Azərbaycanda söz və fikir azadlığı beynəlxalq standartlar səviyyəsində təmin olunur
Azərbaycanda söz və fikir azadlığının təmin olunması məqsədilə hər cür şərait yaradılıb. Sözügedən hüquqların həyata keçirilməsi məqsədilə qanunvericilik aktları qəbul edilib, beynəlxalq sənədlər ratifikasiya edilib. Hüquqşünas Alim Hüseynli bildirib ki, hazırda Azərbaycanda öz sözünü deyə bilən, fəaliyyəti beynəlxalq standartlara cavab verən müstəqil mətbuat formalaşıb.
3 İyul 2017 16:07 SosialAzərbaycanda söz və fikir azadlığının təmin olunması məqsədilə hər cür şərait yaradılıb. Sözügedən hüquqların həyata keçirilməsi məqsədilə qanunvericilik aktları qəbul edilib, beynəlxalq sənədlər ratifikasiya edilib. Hüquqşünas Alim Hüseynli bildirib ki, hazırda Azərbaycanda öz sözünü deyə bilən, fəaliyyəti beynəlxalq standartlara cavab verən müstəqil mətbuat formalaşıb. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının böyük əksəriyyəti ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində hazırlanıb. Qüvvədə olan qanunların mütlqəq əksəriyyəti dünya dövlətləri üçün örnək hesab edilə bilər: "Ölkədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar deməyə əsas verir ki, Azərbaycan bununla kifayətlənməyərək mövcud qanunların yenilənməsində maraqlıdır. Nəzərə almaq lazımdır ki, kütləvi informasiya sahəsinin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmillşdirilməsi Azərbaycanın özünə də sərfəlidir. Belə ki, müstəqil mətbuat orqanları cəmiyyətdə azərbaycançılığın, milli-mənəvi dəyərlərin, dövlətçilik ideyalarının təbliğində, Azərbaycan vətəndaşlarında vətənpərvərlik, tolerantlıq hisslərinin formalaşmasında həlledici rol oynayır, demokratik-milli dəyərlərin və plüralizmin təşəkkülünə təsir göstərir. Eyni zamanda, mətbuat hüquqi dövlətin, vətəndaş cəmiyyətinin formalaşması, milli birliyin, dövlətçilik şüurunun və psixologiyasının möhkəmlənməsi prosesində də əhəmiyyətli rol oynayır. Azad mətbuat orqanları vasitəsilə obyektivliyə və reallığa əsaslanan həqiqətlər, dövlətin sosial-siyasi, iqtisadi, mənəvi-mədəni siyasəti, plüralist siyasi informasiya cəmiyyətə və xalqa çatdırılır. Azərbaycan KİV-də dövlətçilik və milli tariximizin, din, dil, mədəniyyət məsələləri, bu gün xaricdə və ölkəmizdə baş verən proseslər, xarici və daxili siyasətimizin əsas istiqamətləri, Qarabağ münaqişəsilə bağlı informasiyalar obyektiv təhlil edilir və xalqın mənəvi sərvətinə çevrilir. Deməli, ölkədə müstəqi mətbuat olması həm cəmiyyət, həm də hakimiyyət üçün sərfəlidir. Məlumat üçün qeyd edək ki, hazırda ölkə mətbuatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində üzərinə düşən vəzifənin öhdəsindən şərəflə gəlir. Paralel olaraq dünyanın çoxsaylı ölkələrinə səpələnmiş soydaşlarımızın vahid ideologiya ətrafında birləşmsi, xaricdəki azərbaycanlıların "çəkici bir zindana vurması" üçün müstəqil mətbuatın olması olduqca əhəmiyyətlidir. Müstəqil mətbuatın olması həm də vətəndaş cəmiyyətlərinin inkişafı, onların ideyalarının yayılması, fikir azadlığının təmin olunması baxımından zəruridir. Sirr deyil ki, demokratiyanın ayrılmaz hissəsi olan vətəndaş cəmiyyəti ideyası tarix boyu bəşəriyyətin şahidi olduğu diktatura və totalitarizm kabusunun nəticəsi və insanların azad, sərbəst yaşamaq arzusu ilə meydana gəlib. Bu gün də vətəndaş cəmiyyəti vətəndaşların cəmiyyətdə öz şəxsiyyətini sərbəst ifadə etmək, cəmiyyəti təhdid edən problemlərin həllində əl-ələ verib, birlikdə fəaliyyət göstərmək, vətəndaş təşəbbüslərini rəhbər tutmaq amalı ilə yaradılır. Sözsüz ki, dünyada mövcud olan hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir".
Onun sözlərinə görə, bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələri (KİV) formalaşmaqdadır: "Dövlət "dördüncü hakimiyyət" adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılmışdır. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılmışdır. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə senzura ləğv edilmişdir. İfadə, söz və informasiya azadlığı Azərbaycanda həyata keçirilən daxili siyasətin əsas tərkib hissəsidir və dövlət tərəfindən ardıcıl qaydada bu sahəyə mümkün dəstək göstərilir.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə şərait yaratmış və ölkədə müasir internet şəbəkəsi formalaşmışdır. Azərbaycan Prezidenti 17 fevral 2003-cü il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"sını təsdiq etmiş və bununla da qarşıdan gələn dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf istiqamətləri müəyyən olunmuşdur. Strategiya çərçivəsində "Elektron Azərbaycan - 2005-2008-ci illər" və "Elektron Azərbaycan - 2010-2012-ci illər" dövlət proqramları qəbul olunmuş və icra edilmişdir. Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 80%-ni təşkil edir. İnternet provayderinin sayı 40-a çatmışdır. Son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşmışdır ki, bu da ümumdünya orta göstəricisindən 2 dəfə yüksəkdir. Son 5 ildə internet trafikinin giriş-çıxış həcmi 40 dəfə yüksəlmiş və hazırda 200 GB-dən çoxdur. İnternet xidmətlərindən istifadə haqları region ölkələrindəki tariflərlə uyğunlaşdırılmışdır. Bölgələrdə internet istifadəçilərinin sayı 12-15 dəfə çoxalmışdır. Ucqar kəndləri də nəzərə almaqla Azərbaycanın bütün bölgələrində internetdən istifadə etmək üçün şərait yaradılmışdır. Bu gün 9 milyon əhalisi olan ölkədə 2 milyondan artıq yaxın sosial şəbəkə, o cümlədən 1.2 milyon Facebook istifadəçisi, vardır. Az. domenində qeydiyyatdan keçmiş internet saytlarının sayı 20 mini ötmüşdür. Ölkədə 300 yüzə yaxın xəbər və analitik internet saytı fəaliyyət göstərir və onların sayı durmadan artır". Hüquqşünas qeyd edib ki, Azərbaycanda elektron xidmətlərinin sayının artması vətəndaşların bu resursdan səmərəli istifadəsinə şərait yaradıb: "2011-ci il mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil etmişlər. Elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılmışdır. Nazirlər Kabinetinin 2012-ci il 22 oktyabr tarixli qərarı ilə dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin növləri 417-yə çatdırılmışdır. Bundan başqa, Azərbaycan Respublikası az sayda dövlətlərdəndir ki, burada etnik və dini azlıqların KİV-dən sərbəst faydalanmalarına heç bir məhdudiyyət qoyulmamışdır. Etnik azlıqların dillərində qəzetlər dərc edilir və ya xaricdən gətirilir. Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. Azərbaycan hökuməti bundan sonra da demokratiyanın inkişaf etdirilməsi sahəsində üzərinə düşən vəzifələri yerinə yetirmək əzmindədir".
Onun sözlərinə görə, Azərbaycan hökuməti öz vətəndaşlarımın informasiya azadlığını təmin etmək məqsədilə beynəlxalq əməkdaşlığa da önəm verir: "Azərbaycan Hökuməti Azərbaycan Respublikasında ifadə və informasiya azadlığının təmin edilməsi sahəsində beynəlxalq təşkilatlarla qarşılıqlı anlaşma və konstruktiv yanaşmaya əsaslanaraq, Avropa Şurası, BMT-nin İfadə Azadlığı üzrə Xüsusi Məruzəçisi, KİV azadlığı üzrə ATƏT nümayəndəsinin Ofisi və digər qurumlarla əməkdaşlığı davam etdirməyə hazırdır. Beynəlxalq təşkilatlar tərəfindən jurnalistlərin peşəkarlığının yüksəldilməsinə yardım, jurnalistika sahəsində özünütənzimləməyə dəstək, o cümlədən media strukturlarına köməklik, eləcə də ifadə və informasiya azadlığı sahələrində Avropa standartlarının tətbiqi istiqamətində məlumatlılıq səviyyəsinin artırılması Azərbaycan Hökuməti tərəfindən yüksək dəyərləndirilir. Məhz belə əməkdaşlığın nəticəsidir ki, Azərbaycanda fiziki və hüquqi şəxslər istədikləri məlumatı əldə etmək hüququna malikdirlər. Üstəlik əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallardan başqa, informasiya əldə etmək hüququndan maneəsiz, sərbəst və bərabər şərtlərlə istifadə edə bilərlər. Bu isə Azərbaycanda söz və fikir azadlığını təmin edən elementlərdən hesab olunur.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir