Dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb
İyulun 5-də Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmuş bir nəfər sərhəd pozucusu aşkar edilmişdir.
5 İyul 2017 12:39 Sosialİyulun 5-də Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmuş bir nəfər sərhəd pozucusu aşkar edilmişdir. Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən "Olaylar"a verilən məlumata görə, təqib olunan sərhəd pozucusu sərhəd naryadının "dayan" çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq geriyə qaçmağa cəhd göstərmişdir. Havanın qaranlıq və ərazinin mürəkkəb relyefi malik olması səbəbindən sərhəd pozucusunun müqabil tərəfə keçməsinin qarşısını almaq məqsədilə sərhəd naryadının Dövlət Sərhədi haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq silah tətbiq etməsi nəticəsində sərhəd pozucusu yaralanmış, ilk tibbi yardımın göstərilməsinə baxmayaraq aldığı güllə yarasından vəfat etmişdir. Sərhəd pozucusunun üzərinə baxış zamanı bir ədəd gecə görmə cihazı və 2 ədəd bağlamada 8 kiloqram 800 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülmüşdür. Sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə və faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.