Azərbaycanın diplomatik uğurları
Azərbaycan torpaqlarının mənimsənilməsi, işğal edilməsi məqsədilə yaradılmış Dağlıq Qarabağ probleminin meydana çıxmasından 30 ilə yaxın bir vaxt keçir. 1988-ci ildən etibarən keçmiş SSRİ-nin məkirli planı əsasında yaradılan Dağlıq Qarabağ problemi əslində iki məqsədə xidmət edirdi. Birincisi, keçmiş ittifaq rəhbərliyi "parçala, hökmranlıq et" prinsipinə əsaslanaraq müxtəlif regional münaqişələr yaratmaqla diqqəti ölkənin əsas problemlərindən yayındırmağa çalışırdı. Burada başlıca məqsəd müttəfiq respublikalarda müşahidə edilən milli azadlıq hərəkatının genişlənməsinin qarşısını almaq idi. İkincisi, Kreml I Pyoturdan üzü bəri gələn siyasəti davam etdirir və ermənilərin işğalçılıq siyasətinə dəstək verməklə onların yeni-yeni ərazilər zəbt etməsinə şərait yaradırdı.
3 İyul 2017 14:37 SosialVə Dağlıq Qarabağ probleminə olan ikili yanaşma
Azərbaycan torpaqlarının mənimsənilməsi, işğal edilməsi məqsədilə yaradılmış Dağlıq Qarabağ probleminin meydana çıxmasından 30 ilə yaxın bir vaxt keçir. 1988-ci ildən etibarən keçmiş SSRİ-nin məkirli planı əsasında yaradılan Dağlıq Qarabağ problemi əslində iki məqsədə xidmət edirdi. Birincisi, keçmiş ittifaq rəhbərliyi "parçala, hökmranlıq et" prinsipinə əsaslanaraq müxtəlif regional münaqişələr yaratmaqla diqqəti ölkənin əsas problemlərindən yayındırmağa çalışırdı. Burada başlıca məqsəd müttəfiq respublikalarda müşahidə edilən milli azadlıq hərəkatının genişlənməsinin qarşısını almaq idi. İkincisi, Kreml I Pyoturdan üzü bəri gələn siyasəti davam etdirir və ermənilərin işğalçılıq siyasətinə dəstək verməklə onların yeni-yeni ərazilər zəbt etməsinə şərait yaradırdı.
Dağlıq Qarabağ problemi üçün qurulan plan
Günümüzdə bir çoxları, xüsusilə yetişməkdə olan gənc nəsil Dağlıq Qarabağ probleminin 1988-ci ildən etibarən meydana çıxdığı qənaətində olsa da, əslində bu münaqişənin kökü çox əvvələ, XIX əsrə gedib çıxır. 1988-ci ildən alovlanan Qarabağ probleminin təməlinin məhz XIX əsrdən qoyulduğunu da söyləmək doğru olar.
Tarixə nəzər yetirdikdə aydın olur ki, XIX əsrdə Şərqi Avropada, eləcə də Rusiyada cərəyan edən hadisələr, Rusiya-Türkiyə, Rusiya-İran müharibələri bu ölkənin regionda mövqelərinin zəifləməsinə gətirib çıxarırdı. Şimal qonşumuzun cənub sərhəddində müsəlman və türk dövlətlərinin mövcudluğu da Rusiyanın narahatçılığını birə-beş artırırdı. Bütün bunlar isə Rusiyanın regionla bağlı gələcək planlarını təhlükə altına qoyurdu. Ona görə də Rusiya çıxış yolu kimi Azərbaycanda ermənilərin məskunlaşdırılmasına üstünlük verdi və bu prosesə başladı. Nəticə etibarilə Gülüstan və Türkmənçay müqavilələrinin bağlanmasından sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi kütləvi hal aldı. Bu illər ərzində təkcə Türkiyədən 86 min, İrandan isə 40 min erməni indiki Ermənistanın ərazisi olan Qərbi Azərbaycan torpaqlarına köçürüldü. Ermənilər əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirildi. Artıq XX əsrin əvvəllərində Azərbaycan ərazilərinin böyük bir hissəsi ermənilərin tabeliyinə keçmişdi ki, bu da Rusiyanın hazırladığı ssenarinin, Dağlıq Qarabağ probleminin yaradılması üçün əlverişli idi.
Beləliklə, Rusiyanın dəstəyinə arxalanan, onun yardımını alan ermənilər 1988-ci ildə Azərbaycana qarşı düşmənçilik siyasətini açıq müstəvidə həyata keçirməyə başladılar. Qarabağda iki azərbaycanlının qətli, Topxana meşəsinin məhv edilməsi ilə qızışan və sonradan hərbi əməliyyatlar müstəvisinə keçən münaqişə Dağlıq Qarabağ probleminin nə qədər ciddi olduğunu bir daha ortaya qoydu. Bir-birinin ardınca işğal olunan kəndlər, rayonlar Qarabağın qarış-qarış itirilməsinə gətirib çıxarırdı. 1992-ci ildə Xocalıda həyata keçirilən dəhşətli soyqırım aktı və şəhərin işğal edilməsi, sonradan isə Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli və Zəngilanın düşmən işğalına məruz qalması məhz ermənilərin zamanında Azərbaycan ərazilərində məskunlaşdırılması, eləcə də Rusiyanın onlara verdiyi dəstəyin məntiqi nəticəsi idi. Cəbhədə gərgin döyüşlərin getməsi, şəhər və rayonlarımızın bir-birinin ardınca işğal edilməsi Bakıda hakimiyyət uğrunda mübarizənin getdiyi və ölkədə siyasi böhranın mövcud olduğu bir dövrə təsadüf edirdi. Artıq ölkə vətəndaş müharibəsi astanasında idi və siyasi böhran getdikcə dərinləşirdi. Yaranmış vəziyyətdən isə ölkəni yalnız zəngin siyasi təcrübəyə malik bir şəxs çıxara bilərdi ki, o da ümummilli lider Heydər Əliyev idi. Beləliklə, xalqın böyük əksəriyyətinin təkidli tələblərindən sonra Heydər Əliyev Bakıya dəvət olundu. Ölkəni gözləyən real vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılmasına nail olan Heydər Əliyev ictimai-siyasi sabitlik yaradılmasını da təmin etdi. Məhz onun müdrik fəaliyyəti nəticəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Beləliklə, Heydər Əliyevin hakimiyyətə gəlişi vəziyyəti kökündən dəyişdi və cəmi bir neçə aydan sonra ölkədə güclü hakimiyyət formalaşmağa başladı. Buna qədər isə Azərbaycan Qarabağ problemi səbəbindən bir çox böyük itkilərə məruz qalmışdı. Ümumiyyətlə, münaqişə nəticəsində ərazilərimizin 20 faizindən çoxu işğal edildi, 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Həmçinin 18 mindən çox azərbaycanlı həyatını itirdi, 20 mindən çox insan yaralandı, 50 min nəfərdən çox insan isə əlil oldu. 4 mindən çox sənaye və kənd təsərrüfatı müəssisəsi, 660 məktəb və uşaq bağçası, 250 xəstəxana və tibb müəssisəsi, 724 şəhər, kənd və qəsəbə qarət edildi, yandırıldı və dağıdıldı.
Erməni yalanlarını ifşa edən uğurlu diplomatik fəaliyyət
Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra cəbhə xəttində qazanılmış uğurlar diplomatik müstəvidə də yeni nailiyyətlərlə əvəz olundu. Azərbaycan Silahlı Qüvvələrinin Horadiz istiqamətində erməni ordusunun mövqelərinə əhəmiyyətli zərbə endirməsi, nəticədə işğal olunmuş 20-dən çox kəndin azad olunması Azərbaycan ordusunun Qarabağ müharibəsi dövründə qazandığı ən böyük qələbə idi. Azərbaycanın hərbi sahədə əldə etdiyi uğurlar düşməni işğalçılıq planlarını davam etdirmək arzusundan çəkindirdi və 1994-cü ilin mayında Ermənistan dövlət başçısı atəşkəs haqqında sazişin imzalanmasına razılıq verməli oldu. Paralel olaraq ümummilli lider beynəlxalq müstəvidə təbliğatın düzgün qurulmasına və beləliklə də dünya dövlətlərinin diqqətini işğal faktına yönəltməyə başladı. Ancaq etiraf edək ki, bu heç də asan başa gələn bir proses deyildi. Çünki ermənilər hələ münaqişə başlamadan öncə beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdılar. Ona görə də Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirilməsi hər zaman beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunurdu. Heç bir beynəlxalq təşkilat dünyanın gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermirdi.
Beynəlxalq təşkilatlarla qurulan uğurlu əməkdaşlıq
Beləliklə, ümummilli lider zəngin siyasi təcrübəsi, dünyada olan nüfuzu və uğurlu diplomatik gedişi ilə beynəlxalq təşkilatların diqqətini Dağlıq Qarabağ probleminə yönəltməyə nail oldu. İlkin mərhələdə ümummilli lider problemin BMT-nin əsas diqqət mərkəzində olmasına çalışırdı və erməni lobbisinin bütün cəhdlərinə baxmayaraq sözügedən təşkilatda aparılan müzakirələrdə Dağlıq Qarabağın Azərbaycana mənsubluğu "BMT və ATƏT arasında əməkdaşlıq" qətnaməsində öz əksini tapdı. BMT-nin Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi məlum 4 qətnamə də məhz bu uğurlu əməkdaşlığın məniqi nəticəsi idi.
Rəsmi Bakının, daha dəqiq desək prezident Heydər Əliyevin Azərbaycanın xarici siyasət kursunda, Avropaya inteqrasiyada diqqət yetirdiyi məsələlərdən biri də Avropa Şurası ilə əməkdaşlığa nail olmaq idi ki, ümummilli lider qısa zaman ərzində bu məqsədə də nail oldu. Nəticə etibarilə, həmin dövrdə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri olan İlham Əliyevin gərgin əməyi sayəsində qurum Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamə qəbul etdi, Avropa Şurasının mühüm sənədlərində Azərbaycanın ərazi bütövlüyünün tanındığı öz əksini tapdı.
Uğurlu diplimatik fəaliyyətin məntiqi nəticəsi
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu xarici siyasət kursu və Dağlıq Qarabağ probleminin dünya birliyi, beynəlxalq təşkilatların diqqətinə çatdırılması prosesi, problemin ədalətli həllinə nail olunması istiqamətindəki fəaliyyət hazırda cənab prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu mənada Azərbaycan-BMT münasibətlərinin inkişaf etdirilməsi prezident İlham Əliyevin də xarici siyasət kursunda əsas prioritet təşkil edir. Təşkilatın Baş Məclisində Azərbaycanın Ermənistan tərəfindən işğal olumuş torpaqlarında vəziyyətlə bağlı qətnamənin qəbul olunmasını da rəsmi Bakı ilə BMT arasında uğurlu əməkdaşlığın və münaqişənin beynəlxalq təşkilatların diqqətinə çatdırılması istiqamətindəki fəaliyyətin məntiqi nəticəsi hesab etmək olar. Rəsmi Bakı paralel olaraq digər beynəlxalq təşkilatlarla da uğurlu əməkdaşlıq edərək həmin təşkilat və qurumlarda Dağlıq Qarabağ probleminin müzakirəsi, onun ədalətli həll olunmasına dair müvafiq sənədlərin qəbul edilməsinə çalışır, buna nail olur. Bu mənada bir neçə il əvvəl NATO-nun Lissabonda keçirilən sammitində Hərbi Alyansın qəbul etdiyi qətnamədə Cənubi Qafqazdakı münaqişələrin həllində ərazi bütövlüyü prinsipinin əsas götürülməsi də məhz münaqişənin beynəlxalq təşkilatların diqqətinə çatdırılması istiqamətində Azərbaycanın uğurlu fəaliyyətinin bir hissəsidir.
Günümüzdə də Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti həm diplomatik, həm də hərbi sahədə uğurlar əldə edir, nailiyyətlər qazanır. Son illər ərzində beynəlxalq təşkilatlarda əldə edilən diplomatik üstünlüklər və Aprel qələbəsi bunların əyani sübutudur. Məlum olduğu kimi keçən ilin aprel ayında ermənilər cəbhə xəttində yenidən təxribata əl ataraq işğalçılıq planlarının yeni bir mərhələsini həyata keçirmək niyyətinə düşdülər. Lakin Azərbaycan Silahlı Qüvvələrinin əks və sarsıdıcı zərbəsi, qısa müddət ərzində uzun illər işğal altında olan bir neçə strateji əhəmiyyətli yüksəkliklərin düşməndən azad olunması və erməni tərəfinin verdiyi xeyli sayda itgi İrəvanı 1994-cü ildə olduğu kimi yenidən atəşkəs yalvarışı etməyə məcbur qoydu. Beləliklə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra ikinci tarixi qələbəsini qazanaraq işğalçı ölkəyə nəyə qadir olduğunu bir daha sübut etdi. Strateji əhəmiyyətə malik Lələ Təpə yüksəkliyinin işğalçılardan azad edilməsi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində əhalinin təhlükəsiz yaşaması üçün şərait və imkan yaratdı. Uzun illərdən sonra Azərbaycan Ordusunun tarixi qələbəyə imza atması, bir ildən az bir müddətində Cocuq Mərcanlı kəndində infrastrukturun yaradılması, yaşayış evləri, məktəb və digər zəruri binaların tikilməsi, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə kənddə olması həm Azərbaycan xalqında vətənpərvərlik hissini birə beş artırmış oldu, həm də erməni işğalı altında olan digər şəhər və rayonlarımızın da Ali Baş Komandanın rəhbərliyi altında tezliklə işğaldan azad ediləcəyinə əminlik yaratdı. Belə bir əminliyi isə Azərbaycanın gücü, qüdrəti və hərbi potensialı yaradır.
Cənab Prezident İlham Əliyevin dediyi kimi "Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Bizim səbrimiz tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa olsun, azad edəcəkdir".
Süleyman İsmayılbəyli
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"