Züleyxa Nadir yazir... Sənin buynuzun var

Universitetdə məntiq müəllimimiz var idi - Mustafa Güliyev. Bir dəfə dərsdə test etdi. Oğlanlardan birini ayağa qaldırıb soruşdu ki, buynuz itirmisən? “Yox” cavabını alandan sonra söylədi ki, oğlum, sənin buynuzun var. Hamımız təəccübləndik, hətta əməllicə güldük də. Tələbə yoldaşım isə necə pərt olmuşdu, necə qızarmışdı, necə tərləmişdi... illər keçib, amma sifətinin halını indi də xatırlayıram. Mustafa müəllim izah etdi ki, məntiqdə belə bir qanun var: itirmədiyin şey səndə var. Bu oğlan da buynuz itirməyib, deməli onun buynuzu var...

Züleyxa Nadir

Sənin buynuzun var

Universitetdə məntiq müəllimimiz var idi - Mustafa Güliyev. Bir dəfə dərsdə test etdi. Oğlanlardan birini ayağa qaldırıb soruşdu ki, buynuz itirmisən? "Yox" cavabını alandan sonra söylədi ki, oğlum, sənin buynuzun var. Hamımız təəccübləndik, hətta əməllicə güldük də. Tələbə yoldaşım isə necə pərt olmuşdu, necə qızarmışdı, necə tərləmişdi... illər keçib, amma sifətinin halını indi də xatırlayıram. Mustafa müəllim izah etdi ki, məntiqdə belə bir qanun var: itirmədiyin şey səndə var. Bu oğlan da buynuz itirməyib, deməli onun buynuzu var...

Əslində məntiq mülahizə, düzgün təfəkkür, fikir və fəaliyyətdə yaranan əlaqələr haqqında elmdi. Bu elmin gəldiyi nəticələr onun öz qanunları ilə tənzimlənir. Məntiq sübut etməyə çalışır ki, sən buynuz itirməmisənsə, o, səndə var. Əminəm ki, bu cümləni oxuyan kimi dodağınız qaçacaq, ya da güləcəksiniz - illər öncə Mustafa müəllimin söylədiklərinə bizim güldüyümüz kimi. Doğru... gülməlidi. Siz məntiqin qanununlarına güləcəksiniz, mən isə Milli Məclisdə yaltaqlıq haqqında səsləndirilən təklifə iki gündü gülürəm.

Bizim Milli Məclisin deputatları zaman-zaman gülməli təkliflər irəli sürüblər, hətta ağlamalı məsələləri qabardıb gündəmə gətirənlər də olub. Bu dəfəki təklif isə nə gülməli, nə də ağlamalıdı. Deputatın söylədikləri və məntiqi lap görkəzmədi. Deputat Qüdrət Həsənquliyev deyir ki, Azərbaycanda deputatların yaltaqlıq etməsi qadağan olunmalıdı. Fikrini də Özbəkistanda yaltaqlığın qanunla ləğv olunması ilə əsaslandırır. Spiger deputata cavab verir: "Sən yaltaqlığın dərəcəsini göstər, biz də məsələyə baxaq". Deputat niyə, nəyə və kimə yaltaqlanmalıdı? Bu, başqa mövzudu.

Oqtay Əsədov isə Mustafa müəllimin tələbəsi olsaydı yaltaqlığın dərəcəsi haqqında fikir söyləməzdi. Bilərdi ki, yaltaqlıq elə yaltaqlıqdı, onun dərəcəsi-filanı yoxdu və çox mənfur bir hərəkətdi. Qüdrət Həsənquliyev deyirsə ki, bu barədə qanun qəbul edilsin, deməli bu ölkədə yaltaqlıq baş alıb gedir - məntiq belə diktə edir. Necəsə, nə yollasa onu tutub saxlamaq lazımdı. Biçarə deputat çıxış yolunu qanun qəbul etməkdə görür. Təkcə deputatlar yaltaq deyil ki?! Üç nəfər işçisi olan JEK-in süpürgəçisindən tutmuş nəhəng nazirlik, komitə və şirkətlərin əməkdaşları arasında da istənilən qədər yaltaq tapmaq mümkündü.

Qanunla o hal tənzimlənir və qarşısı alınır ki, o, vətən, xalq, millət üçün çox böyük təhlükədi. Yaltaqlıq da çox böyük təhlükədi. Amma saysız-hesabsız yaltağı müəyyənləşdirmək, söylədiklərini sübuta yetirmək hansı qanuna yerləşə bilər ki? Necə qanun qəbul etmək olar ki, mayasında yaltaqlıq toxumu olan və münbit şəraitə düşən kimi sürətlə böyüyən xasiyyət sahibini "içəri" ata biləsən?!

Yaltaqlığın bir çox vasitələri var. Hansısa bir vasitənin seçilməsi yaltağın mədəniyyət və xasiyyətindən asılıdır. Həmçinin bu, yaltaqlıq obyektinə bağlıdı. Əgər obyekt yaltaqlıqdan məsti-xumar olursa peşəkar yaltağın çiçəyi çırtlayır. Azərbaycanda peşəkar yaltaqlar çoxdu, çoxumuz da tanıyırıq. Bir də var ki, usta yaltaqlar. Onlar qarşıya qoyulan məqsədə çatmaq üçün peşəkar yaltaqların qabağına usalıqla doqquz qoyarlar. Məmləkət belələrindən də xali deyil.

Yaltaq ləyaqətli insan cildinə girəndə onu tanımaq olmur. Ona görə də deputat Fazil Mustafa həmkarının fikirlərinə əks gedərək deyib: " Belə bir qanunun qəbul olunmasının əleyhinəyəm. Çünki indi hamını daha yaxşı seçmək olur. Qanun qadağa etsə, heç kimi tanımaq olmayacaq. Qanunun olmaması daha xeyirlidir".

Yaltağın kimliyini xasiyyətinin xarici əlamətinə görə yox, müqavimət göstərməmək, öz mövqeyini müdafiə etməmək prinsiplərinə görə çox asanlıqla ayırd etmək olur. Yaltaq cəmiyyətdə mənəvi qüsurların ən iyrənc daşıyıcısı olan insanlar zümrəsinə aiddir. Yaltaqlıq heç zaman müstəqil surətdə özünü göstərmir. Yaltaqlıq ikiüzlülüklə ekizdi. Yaltaq öz təbiətinə görə satqındı. Yaltaq araqarışdıranın qohumudu. Yaltaq paxıldı, ən murdar və pis qoxulu xarakterlərin sahibidi. Yaltaqlıq mənfur xəstəlikdi.

Yaltaqlıq mühitini yaradan rəhbər şəxslərdi. Müdirlər istəyirlər ki, işçilər ona yaltaqlanslınlar. Heç kəsə sirr deyil ki, Azərbaycanda vəzifəli şəxslər kresloda oturan kimi ilk vəzifələri ətrafında yaltaqların, xəbərçilərin olmasını təmin etmək olur. Sanki yaltaq acıdırlar, yaltaq susuzluğundan dodaqları çatlamış kimidirlər. Bəzən müdir xəbərçini, yaltağı özü ilə əvvəlki iş yerindən gətirir. Çünki ona inanır, ona etibar edir. Həmin xəbərçi (casus da demək olar) ətrafda olub-bitəni müdirə çatdırır. Və o, avtomatik olaraq burada da professional yaltaq cildinə girir. Yanında yaltaq adam görmək istəyən rəhbər şəxsin gözünü vəzifə pərdəsi elə örtür ki, sabah başına nə gələcəyini belə düşünmək qabiliyyətini itirir. Anlamır ki, başına gələcəklərin baiskarı məhz həmin yaltaq olacaq.

Yaltağın fəaliyyət göstərdiyi tüstülü mühitdə çoxlarımız "boğulmuşuq", ya da çox ağır formada yaralanmışıq. Mən illərdi aldığım yaranın ağrısını çəkirəm. Yaltağın "xidmətləri"ndən məsti-xumar olan rəhbərlər sonradan elə zərbəyə məruz qalırlar ki, uzun müddət özlərinə gələ bilmirlər. Tanıdığım bir nəfər beş il universitetdə eyni partada oturduğu, yataqxanada az qala bir çarpayıda yatdığı tələbə yoldaşı işlədiyi müəssisəyə müdir təyin ediləndən sonra onun ətrafında iyrənc bir formada "pərvanəyə" döndü. Satqınlığı, xəbərçiliyi və yaltaqlığı xarakterində cəmləşdirən bu qorxulu adam "bəli, müəllim, siz düz buyurursunuz..." deyə-deyə dostunun səhvlərini doğru kimi qiymətləndirdi. Müdir yaltağın əyilib-qalxmasından həzz alırdı. Çox keçmədi ki, həmin o mənfur yaltaq öz müdirinin - tələbə yoldaşının, dostunun "başını yedi".

Bütün bu pislikləri qanun qəbul etməklə aradan qaldırmaq mümkündümü? Əlbəttə, yox. Çünki yaltaq qanuna nəzarət, yaxud da icra edənə elə məharətlə, elə ustalıqla "papış tikəcək" ki, icraçı da, nəzarətçi də ona "əhsən" deyəcək. Heç bir qanun yaltaqlığın qarşısını ala bilməz. Yalnız vicdan insanı düşdüyü yaltaqlıq quyusundan çıxarar və əxlaqsılığa gedən yoldan kənara çəkər. Əxlaqsızlıq təkcə əkscinsin nümayəndəsi ilə yatağa girmək deyil. Yaltaqlıq ən iyrənc əxlaqsızlıqdı. Həmçinin də cəmiyyətdə yaltaq ordusunu yaratmaq əxlaqsızlığın görünməyən tərəfidi. Yaltaqlar cəmiyyəti cürüdürlər. Yaltaqlıq şinelinə bürünənlərin mənəviyyatı korroziyaya uğrayır. Onlar ən ali dəyərləri asanlıqla tapdalaya bilirlər. Yaltaq və xəbərçi adamlar ailədə də özlərini doğru-dürüst apara bilmirlər.

Bunları qanunla tənzimləmək mümkün deyil. Vicdanı olanlar yaltaqlığın nə olduğunu bilmirlər. Vicdanı olanlar yaltağı əlinin tərsi ilə geri çevirilər. Ədalət tərəzisi və insaf güzgüsü vicdanlı adamların daimi "aksesuarlarıdı". Vicdandan məhrum olanlar isə yaltaqların qurbanıdı...

Deputatın dedikləri nə qədər gülməlidirsə, yaltaq adamları tanımaq, onları ətrafında görmək, elədiklərinə şahid olmaq o qədər ağlamalı və faciəlidir. Bu adamların yaltaqlıq kimi buynuzları var. O buynuzların ucu çox itidi. Hər an yaltaqlıq etdiyi obyektin qarnını deşə bilər. Çünki yaltağın tək işi bir ömür özünü bu an üçün hazırlamaqdı.

Kaş ki, vəzifəli şəxslər yaltaq ordusu yaratmaq əvəzinə, beləsinin buynuzunu görə bilmək kimi iti gözə, möhkəm hafizəyə malik olaydılar. Kaş ki, beləsinə "sənin buynuzun var, məndən də, ətrafımdan da uzaq dur" deyə biləydilər. Kaş ki, Mustafa Güliyev məntiqinin "buynuzu" ilə yaltaqları buynuzlayıb meydandan çıxara biləcək güc sahibi olaydılar.

Kaş ki...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31