DSX-nin Nümunəvi Hərbi Orkestri beynəlxalq festivala qatılıb

Dövlət Sərhəd Xidmətinin təmsilçiləri Şəki şəhərində keçirilən və artıq ənənə halını almış “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalına qatılıblar.

Dövlət Sərhəd Xidmətinin təmsilçiləri Şəki şəhərində keçirilən və artıq ənənə halını almış "İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalına qatılıblar. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Olaylar"a verilən məlumata görə, xarici ölkələrin böyük musiqi kollektivlərinin iştirak etdiyi musiqi festivalı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyun ayının 27-dən iyulun 1-dək Şəki şəhərində keçirilmişdir. Yaponiya, Polşa, Macarıstan, İran İslam Respublikası, Türkiyə, Gürcüstanın musiqi və rəqs kollektivlərinin iştirakı ilə keçirilən "İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalında ilk dəfə olaraq hərbi kollektiv kimi Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri də iştirak etmişdir. Festivalda geniş konsert proqramı ilə çıxış edən Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri  tərəfindən Azərbaycan bəstəkarlarının klassik əsərləri və xarici estrada musiqiləri səsləndirilmişdir. Orkestrin ifasında xüsusilə "Koroğlu" operasından uvertüra və "Sərhədçilər" mahnısı tamaşaçıların və xarici qonaqların böyük marağına səbəb olmuş, musiqişünaslar tərəfindən yüksək qiymətləndirilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31