duyuram. Nemətlərə şükranlıq- əslində çatışmayan əsas anlayışımız budur, məncə".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31